15 may 2025, cümə axşamı Bakı, 19°C
IMG-LOGO

Dəqiqlik, qənaət və dayanıqlılıq – süni intellektin uğurlu nəticələri

14-05-2025
IMG

Görmədiyimiz göz, duymadığımız səs, amma hər şeyi izləyən, ölçən, analiz edən bir sistem. Bu, süni intellekdir. İndi o, sənayenin içindədir. Dünyada yüzlərlə müəssisə artıq süni intellekt əsaslı idarəetməyə keçib. Məqsəd dəqiqlik, qənaət və dayanıqlılıqdır.

Fhnews.az xəbər verir ki, süni intellektin istehsalatda uğurlu nəticələri artıq SOCAR-ın Karbamid Zavodunda özünü göstərib. Belə ki, zavod süni intellektin tətbiqi nəticəsində 13 milyon dollar əlavə dəyər qazanıb.

Enerji məsələləri üzrə ekspert İham Şaban deyir ki, kimyəvi proseslərin emalı nəticəsində yüksəkkeyfiyyətli gübrələr əldə edilir. Bu zaman təkcə 7 milyon kubmetr qaza qənaət olunur. “Digər tərəfdən, 70 min ton suya qənaət edilir. Yəni, indiki dövrdə bunun önəmi hamı üçün aydındır. Həmçinin AL texnologiyası sayəsində rəqibləri ilə müqayisədə daha rəqabətədavamlı məhsul əldə etmək olur”, - deyə o əlavə edib.

Süni intellekt yalnız əməliyyatları sadələşdirmir – düşünür, öyrənir və nəticə çıxarır. Bu, artıq kod deyil, qərar verən bir texnologiyadır. Beynəlxalq statistikaya əsasən, istehsalat prosesində süni intellektin tətbiqi müəssisələrin məhsuldarlığını 10-12 faiz artırır.

İnformasiya texnologiyaları üzrə ekspert Fərhad Mirəliyevin də bu barədə fikirlərini öyrənmişik. Onun sözlərinə görə, süni intellekt əsaslı həllər həm vizual müşahidə apara bilir, həm də müxtəlif sensorlar vasitəsilə avadanlıqların fiziki vəziyyətini monitorinq edir və daim qiymətləndirir: “Hər hansı bir nöqsan, aşınma və yaxud da xidmət tələb edən avadanlıq olarsa, əvvəlcədən müvafiq şəxsə məlumat göndərir ki, bu avadanlıqda dayanma, fasilə proqnozlaşdırılır. Yəni, zamanında olunan müdaxilə həm istehsalat prosesində külli miqdarda zərərin qarşısını alır, həm də istehsalat zəncirinin davamlılığını təmin edir”.

Mütəxəssislərin fikrincə, süni intellekt prosesləri “ağıllandırır”, amma bu, insanı oyundankənar vəziyyətə salmır. Əksinə, əməyin mahiyyəti dəyişir. Operator bir düyməni basmaqdan daha çox, artıq qərar verən sistemlə dialoqa girir. İxtisas dəyişir, məsuliyyət artır və texnologiya ilə harmoniya yaranır.

Paylaş: