13 may 2025, çərşənbə axşamı Bakı, 20°C
IMG-LOGO

İTSDA: Allergiyaların diaqnostika və stasionar müalicəsi icbari tibbi sığorta hesabına həyata keçirilir

13-05-2025
IMG

Yaz fəslində allergik hallar kəskinləşir. Xüsusilə bitki tozcuğuna qarşı yaranan tənəffüs allergiyaları, dəridə səpgilər, göz və burun axıntısı daha tez-tez müşahidə olunur. Məişət və qida allergenlərinə, dərman preparatlarına qarşı allergiyalara isə hər fəsildə rast gəlinir. Allergiyaların vaxtında müəyyən edilməsi və düzgün müalicəsi pasiyentlərin həyat keyfiyyətinin yaxşılaşması baxımından olduqca vacibdir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) mətbuat xidmətindən verilən məlumata görə, icbari tibbi sığortanın xidmətlər zərfi ilə allergiyaların diaqnostika və müalicəsi üzrə geniş spektrli tibbi xidmətlər qarşılanır. Ötən il allergiyaların diaqnostika və müalicəsi ilə bağlı icbari tibbi sığorta hesabına 20 min 65 tibbi xidmət icra olunub.

Xidmətlər zərfində yer alan bu xidmətlər allergiyaların səbəblərinin dəqiq müəyyən edilməsinə və fərdi müalicə planının hazırlanmasına şərait yaradır. Allergiyanın səbəbini müəyyən etmək üçün qanda allergenə qarşı anticisimlərin təyininə əsaslanan spesifik IgE və IgG testləri aparılır. Allerqoloji panellər antibiotiklərə, qidaya, tənəffüs allergenlərinə qarşı spesifik allergiyaların müəyyən olunmasına xidmət edir.

Bu panellər arasında pediatrik variant da mövcuddur ki, bu da xüsusilə uşaqlarda tez-tez rast gəlinən allergik halların aşkarlanması üçün nəzərdə tutulub. Allergik panellərin məqsədi xəstənin allergiyasının səbəbini dəqiq müəyyən etməklə həkimlərə fərdi və effektiv müalicə planı hazırlamağa imkan verməkdir. Bu müayinələrlə yanaşı, tibbi göstərişə görə digər tələb olunan müayinələr də (qanın ümumi və biokimyəvi analizi, rentgen, ultrasəs müayinəsi və digər) icbari tibbi sığorta hesabına həyata keçirilir.

Sözügedən müayinələr təngnəfəslik, boğulma, hipotoniya (təzyiqin enməsi), ödəm, asqırma, burun tutulması, dəri reaksiyaları (qaşınma, səpgi və digər), konyuktivanın hiperemiya və ödəmi, eləcə də digər allergik şikayətlərin səbəbini dəqiq müəyyən etməyə imkan verir.

Həmçinin tibbi göstərişə əsasən allergik xəstəliklərin stasionar müalicəsi icbari tibbi sığorta hesabına həyata keçirilir.

Sığortaolunanlar bu xidmətlərdən yararlanmaq üçün ilkin olaraq ailə həkiminə və ya ixtisaslı həkimə müraciət etməlidirlər. Qeyd olunan xidmətlər - laborator və instrumental-diaqnostik müayinələr, stasionar müalicə tibbi göstəriş əsasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin müvafiq elmi-tədqiqat institutlarında icra olunur.

Allergik reaksiyalar - allergenin dəri ilə birbaşa təması, nəfəsalma zamanı tənəffüs yollarına, qida qəbulu ilə həzm sisteminə düşməsi, həşərat sancmaları və digər səbəblərdən yarana bilər. Ən çox yayılan allergenlərə heyvan tükləri, toz, qida, kosmetika, dərmanlar, bitki tozcuqları, nikotin tüstüsü və digərləri aiddir. Allergik reaksiyalara həzm problemləri, bağırsaqlarda iltihablı proseslər və qurd invaziyaları da səbəb olur. Kiçik uşaqlarda isə allergiyanın səbəbi ana südü ilə qidalanmadan imtina və süni qidalanmaya keçid ola bilər.

Paylaş: