AQTA: Azərbaycanda biotəhlükəsizliyin qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir
Azərbaycandan bir sıra ölkələrə, o cümlədən Rusiya və ABŞ-a ərzaqlıq yumurtanın ixracına başlanılıb. Akvakulturada yetişdirilən nərəkimilər cinsindən olan balıqlardan əldə olunmuş kürü məhsullarının Avropa İttifaqı ölkələrinə ixracı üçün icazənin davamlılığı təmin edilib.
Fhnews.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzov Bakıda keçirilən 30-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” və 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” sərgisində deyib.
“Bu gün dünyada baş verən qlobal iqlim dəyişiklikləri və iqtisadi-siyasi sınaqlarla qarşılaşdığımız bir dönəmdə ölkəmizdə qlobal, inkişafyönümlü tədbirlər həyata keçirilməkdədir. Kənd təsərrüfatı və qida sənayesinin yüksəlişi daxili və xarici bazarda yeni imkanların, iqtisadi-ticari əlaqələrin daha da genişlənməsi üçün münasib şərait yaradır. Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkədə insan, heyvan və bitki sağlamlığı üçün təhlükə törədən müvafiq risklərin idarə edilməsi, biotəhlükəsizliyin qorunması və təmin olunması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilməkdədir. Qida təhlükəsizliyi sisteminin hüquqi bazasının beynəlxalq təcrübəyə uyğun formalaşdırılması məqsədilə “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və həmin Qanunun icrasından irəli gələrək 15 qayda təsdiq olunmuş və uyğunlaşdırma çərçivəsində 79 sayda normativ-hüquqi akta dəyişikliklər edilib”, - deyə AQTA sədri vurğulayıb.
Q.Təhməzov bildirib ki, ötən dövr ərzində qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahədə sanitar norma və qaydaların beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə agentliyin kollegiyasının qərarı ilə 24 sayda texniki normativ-hüquqi akt qəbul edilib: “İdxal və ixrac əməliyyatları zamanı qida təhlükəsizliyinə nəzarətin operativ həyata keçirilməsi məqsədilə Qazax rayonunun Gürcüstan ilə sərhəd buraxılış məntəqəsinə yaxın ərazisində yaradılmış “Qırmızı körpü” Qida təhlükəsizliyi nəzarəti məntəqəsi lazımi bütün avadanlıqlarla təchiz edilib və fəaliyyətə başlayıb. Son illər mütərəqqi beynəlxalq təcrübəyə uyğun olaraq, respublikamızın insan və heyvan sağlamlığı üçün təhlükə törədən, habelə ətraf mühitdə bioloji təhlükəsizliyin pozulmasına səbəb olan xəstəliklərə görə sağlamlıq statusunun təsdiq edilməsi istiqamətində ciddi işlər aparılıb. Bu çərçivədə Azərbaycan 2024-cü ildə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən xırdabuynuzlu heyvanların taunu və yüksək patogen quş qripi xəstəliyindən azad ölkə kimi tanınıb, eyni zamanda, əvvəlki illərdə əldə edilmiş atların “afrika xəstəliyi” və donuzların “afrika taunu” xəstəliyindən azad olma statusu qorunub saxlanılır. Əldə edilən bütün bu nailiyyətlər, ölkədə bioloji təhlükəsizliyin təmin olunması istiqamətində aparılan məqsədyönlü tədbirlər, dünyada mövcud olan bir sıra heyvan xəstəliklərindən azad statusların əldə edilməsi, beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi və yeni əlaqələrin qurulması ölkəmizdə istehsal olunan bir sıra qida məhsullarının ixrac potensialı üçün münbit şərait yaradır. İnanıram ki, qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən tərəflərin iştirak etdiyi bu beynəlxalq tədbirdə qida sahəsində məhsul və xidmətlərin nümayiş etdirilməsi yeni işgüzar əlaqələrin qurulmasına və genişləndirilməsinə böyük töhfə verəcək”.
FHN-in regional mərkəzlərində silsilə...
Fövqəladə Hallar Nazirliyi tərəfindən...
FHN-in regional mərkəzlərində...
FHN-in təşkilatçılığı ilə Xətai...
FHN tərəfindən “Yaz-yay fəsillərində sel...