AMEA “Springer Nature” nəşriyyatı ilə əməkdaşlıq əlaqələri qurur
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli “Springer Nature” nəşriyyatının genişləndirilmiş Şərqi Avropa üzrə vitse-prezidenti Aliaksandr Birukou ilə görüşüb.
Bu barədə AMEA-dan bildirilib. Görüşdə çıxış edən akademik İsa Həbibbəyli bu il Azərbaycan Milli Elmlər Akademiyasının yaranmasının 80 illiyinin tamam olduğunu bildirib. O, AMEA-nın ötən müddət ərzində ölkəmizin inkişafında, elmin cəmiyyətin bir parçasına çevrilməsində mühüm rol oynadığını söyləyib. Azərbaycan elmində həyata keçirilən islahatlar barədə qonağa məlumat verən akademik İsa Həbibbəyli bu gün AMEA-da humanitar və ictimai elmlər, eləcə də seysmologiya istiqamətində tədqiqatların aparıldığını söyləyib.
Akademik İsa Həbibbəyli qeyd edib ki, son illərdə Azərbaycan elminin beynəlxalq elmi mühitdə daha fəal şəkildə təmsil olunması prioritet istiqamətlərdən biridir və “Springer Nature” nəşriyyatı ilə əməkdaşlıq bu sahədə fəaliyyətə mühüm töhfə verə bilər. AMEA rəhbəri xüsusilə alimlərimizin monoqrafiya və elmi məqalələrinin “Springer Nature” kimi nüfuzlu nəşriyyatda çapının Azərbaycan elminin dünyada nüfuzunun artması, elmi tədqiqatlarımıza istinadların çoxalması baxımından faydalı olacağını vurğulayıb.
İsa Həbibbəyli elmi məqalələrlə yanaşı, AMEA-nı tanıtdıracaq elmi-populyar kitabın və dahi Azərbaycan şairi Nizami Gəncəviyə dair monoqrafiyanın “Springer Nature” nəşriyyatında çapına dair fikir mübadiləsi aparıb.
Aliaksandr Birukou isə təmsil etdiyi qurum barədə məlumat verib. Qeyd edib ki, nəşriyyat tərəfindən açıq giriş (Open Access) imkanları ilə həm müəlliflərin, həm də oxucuların məqalələrə, nəşrlərə əlçatanlığına şərait yaradılır və elmin cəmiyyətdə nüfuzunu qoruması təmin edilir. O, həmçinin nəşriyyatın imkanları, jurnallara məqalələrin qəbulu və monoqrafiyaların çapına dair tələblər barədə bir sıra vacib məqamları diqqətə çatdırıb.
Görüşdə humanitar və ictimai elmlər sahəsində birgə fəaliyyət imkanlarına dair geniş müzakirələr aparılıb.
Sonra qonağa hədiyyələr təqdim olunub.
Daha sonra “Springer Nature” nəşriyyatının rəsmisi AMEA-nın Rəyasət Heyətinin binası ilə tanış olub.
UNEC-də Beynəlxalq Türk Dünyası İqtisad...
Ali təhsil müəssisələrinə qəbul olmaq...
Şərqşünas alimlər Kiyevdə keçirilən...
AMEA “Springer Nature” nəşriyyatı ilə...
AMEA ilə Türk Mədəniyyəti və İrsi Fondu...