15 may 2025, cümə axşamı Bakı, 18°C
IMG-LOGO

BEA: Bu il dünyada satılan hər dördüncü avtomobil elektrik mühərrikli olacaq

14-05-2025
IMG

2025-ci ilin sonunadək bütün dünyada elektrokar satışları 25 faiz artacaq və satılan hər dördüncü avtomobil elektrik mühərrikli olacaq.

Fhnews.az xəbər verir ki, bu barədə proqnoz Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatında yer alıb.

“2024-cü ildə müşahidə edilən artım tempi davam etsə, cari ilin sonunadək dünyada satılan elektrokarların sayının 25 faiz artacağı gözlənilir. 2025-ci ildə satılan hər dörd avtomobildən biri elektrik mühərrikli olacaq. Nəticədə elektrokarların satışı dünya miqyasında pik həddə - 20 milyon ədədə çatacaq”, - deyə proqnozda bildirilir.

Bu ilin ilk rübündə bütün dünyada 4 milyondan çox elektrik avtomobili satılıb ki, bu da 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 35 faiz çoxdur. “Cari ilin ilk üç ayında 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 milyon ədəd çox elektrik avtomobili satılıb. Satışların təxminən 60 faizi Çində həyata keçirilib”, – deyə sənəddə qeyd olunub.

Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, 2024-cü ildə elektrikli avtomobillərin satışı 25 faiz artaraq 17 milyon ədədi ötüb. Bu, öncəki illə müqayisədə 3,5 milyon ədəd çoxdur.

Eyni zamanda, 2024-cü ildə Çin bazarında elektriklə işləyən avtomobillərin satışı 40 faiz artıb. Əgər 2021-ci ildə satılan elektrik avtomobillərinin yarısı Çinin payına düşürdüsə, 2024-cü ildə bu göstərici demək olar ki, üçdə ikiyə yüksəlib. Ötən ilin iyul ayından etibarən ölkədə elektrokarların aylıq satışı adi avtomobillərin satışını üstələyib.

Paylaş: