Bu gün Beynəlxalq İqlim Günüdür
Mayın 15-i dünyada Beynəlxalq İqlim Günü qeyd edilir. Həmin ekoloji bayramın təsis edilməsi meteoroloqların iqlimi indiki və gələcək nəsillərin rifahına təsir edən mühüm resurs kimi qorumaq çağırışına cavab idi.
İqlimin qorunması bu gün bəşəriyyətin üzləşdiyi qlobal problemlərdən biridir. Qlobal istiləşmə, təbii fəlakətlər, planetdə hava şəraitinin dəyişməsi Yer kürəsinin iqliminin pisləşməsinə gətirib çıxarır və nəticədə insanların qida, həyat və əmlak təhlükəsizliyinə, təbii ehtiyatların vəziyyətinə və dövlətlərin tarazlı inkişafına acınacaqlı təsir göstərir.
Son 35 ildə planetdə iqlim dəyişikliyi kəskin surətdə sürətlənib
Təkcə son 35 ildə planetdə iqlim dəyişikliyi kəskin surətdə sürətlənib və demək olar ki, hər il yeni temperatur rekordları müəyyən edilir.
Müasir elm Yer kürəsində temperatur yüksəlməyə davam edərsə, fəlakətli iqlim dəyişikliyinin nə qədər tez baş verəcəyi sualına cavab verə bilmir. Lakin ekoloqların və meteoroloqların fikrincə, bəşəriyyət bu dəyişiklikləri gecikdirməyə kifayət qədər qadirdir. Planetdə geridönməz iqlim dəyişikliyinə səbəb olan əsas problemlər sırasında atmosferdə istixana qazlarının konsentrasiyasının artmasıdır. Həmin fenomen ilk dəfə qlobal səviyyədə 1992-ci ildə Rio-de-Janeyroda keçirilən qondarma Yer Sammitində müzakirə edilib. 180-dən çox ölkənin nümayəndələri BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasını (UNFCCC) imzalayıblar. Bu saziş atmosferdəki istixana qazlarının qlobal antropogen təsir vasitəsilə Yerin iqlim sisteminə təhlükə yaratmayan səviyyədə sabitləşdirilməsinə yönəlmiş dövlətlərin fəaliyyətlərinin ümumi prinsiplərini müəyyən edirdi.
1997-ci ilin sonunda, Kiotoda (Yaponiya) keçirilən UNFCCC tərəflərinin üçüncü konfransında Konvensiyaya əlavə olaraq, hazırda məşhur olan Kioto Protokolu qəbul edildi - inkişaf etmiş ölkələri və keçid iqtisadiyyatı olan ölkələri 2008-2012-ci illərlə müqayisədə istixana qazlarının emissiyalarını azaltmaq və ya sabitləşdirmək öhdəliyi qoyan beynəlxalq sənəd. On il sonra, 2007-ci ilin dekabrında İndoneziyanın Bali şəhərində BMT-nin iqlim dəyişikliyi ilə bağlı növbəti konfransı keçirildi. Onun iştirakçıları - 190-dan çox ölkənin nümayəndələri - dünya liderlərini ticarət və sənaye sektorunun karbon qazı emissiyalarını azaltması üçün lazımi tədbirlər görməyə çağıran beynəlxalq müqavilə imzaladılar.
Yerin iqliminin qorunması planetin hər bir sakinindən asılıdır. Töhfə vermək o qədər də çətin deyil. Bunun üçün siz, məsələn, avtomobilinizdən daha az istifadə edə, mənzilinizdə enerjiyə qənaət edən işıqlandırma mənbələrindən istifadə edə, ağacəkmədə iştirak edə və yaşıllıqları qoruya bilərsiniz. Bu, kiçik bir şey kimi görünə bilər... Amma planetin əhalisinin çoxaldığı bir dövrdə bu “xırda şeylər” çox böyük əhəmiyyət kəsb edir.
Bakının sərf etdiyi böyük əmək nəticəsində COP29-da mühüm nəticələrə nail olundu
Ötən ilin noyabrında Bakı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurla ev sahibliyi etdi. Təxminən iki həftə ərzində 76 mindən çox iştirakçı bu və digər şəkildə tədbirlərdə iştirak etdi. Əksər dövlətlərin liderlərinin, prezident, baş nazir və ya nazirlərinin, 2200-ə yaxın QHT-dən 10 mindən çox təmsilçinin, müxtəlif sahələri əhatə edən dünyamiqyaslı tanınmış şəxslərin Bakıda iştirakı tədbirin yüksək səviyyədə təşkil olunmasının göstəricisidir.
Bəzi dövlətlərin hökumətlərinin riyakarlığına baxmayaraq, COP29 uğurla başa çatdı. Həmin tədbirlə ölkəmiz imicini daha çox coğrafiyada genişləndirdi. Bu konfrans təkcə iqlim dəyişikliyi ilə bağlı aktual məsələlərin müzakirəsi platforması kimi yox, həm də ölkələrin haqq səslərinin eşidilməsi, onların birgə əməkdaşlıq şəbəkələri qurması baxımından da əhəmiyyətli oldu. COP29-da Azərbaycan qlobal problemlərin həllində sözdə deyil, əməldə də fəal iştirakçı olduğunu sübut etdi və ölkəmizin əksər dövlətlər tərəfindən etibarlı tərəfdaş kimi qəbul edildiyi bir daha onlar tərəfindən təsdiqləndi.
Bakıda keçirilən COP29-da uzun müzakirələrdən sonra mühüm nəticələr əldə edildi. Belə ki, gecə saatlarında COP29-un yekun plenar iclasında 2035-ci ilə qədər hər il ən azı 300 milyard dollar ayırmaq öhdəliyi də daxil olmaqla, iqlim dəyişikliyi ilə mübarizə üzrə sazişin yekun variantı təsdiq edildi. Bu, əvvəlki 100 milyard dollarlıq hədəfdən əhəmiyyətli dərəcədə çoxdur. Zal razılaşmanın elanını alqışlarla qarşıladı. Danışıqlar gərgin atmosferdə keçdi və son ana qədər konsensusun əldə olunmasının mümkün olub-olmayacağı bəlli deyildi. Bir sıra ölkələr maliyyələşdirmənin daha da artırılmasına israr edirdilər, lakin sonda öhdəliyin 300 milyard dollar səviyyəsində müəyyən edilməsi qərara alındı ki, bu da iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsində mühüm addım sayıla bilər.
COP29-un yekun plenar iclasında, həmçinin Paris İqlim Sazişinin 6.2 və 6.4-cü maddələri təsdiq edildi, Zərər və İtkilər Fondunun tam fəaliyyətə başlaması ilə bağlı tarixi qərar qəbul edildi. Fondun məqsədi: iqlim dəyişikliyinin təsirlərinə ən həssas olan ölkələrə maliyyə yardımı göstərməkdir. O cümlədən “COP29-un gözəl təşkilinə görə Azərbaycan hökumətinə və Azərbaycan xalqına təşəkkür” adlı qətnamə layihəsi qəbul edildi. Bundan başqa, Bakıda 30 illik ziddiyyətə son qoyuldu. Belə ki, konfrans tarixində ilk dəfə Azərbaycanda keçirilmiş COP29-da əldə edilən tarixi uğur İqlim üzrə Paris sazişinin 6-cı maddəsinin tam razılaşdırılması oldu.
Sədrliyin əsas prioritetlərindən olan yüksək effektiv karbon bazarları üzrə nəticənin əldə edilməsi mühümdür. 6-cı maddədə iqlim məqsədlərinə nail olmaqda əməkdaşlıq edən ölkələr üçün möhkəm və şəffaf karbon bazarlarının yaradılması nəzərdə tutulur.
Beləcə, Azərbaycanı və bəşəriyyət qarşısında duran problemlərin həllini istəməyən qüvvələrin səylərinə baxmayaq, Bakıda keçirilən COP29 tədbirində COP tarixində ilk dəfə olaraq mühüm razılıqlar əldə edildi. Bu uğurlara, rəsmi Bakının sərf etdiyi böyük əmək nəticəsində nail olundu. Azərbaycan bu kimi tədbirləri keçirən və keçirmək istəyən dövlətlər üçün nümunə rolunu oynadı.
İşğaldan azad olunan ərazilərə köçürülən...
FHN meşələrin yanğın təhlükəsizliyinə...
FHN-in Cənub Regional Mərkəzi təlim...
“ASAN xidmət” brendi Madriddə diqqət...
Bəzi yerlərdə leysan olacaq, dolu...