16 may 2025, cümə Bakı, 16°C
IMG-LOGO

Bakıda keçirilən “Poçt Liderləri Forumu” başa çatdı

15-05-2025
IMG

Mayın 15-i paytaxt Bakının ev sahibliyi etdiyi “Poçt Liderləri Forumu”nun sonuncu günüdür.

Fhnews.az xəbər verir ki, Avropa və MDB regionundan olan 30-dan çox ölkənin 150-dən çox yüksəksəviyyəli nümayəndəsinin – milli poçt xidmətlərinin, texnologiya və e-ticarət şirkətlərinin təmsilçilərinin və ekspertlərin iştirakı ilə forumun üçüncü günündə qlobal tendensiyalara və rəqəmsal pozuntulara cavab olaraq poçt sektorunun transformasiyası mövzularında müzakirələr aparılıb.

MDB ölkələri üzrə Regional Rabitə Birliyinin baş direktoru Aleksey Borodin belə mötəbər bir tədbirin ölkəmizdə keçirilməsi ilə bağlı öz fikirlərini bölüşüb: “Azərpoçt” həmişə regionun ən qabaqcıl və inkişaf etmiş müəssisələrindən biri olub. Biz bilirik ki, bir çox müasir xidmətlər tətbiq olunur və dövlət səviyyəsində maliyyə və rəqəmsal xidmətlər də istifadəyə verilib. Əlbəttə, Azərbaycan coğrafi mövqeyinə görə mühüm logistik mərkəzlərdən və marşrutlardan biri kimi çıxış edir. Düşünürəm ki, məhz Azərbaycanın bu coğrafi mövqeyi, əlverişli logistik xüsusiyyətləri və tətbiq edilən innovativ xidmətlər regionumuzda inkişaf üçün əsas çıxış nöqtələrindən biridir. Bu, təkcə alternativ marşrutların formalaşmasına deyil, əlavə marşrutların yaranmasına da töhfə verəcək. Biz bilirik ki, daşımaların, poçt göndərişlərinin və rəqəmsal maliyyə xidmətlərinin həcmi artır. Dövlətlər arasında pulköçürmələrinin də artması müşahidə olunur. Hesab edirik ki, məhz bu iki amil – Azərbaycanın coğrafi yerləşməsi və müasir infrastrukturu regionda əlavə inkişaf nöqtələrinin formalaşmasında mühüm rol oynayır. Bu da nəinki Azərbaycanın iqtisadi potensialını artıracaq, eyni zamanda, regionun cəlbediciliyini logistika marşrutları və rəqəmsal maliyyə xidmətləri baxımından da yüksəldəcək”.

Xatırladaq ki, Ümumdünya Poçt İttifaqının təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin tərkibində fəaliyyət göstərən “Azərpoçt”un dəstəyi ilə “Poçt Liderləri Forumu” mayın 13-15-də Bakıda keçirilib.

Paylaş: