Mütəxəssis: Mövsümi virusların müalicəsində antibiotiklərin istifadəsi yanlış yanaşmadır
Mövsümi xarakter daşıyan qrip virusundan qorunmaq üçün insanların sıx olduğu qapalı məkanlarda və ictimai nəqliyyatda tibbi maskalardan düzgün istifadə etmək, otaqları tez-tez havalandırmaq, əl və tənəffüs gigiyenasına riayət etmək vacibdir.
Fhnews.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabındakı canlı yayım zamanı nazirliyin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev açıqlayıb.
Xəstəliklərlə mübarizə aparmaq üçün güclü immun sisteminin vacib olduğunu xatırladan mütəxəssis-ekspert deyib: “Güclü immun sistemi sağlam qidalanmaqdan, aktiv həyat tərzindən, stresin düzgün idarə olunmasından və keyfiyyətli yuxudan asılıdır. Eyni zamanda, bir çox infeksion xəstəlikdə olduğu kimi qripdən qorunmağın ən effektiv yolu qrip əleyhinə vurulan peyvəndlərdir. Qrip virusu daha tez mutasiyaya məruz qaldığı üçün Ümumdünya Səhiyyə Təşkilatı hər il ən sonuncu qrip ştamına uyğun vaksin istehsal edir. Ona görə də, ildə bir dəfə peyvəndlərin vurulması məsləhətdir. Bildiyimiz kimi, Səhiyyə Nazirliyi tərəfindən ölkəmizə qrip əleyhinə vaksin gətirilib. Bu vaksinlər dünya protokollarında qəbul edilmiş və təhlükəsizliyi, effektivliyi sübuta yetirilən vaksinlərdir. Respirator xəstəliklərə görə yüksək risk qrupuna aid olan səhiyyə işçilərinin, hamilə qadınların və xroniki tənəffüs sistemi xəstəlikləri olan 6 aylıqdan yuxarı əhalinin qış mövsümündə qripə qarşı peyvənd olunması xüsusilə vacibdir. Vətəndaşlarımız rahat şəkildə öz poliklinikalarına gedib bu vaksini vurdura bilərlər”.
Z.Quliyev qeyd edib ki, mövsümi viruslar zamanı antibiotiklərin istifadəsi çox yanlış yanaşmadır. Onun sözlərinə görə, antibiotiklər bakterial infeksiyaları müalicə etmək üçün nəzərdə tutulub və viruslara təsir etmir: “Virus infeksiyaları və ya soyuqdəymə zamanı antibiotiklərin istifadəsi yalnız faydasız deyil, həm də təhlükəli nəticələrə səbəb ola bilər. Həkim nəzarəti olmadan antibiotiklərin istifadəsi bakteriyaların bu dərmanlara qarşı müqavimət göstərməsinə səbəb olur. Nəticədə isə gələcəkdə müalicə çətinləşir. Antibiotiklər bədəndəki faydalı bakteriyaları da məhv edir. Bu isə bağırsaq pozuntularına, immun sisteminin zəifləməsinə və göbələk infeksiyalarına yol aça bilər. Həkim tövsiyəsi olmadan qəbul edilən dərmanlar xəstəliyin simptomlarını müvəqqəti azaldır, ancaq problemin əsl səbəbini gizlədə və düzgün diaqnoz qoyulmasını çətinləşdirə bilər. Dərmanların çoxu müəyyən yan təsirlər yaradır. Həkim məsləhəti olmadan qəbul edildikdə, bu təsirlərin daha da ağırlaşması mümkündür. Xüsusilə, uşaqlarda və yaşlılarda ciddi risklər yaranması mümkündür. Eyni zamanda, bəzi vətəndaşlar kağız reseptə qida əlavələrinin də yazılmasını istəyirlər. Vətəndaşlar bilməlidir ki, bioloji aktiv qida məhsulları orqanizmin gücləndirilməsi, qidanın zənginləşdirilməsi məqsədilə həkim tərəfindən tövsiyə olunur, lakin xəstəliklərin qarşısının alınması və ya müalicəsi məqsədilə təyin olunan dərman vasitələrini əvəz etmir. Bioloji aktiv qida məhsullarının reseptə yazılması qadağandır”.
Mütəxəssis-ekspert əlavə edib ki, səhiyyə sistemi inkişaf etmiş ölkələrdə və Azərbaycanda artıq elektron resept sistemindən istifadə olunur: “Bu sistem Azərbaycan səhiyyəsinin inkişafı üçün çox böyük önəm kəsb edir. Elektron resept sistemi Azərbaycanda mövcud olan dövlət və özəl tibb müəssisələrində vətəndaşlara yazılan reseptlərin elektron şəkildə qeydiyyatı və idarə olunması funksiyasını daşıyır. Ən vacibi - elektron reseptlə alınan dərmanlar dövlət qeydiyyatından keçir və keyfiyyəti yoxlanılır. Vətəndaşlar çox rahat şəkildə həkimlərdən elektron resept tələb edə bilərlər. Əgər aptek, həkim elektron reseptdən imtina edərsə, o zaman Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin “bir pəncərə” sistemi, “Qaynar Xətt”i (012 596-07-12), [email protected] elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsilə müraciət edə bilərsiniz. Bu halda araşdırılma aparılır. Qeyd edim ki, elektron reseptin istifadəsi olduqca rahatdır”.
Özünüməşğulluq proqramının zərflər...
İstehlaka yararsız bal məhsullarının...
Bakının 3 qəsəbəsinin qaz təchizatında...
Mütəxəssis: Mövsümi virusların...
Bakı Şəhər Prokurorluğu 2024-cü il üzrə...