Hüquqi Yardım Mərkəzində Moskva Gənc Vəkillər Palatasının nümayəndə heyəti ilə görüş keçirilib
Noyabrın 29-da Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) Hüquqi Yardım Mərkəzində Rusiyanın Moskva Gənc Vəkillər Palatasının rəhbəri Dmitriy Kravçenkonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Bu barədə Kollegiyanın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, görüşü açan ARVK-nın sədr müavini - Hüquqi Yardım Mərkəzinin direktoru Şahmar Məmmədov xalqlarımız arasında olan dostluq və mehriban qonşuluq münasibətlərinə toxunub, son illər Kollegiyanın fəaliyyəti, görülən işlər barədə bəhs edib.
ARVK-nın gənc hüquqşünasların vəkilliyə cəlb edilməsinə böyük önəm verdiyini deyən sədr müavini Kollegiya tərəfindən hüquqşünas tələbələrə, könüllü və təcrübəçi gənclərə daim diqqət yetirildiyini, ölkədə hüquq fakültəsinin fəaliyyət göstərdiyi bütün ali təhsil müəssisələri ilə əməkdaşlıq memorandumlarının imzalandığını, habelə Kollegiyanın dəstəyi ilə hər il təşkil edilən yay və qış hüquq məktəblərinə 300-dən çox tələbənin qatıldığını bildirib.
Eyni zamanda, Şahmar Məmmədov bu çərçivədə birgə icra edilən layihələrdən, tələbələrə və gənclər təşkilatlarına yaradılan şəraitdən, Hüquqi Yardım Mərkəzi ilə Vəkillər Kollegiyası Akademiyasında görülən işlərdən, fəaliyyət istiqamətlərindən danışıb.
Görüşdə ARVK-nın üzvü, Kollegiyanın “Gənc Vəkillər” Komitəsinin həmsədri Yunis Nəsibov ölkəmizin gənc vəkillərinin bir sıra beynəlxalq tədbirlərə qatıldığını dilə gətirib.
Həmçinin ARVK Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Gözəl Hüseynzadə ötən dövrlərdə Kollegiyada qeyd olunan istiqamətlərdə görülən işlər, aparılan islahatlar, vəkillik fəaliyyətinin nüfuzunun artırılması və bu sahədə müsbət nəticələrin əldə edilməsi barədə təqdimatla çıxış edib.
Sonra Moskva Gənc Vəkillər Palatasının rəhbəri Dmitriy Kravçenko ilk görüşdən məmnun olduqlarını deyib, Kollegiyanın bu sahədə atdığı addımları yüksək qiymətləndirdiklərini söyləyib.
Görüşün davamında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib, suallar cavablandırılıb.
Eyni zamanda, qonaqlar Mərkəzin inzibati binası və iş şəraiti ilə tanış olublar.
Görüşdən sonra qonaqlar “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun (VB) inzibati binası ilə tanış olub, VB-nin fəaliyyəti barədə ətraflı məlumatlandırılıblar.
Təyyarə qəzası nəticəsində xəsarət almış...
Aktau yaxınlığında baş verən təyyarə...
Aktauda olan Fövqəladə Hallar...
Konstitusiya Məhkəməsi Palatasının...
Türkiyənin baş konsulu: Azərbaycana və...