25 dekabr 2024, çərşənbə Bakı, 10°C
IMG-LOGO

Azərbaycanlı və macar botaniklər mikoloji tədqiqatlar barədə müzakirə aparıblar

23-12-2024
IMG

Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun direktoru professor Səyyarə İbadullayeva, Mikologiya və ibtidai bitkilər şöbəsinin müdiri, dosent Dilzarə Ağayeva, Herbari şöbəsinin müdiri dosent Pərvanə Qaraxani, Elmi katib Nigar Mürsəl qızı Macarıstanda elmi ezamiyyətdə olublar.

Bu barədə Botanika İnstitutundan məlumat verilib. Bildirilib ki, səfərin məqsədi Vakratot şəhəri Ekoloji Tədqiqat Mərkəzinin Ekologiya və Botanika İnstitutu ilə imzalanmış anlaşma memorandumuna əsasən əlaqələri genişləndirmək, təcrübə mübadiləsi aparmaq, gələcək əməkdaşlığa dair planları müzakirə etmək olub.

Ekoloji Tədqiqat Mərkəzinin Ekologiya və Botanika İnstitutunda professor S.İbadullayeva və dosent D.Ağayeva təmsil etdikləri elmi müəssisənin strukturu, botanika, mikologiya və ibtidai bitkilərin öyrənilməsi istiqamətində klassik morfoloji, müasir eksperimental yanaşmalarla aparılan işlərə dair məruzələrlə çıxış ediblər. Sonra digər xarici alimlərin çıxışları dinlənilib, mövzular ətrafında geniş müzakirələr aparılıb.

Görüş zamanı Ekoloji Tədqiqat Mərkəzinin Ekologiya və Botanika İnstitutunun direktoru professor Peter Odor elmi müəssisənin strukturu, elmi tədqiqat işləri, həmçinin əsas istiqamət olan meşə ekologiyası və meşə dinamikasına dair yerinə yetirilən 20 layihə barədə məlumat verib.

Professor S.İbadullayeva memorandum çərçivəsində görüləcək işlər barədə təkliflər səsləndirib və macar həmkarlarını 2025-ci ilin yay ayında Botanika İnstitutu tərəfindən keçiriləcək “Meşələrin tədqiqi və davamlı istifadəsi” adlı foruma dəvət edib.

Azərbaycanlı alimlər, həmçinin Botanika Bağında, Kişkunşaq Milli Parkında, Debresen Universitetində, Hortobagy Herder muzeyində də olublar.

Səfər Budapeştdə yerləşən Eötvös Lorand Universitetində çalışan professor Gabor M. Kovacs ilə birgə mikoloji tədqiqatların aparılmasına dair əməkdaşlıq üçün ilkin danışıqların aparılması ilə yekunlaşıb.

Paylaş: