26 dekabr 2024, cümə axşamı Bakı, 7°C
IMG-LOGO

Azərbaycanda elektron satınalmaların ümumi məbləği 3 dəfə artıb

25-12-2024
IMG

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən dövlət satınalmalarının təşkili zamanı büdcə xərclərinə qənaət, satınalma prosesində obyektivliyin təmin edilməsi, təkliflərin qiymətləndirilməsində şəffaflıq və qərəzsizlik prinsiplərinə əməl olunması ilə rəqabətədavamlı iqtisadiyyatın inkişafına yönələn tədbirlər davam etdirilir.

Dövlət Xidmətindən bildirilib ki, ölkədə dövlət satınalmaları sisteminin məxfi satınalmalar istisna olmaqla elektronlaşdırılması nəticəsində cari ilin yanvar-noyabr aylarında rəqabətlilik və hesabatlılığın artırılması istiqamətində müsbət nəticələr əldə olunub. Hesabat dövrü ərzində elektron satınalmaların həcmi 3 511,2 milyon manat təşkil edib. Ötən ilin müvafiq dövrü (1 267,3 milyon manat) ilə müqayisədə 3 dəfəyədək artım qeydə alınıb.

Cari il ərzində elektron satınalmalarda qənaət edilən dövlət vəsaitlərinin məbləği 559,7 milyon manat təşkil edib. Bu nəticələr dövlət vəsaitlərindən səmərəli istifadə ilə izafi xərclərə yol verilməməsi və maliyyə intizamının gücləndirilməsi hesabına əldə olunub.

Dövlət satınalmalarında nəzarət tədbirlərinin gücləndirilməsi, əlçatanlığın təmin edilməsi və bürokratik əngəllərin aradan qaldırılması ilə bazar subyektlərinin iştirak səviyyəsinin yüksəlməsinə nail olunub. Belə ki, 2024-cü ilin yanvar-noyabr aylarında dövlət satınalmalarında yekunlaşmış müsabiqələr üzrə orta iştirakçı sayı 6,5 təşkil edib.

Dövlət Xidməti müsabiqə və aşkarlıq əsasında bütün sahibkarların bərabər şərtlərlə dövlət satınalmalarında iştirakını hədəfləyən tənzimləyici tədbirlərini cari il ərzində də davam etdirib. Satınalan təşkilatlar tərəfindən müxtəlif maneələrin yaradılması ilə əlaqədar Dövlət Xidmətinə daxil olan 1270 müraciətə baxılıb. Hesabat dövründə keçirilmiş müsabiqələrin nəticələri barədə 13 477 yekun protokol təhlil olunub. Nəticədə, müsabiqə zamanı qanunvericiliyin tələblərinin pozulması halları aşkar olunan 1790 yekun protokol (13,3 faiz) Dövlət Xidməti tərəfindən ləğv edilib.

Qeyd edək ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli Sərəncamı ilə yaradılıb. Komissiyanın Əmtəə bazarının səmərəliliyi və rəqabət İşçi qrupuna rəhbərliyi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti həyata keçirir.

Paylaş: