25 dekabr 2024, çərşənbə Bakı, 10°C
IMG-LOGO

İnternet mühitində marketinq fəaliyyətinin səmərəliliyinin artırılması üçün metod və alqoritmlər işlənilib

24-12-2024
IMG

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirilib.

İnstitutdan bildirilib ki, elmi seminar institutun baş mütəxəssisi Kəmalə Həşimova “İnternet mühitində reklam və marketinq fəaliyyətinin səmərəliliyinin artırılması üçün metod və alqoritmlərin işlənilməsi” mövzusunda tədqiqatını təqdim edib. O bildirib ki, tədqiqatın məqsədi internet mühitində reklam və marketinq fəaliyyətinin səmərəliliyinin artırılması, müştəri məmnunluğunun əldə edilməsi üçün metod və alqoritmlərin işlənilməsidir.

Mövzunun aktuallığından bəhs edən məruzəçi qeyd edib ki, informasiya texnologiyalarının sürətli inkişafı ilə vətəndaşların internet xidmətlərindən istifadəsinin artması virtual məkanda reklam və marketinq fəaliyyətinin genişlənməsinə səbəb olub. Onun sözlərinə görə, dissertasiya işi çərçivəsində internet reklamının inkişaf perspektivləri, xüsusiyyətləri və imkanları araşdırılıb, mövcud problemlər müəyyənləşdirilib. Həmçinin internet mühitində reklam və marketinq məsələlərinin səmərəli həlli üçün müştəri rəyləri əsasında veb-saytların qiymətləndirilməsi alqoritmi, effektivlik göstəricilərinin sayının azaldılması metodu, internet reklam kampaniyasının effektivliyinin dinamik dəyişməsi modeli, eləcə də e-kommersiya mühitində müştəri maraqlarının proqnozlaşdırılmasında tövsiyə sistemi üçün alqoritm işlənilib. Əldə olunan elmi nəticələrin yoxlanması məqsədilə eksperimentlər aparılıb.

Qeyd edək ki, “İnternet mühitində reklam və marketinq fəaliyyətinin səmərəliliyinin artırılması üçün metod və alqoritmlərin işlənilməsi” mövzusu institutun baş mütəxəssisi Kəmalə Həşimovanın texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyasıdır.

Sonra dissertasiya işinə dair təyin olunmuş elmi rəhbər – AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edib. Akademik bu gün reklam və marketinq siyasətinin ən son texnologiyalardan istifadə etməklə qurulmasının vacibliyinə toxunaraq, internet vasitəsilə həyata keçirilən alqı-satqı əməliyyatlarının, onlayn ticarətlə bağlı məlumatların emal edilməsi nəticəsində əldə olunan vacib biliklərin rəqəmsal iqtisadiyyatın səmərəliliyinin artırılmasına təsiri ilə bağlı təklif və tövsiyələrini səsləndirib.

Akademik R. Əliquliyev istənilən biznes təşəbbüsünün əsasını təşkil edən rəqəmsal marketinqin düzgün qurulmasının internet mühitində bu və ya digər məhsulun reytinqini müəyyənləşdirmək, ona olan tələb-təklifi qiymətləndirmək baxımından vacib amillərdən olduğunu diqqətə çatdırıb. Alim internetdə reklamla əlaqədar verilənlərdə manipulyativ texnologiyalardan istifadə olunmasının iqtisadi informasiya təhlükəsizliyinin təmin olunması problemlərini də aktuallaşdırdığını əlavə edib.

Elmi rəhbər tədqiqat işinin müasir dövrdə aktuallıq kəsb edən elmi problemlərə həsr olunduğunu qeyd edərək, internet mühitində reklam və marketinq işlərinin yüksək səviyyədə təşkili üçün ən son metod, model və texnologiyalardan istifadə olunmasının vacibliyini vurğulayıb. Akademik R. Əliquliyev tədqiqat işində onlayn ticarətin səmərəliliyinin artırılması, biznes işinin yüksək səviyyədə təşkili ilə bağlı mühüm məsələlərin öz əksini tapdığını diqqətə çatdırıb, dissertasiya işinin müdafiəyə təqdim olunmasını tövsiyə edib.

Paylaş: