25 dekabr 2024, çərşənbə Bakı, 10°C
IMG-LOGO

“Müəllimliyin insanlıq fəlsəfəsi” esse müsabiqəsinin qalibləri mükafatlandırılıb

23-12-2024
IMG

“Ədibin Evi” tərəfindən “Azərbaycan müəllimi” qəzetinin 90 illik yubileyi münasibətilə təşkil edilən “Müəllimliyin insanlıq fəlsəfəsi” adlı esse müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

“Ədibin Evi”ndə baş tutan tədbirdə “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, müəllim, ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin pedaqoji irsinə həsr olunmuş müsabiqənin əsas məqsədinin müəllimlik üçün zəruri olan keyfiyyətlərin – pedaqoji etika, empatiya və şəfqət duyğularının əhəmiyyətinin təbliği, müxtəliflik və inklüzivliyin, eləcə də peşəkar pedaqoji icma arasında tənqidi və yaradıcı düşüncə tərzinin təşviqi olduğunu söyləyib.

Daha sonra Mir Cəlal Paşayevin “insanlıq fəlsəfəsi” ideyası barədə danışan “Ədibin Evi”nin həmtəsisçisi, Bakı Dövlət Universitetinin müəllimi, professor Təhsin Mütəllimov Mir Cəlal Paşayevin elmi-pedaqoji məktəbi barədə söz açıb.

Xalq şairi Nəriman Həsənzadə də çıxış edərək müəllimi Mir Cəlal Paşayev haqqında xatirələrini bölüşüb, müsabiqə iştirakçılarına uğurlar arzulayıb.

Münsiflər heyətinin rəyini ifadə edən Təhsil İnstitutunun böyük elmi məsləhətçisi, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Asif Hacıyev müsabiqəyə təqdim olunan esselərin Azərbaycanın geniş coğrafiyasını təmsil etdiyini bildirib. Əlavə edib ki, yazılarda həssas janr xətti ilə yanaşı, şagird-müəllim münasibətləri, müasir tədrisdə aktual məsələlər, həmçinin təhsildə beynəlxalq yanaşmaların təhlili yer alıb.

Diqqətə çatdırılıb ki, müsabiqəyə təqdim olunan 300-ə yaxın esse tanınmış təhsil mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Çıxışlardan sonra qaliblər mükafatlandırılıb.

Mükafatları ADA Universitetinin rektoru, “Ədibin Evi” Himayəçilik Şurasının üzvü Hafiz Paşayev, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Sarvan İbrahimov təqdim ediblər.

Mükafatlandırmadan sonra elm və təhsil naziri Emin Əmrullayev müəllim peşəsinin aliliyi haqqında danışıb. Bildirilib ki, bu peşənin fəlsəfəsində insan yetişdirmək və insani dəyərlərin aşılanması dayanır.

“Ədibin Evi”nin Himayəçilik Şurasının üzvü Hafiz Paşayev müsabiqənin məqsəd və məramı haqda danışıb.

Sonda xatirə fotosu çəkdirilib.

Paylaş: