2024-cü il dünyada ekoloji sahədə necə keçib?
Qlobal istiləşmənin təsirini artırdığı 2024-cü ildə ekstremal hava hadisələri və bununla bağlı daşqınlar və meşə yanğınları bir çox ölkədə həyata mənfi təsir göstərərək ətraf mühitə böyük ziyan vurub. Avropa İttifaqının Kopernik İqlim Dəyişikliyi Xidmətinin məlumatına görə, 2024-cü il ən isti il kimi tarixə keçib.
İsrailin Qəzzaya hücumları davam edərkən, bölgədəki dağıntılar ekoloji dağıntı səviyyəsinə çatıb. Hücumlar nəticəsində əsas şəhər xidmətlərinin dayandırılması səbəbindən nəhəng poliqonlar yaradılıb. Qəzzada kənd təsərrüfatı torpaqlarının böyük bir hissəsi məhv edilib, bu da biomüxtəlifliyin itirilməsinə səbəb olub.
Qlobal istiləşmənin gücləndiyi il ərzində dünyanın müxtəlif yerlərində ekstremal hava hadisələri baş verib. Kanadada minlərlə hektar ərazi meşə yanğınlarından zərər çəkdiyi halda, İspaniyada daşqınlar nəticəsində 200-dən çox insan həyatını itirib.
2024-cü ildə dünyada ətraf mühit sahəsində baş verən mühüm hadisələr aşağıdakılardır:
Yanvarın 16-19-da İstanbulda Birləşmiş Millətlər Təşkilatının iqlim dəyişikliyi üzrə elmi qiymətləndirmə orqanı olan İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin (IPCC) 60-cı sessiyası keçirilib.Sessiyada 195 ölkədən 400-dən çox nümayəndə iştirak edib.
ABŞ Milli Okean və Atmosfer Administrasiyası və Beynəlxalq Mərcan Rif Təşəbbüsünün aprel ayında mərcan rifləri ilə bağlı verdiyi ortaq açıqlamada 2023-cü ilin fevral ayından bu yana aparılan müşahidələr nəticəsində 53 ölkə və bölgədəki mərcan riflərinin ağardıldığı qeyd edilib.
Ekstremal hava hadisələrinin artmasının bariz nümunəsi Birləşmiş Ərəb Əmirliklərində baş verib. Aprelin 17-də yağan güclü yağış Dubayda daşqınlara, uçuşların təxirə salınmasına, distant təhsilə və işə keçidə səbəb olub.
BƏƏ Milli Meteorologiya Mərkəzi fəlakəti “ölkə tarixində fövqəladə hadisə” kimi qiymətləndirsə də, ekspertlər son 75 ildə ölkədə yağan ən güclü yağışı həm xüsusi regional meteoroloji, həm də atmosfer şəraiti və dəyişən iqlim şəraiti ilə bağlı hidroklimatoloji fəlakət kimi qiymətləndiriblər.
İyul ayında Kanadanın müxtəlif əyalətlərində baş verən meşə yanğınları orta hesabla 95 min hektar əraziyə təsir edib. Yanğınlar səbəbindən təxminən 9 min insan təxliyə edilib.
Kopernik peyk monitorinq sistemi ilə aparılan ölçmələrə görə, iyulun 21-i bazar günü qlobal səth havasının orta temperaturu 17,09 dərəcəyə çatıb. Beləliklə, bu gün tarixdə ən isti gün olub.
İyun-avqust aylarında dünya üzrə ölçülən temperatur 1991-2020-ci illərin orta göstəricisindən 0,69 dərəcə, 2023-cü ilin iyun-avqust aylarındakı rekorddan isə 0,66 dərəcə yüksək olub. Beləliklə, 2024-cü ilin yayı dünyada ən isti yay kimi qeydə alınıb.
ABŞ sentyabr və oktyabr aylarında şiddətli qasırğalarla mübarizə aparıb. Sentyabrın 27-də ABŞ-nın Florida ştatını 4-cü kateqoriya qasırğası ilə vuran “Helene” qasırğası nəticəsində 200-dən çox insan həyatını itirib. Qasırğa tez bir zamanda Corciya, Virciniya, Cənubi Karolina, Şimali Karolina və Tennessi ştatlarına təsir edib.
Qasırğanın ilk vurduğu Floridada 1,2 milyondan çox, Corciyada 1 milyon, Cənubi Karolinada 1,3 milyon və Şimali Karolinada 600 min ev və iş yerində elektrik enerjisi kəsilib. ABŞ prezidenti Florida və Şimali Karolinada "fəlakət vəziyyəti" elan edərək qasırğadan mənfi təsirlənənlərə "federal yardım" əmri vermişdi.
İsrailin 7 oktyabr 2023-cü il tarixindən bu yana hücumlarını davam etdirdiyi Qəzzada minlərlə mülki vətəndaş həyatını itirərkən, bölgədə həm xalq sağlamlığını, həm də ətraf mühiti təhdid edən fəlakət ekoloji məhv (ekosid) səviyyəsinə çatıb. Bir ildən artıqdır ki, davam edən hücumlar nəticəsində nəhəng poliqonlar yaradılıb, Qəzza zolağının 5 əsas bölgəsində kənd təsərrüfatı sahələri müxtəlif nisbətlərdə zədələnib və bölgənin biomüxtəlifliyinə ziyan dəyib.
BMT-nin təşəbbüsü ilə 1993-cü ildə qüvvəyə minmiş Bioloji Müxtəliflik Konvensiyası çərçivəsində təşkil edilən Tərəflərin 16-cı Konfransı (COP16) 21 oktyabr - 1 noyabr tarixlərində Kolumbiyada keçirilib.
Ölkənin üçüncü böyük şəhəri olan Kalidə keçirilən sammitə 12 dövlət başçısı daxil olmaqla 190 ölkədən nümayəndə və 15 mindən çox qonaq qatılıb. Konfrans zamanı biomüxtəliflik, ekoloji ədalət, Amazon meşələrinin mühafizəsi, yerli əhalinin hüquqları problemlərinin müzakirəsi, genetik müxtəlifliyin qorunması və həyati vacib ekosistemlər kimi mövzular müzakirə edilib.
Rəsmi rəqəmlərə görə, oktyabrın 29-da İspaniyanın şərq və cənub bölgələrini əhatə edən sel fəlakəti nəticəsində 222-si Valensiya, 7-si Kastiliya-La-Mança və 1-i Əndəlüs olmaqla 230 nəfər həlak olub.
Daşqından ən çox zərər görən Valensiyada 60 min 900 rezidans daxil olmaqla cəmi 100 min 628 mülkə ziyan dəyib.
BMT-nin İqlim Sammiti (COP29) 11-22 noyabr Bakıda 67 mindən çox iştirakçının, o cümlədən 100-ə yaxın ölkənin dövlət və hökumət başçılarının iştirakı ilə keçirilib.
Sammitin əsas gündəliyi inkişaf etməkdə olan ölkələrin iqlim fəaliyyətinə töhfə vermək üçün yeni iqlim maliyyələşdirilməsinə işarə edən Yeni Kollektiv Kəmiyyət Məqsədinin müəyyən edilməsi olub.
Noyabrın 25-də Cənubi Koreyanın Busan şəhərində başlayan və 170-dən çox ölkədən 3300-dən çox iştirakçını bir araya gətirən Qlobal Plastik Sazişi danışıqları dekabrın 1-də razılığa gəlmədən başa çatıb. Plastik çirklənmə ilə bağlı hüquqi qüvvəyə malik sənəd üzərində danışıqlar aparan ölkələr gələn il yenidən görüşməyə razılaşıblar.
Dekabrın 2-dən 13-dək Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda BMT-nin Səhralaşmaya Qarşı Mübarizə Konvensiyasına Tərəflərin 16-cı Konfransı (COP16) keçirilib. Bu il “Torpağımız, gələcəyimiz” devizi ilə keçirilən sammitdə quraqlıqdan zədələnmiş torpaqların bərpası, quraqlığa davamlılığın artırılması məsələləri müzakirə olunub.
Səlcuqlu sultanlarının DNT analizi ilə...
ABŞ-nın simvollarından biri olan "keçəl...
Trampın ölüm cəzaları ilə bağlı...
NASA-dan rekord qıran yaxınlaşma...
Vladiqafqazda ticarət mərkəzində...