25 dekabr 2024, çərşənbə Bakı, 10°C
IMG-LOGO

Qloballaşma şəraitində yeni nəsil universitetlərdə müəllim hazırlığının əsas hədəfləri - konfrans

23-12-2024
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialı və Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK) birgə təşkilatçılığı ilə Abbasqulu ağa Bakıxanovun anadan olmasının 230 illiyinə həsr edilmiş “Qloballaşma şəraitində yeni nəsil universitetlərdə müəllim hazırlığının əsas hədəfləri” respublika elmi konfransı keçirilib.

Bu barədə universitetdən məlumat verilib.

Konfransdan əvvəl filial rəhbərliyi və professor-müəllim heyəti Ulu Öndər Heydər Əliyevin Quba şəhərində yerləşən abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini ehtiramla yad edib.

Açılış mərasimində filialın direktoru dosent Yusif Alıyev konfransın əhəmiyyəti və qarşıya qoyduğu vəzifələr barədə danışıb.

Sonra A.A.Bakıxanovun həyat və yaradıcılığını əks etdirən film nümayiş olunub.

Konfransda MEK-in direktor müavini dosent Şəhla Quliyeva, Türkiyənin Qars Qafqaz Universitetinin Beynəlxalq əlaqələr departamentinin müdiri professor Hacalı Nəcəfoğlu, Naxçıvan Dövlət Universitetinin elm və innovasiyalar üzrə prorektoru dosent Elsevər Əsədov, Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun icraçı direktoru dosent Zaur İmrani, Quba Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Anar Məmmədov və “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Günel Pirquliyeva çıxış ediblər.

Sonra konfrans işini “Təhsil və innovasiyalar: yeni nəsil universitetlərin inkişafında elmi-tədqiqatın və sinergetikanın rolu”, “Qloballaşma və multidisiplinar təhsil: müəllim hazırlığında interaktiv və fənlərarası yanaşmalar” və “Təhsildə sosial, ekoloji və mədəni aspektlər: davamlı inkişaf və gələcək nəslin formalaşmasında ekoloji və pedaqoji yanaşmalar” mövzusunda panellərdə davam etdirib.

Konfransda ölkə üzrə 28 universitet və elmi müəssisənin əməkdaşları tərəfindən 234 məruzə təqdim olunub. Onlardan 174-ü Təşkilat Komitəsi tərəfindən seçilərək məruzə üçün qəbul edilib.

Paylaş: