25 dekabr 2024, çərşənbə Bakı, 10°C
IMG-LOGO

İKTA yazı müsabiqəsi elan edir

23-12-2024
IMG

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) “Rəqəmsal dövrdə internet xidmətlərinin tənzimlənməsi” yazı müsabiqəsini elan edir.

Agentlikdən bildirilib ki, müsabiqənin keçirilməsində əsas məqsəd ölkəmizdə internet telekommunikasiya xidməti sahəsində tənzimləyici çərçivənin mövcud statusu barədə media nümayəndələrinin, ekspertlərin, eləcə də geniş auditoriyanın məlumatlandırılması və maarifləndirilməsidir.

Müsabiqə “Telekommunikasiya sahəsində tənzimləyici çərçivə və informasiya təhlükəsizliyi məsələləri”, “İnternet telekommunikasiya infrastrukturundan istifadə imkanları, məlumatların əlçatanlığı və şəffaflığı” və “İnternetin xidmət keyfiyyətini müəyyən edən göstəricilər, sahə üzrə elektron xidmətlərin əlçatanlığı” mövzularını əhatə edəcək.

Yazıların hazırlanması zamanı iddiaçılar “İnternet telekommunikasiya xidməti sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsinin təhlili”ndən yararlana bilərlər.

Qaliblərin və aktiv iştirakçıların müvafiq mükafat və diplomlarla təltif olunmaları nəzərdə tutulur. Müsabiqə şərtləri ilə https://icta.az/competition linkindən tanış olmaq və qeydiyyatdan keçmək olar.

Müsabiqədə iştirak etmək üçün dekabrın 30-u saat 18:00-dək qeydiyyatdan keçmək mümkündür. Qeydiyyatdan keçən iddiaçılardan 2025-ci il yanvarın 31-i saat 18:00-dək yazılar qəbul olunacaq.

İKTA mövzular ətrafında yaranacaq sualların şərhi və izahı üçün qeydiyyatdan keçmiş iştirakçılar üçün əlavə təlimlərin keçirilməsini planlaşdırır. Müsabiqənin detalları barədə əlavə məlumat almaq üçün İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) media ilə əlaqə üzrə məsul əməkdaşı Tural İbadlı ilə ([email protected], 012 498-11-22) əlaqə saxlamaq olar.

Müsabiqəyə təqdim edilən yazılar İKTA əməkdaşlarından və müstəqil ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Qalibləri İKTA-nın mükafatları və qiymətli hədiyyələri gözləyir.

Paylaş: