Tələbələr arasında “Qalib Azərbaycan” adlı II Hüquq Olimpiadasının final mərhələsi keçirilib
Vəkillər Kollegiyası (ARVK) ilə Hüquq və İnsan Haqları İnstitutunun birgə təşkilatçılığı ilə tələbələr arasında “Qalib Azərbaycan” adlı II Hüquq Olimpiadasının final mərhələsi keçirilib.
Kollegiyadan bildiriblər ki, Ali Məhkəmənin inzibati binasında təşkil olunan Olimpiadanın həlledici mərhələsindən əvvəl çıxış edən Ali Məhkəmənin sədr müavini, Məhkəmə-Hüquq Şurasının üzvü Çingiz Əsgərov komandalara uğurlar arzulayıb. Qeyd olunub ki, ölkəmizdə gənclərə hər zaman dəstək göstərilir, bu cür yarışların təşkili də hüquqşünas peşəsinə böyük töhfə olacaq. Həmçinin bildirilib ki, olimpiadaya təşkilati dəstək göstərən “Femida Könüllüləri" Təşkilatı Ali Məhkəmədə fəaliyyət göstərən bir qrup könüllü gəncin təşəbbüsü ilə təsis edilib.
Tədbirdə ARVK-nın sədri Anar Bağırov çıxış edərək ölkəmizdə hüquq sahəsində təşkil olunan yarışların əhəmiyyətini vurğulayıb. O, Kollegiyanın dəstəyi ilə keçirilən yarışmaya ilk dəfə Qarabağ Universitetinin qoşulduğunu bildirərək olimpiadanın nəticələrindən asılı olmayaraq, yekunda bütün komanda üzvlərinin mükafatlandırılacağını söyləyib.
Sonra tədbirdə Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə intellektual və savadlı gəncliyin yetişdirilməsi işində bu cür yarışların rolu, gənclərin öz bilik və bacarıqlarını inkişaf etdirməsi üçün geniş şəraitin yaradılması barədə danışıb.
Vəkillər Kollegiyası Akademiyasının rektoru professor Əmir Əliyev və “Kəngərli və partnyorları” Vəkil Bürosunun müdiri İsmayıl Kəngərli final müsabiqəsinin reqlamenti və qaydalarını izah ediblər.
Həmçinin olimpiadada qiymətləndirmə üzrə münsiflər heyəti qismində iştirak edən hakimlər qiymətləndirmə prosesində fəal iştiraklarına görə sertifikatlarla təltif olunublar.
Daha sonra olimpiadanin final turuna start verilib və hər bir komandaya 3 saat ərzində cavablandırılması üçün konstitusiya hüququ, cinayət hüququ, habelə mülki hüquq sahəsi üzrə olmaqla, 3 kazus təqdim edilib.
Final mərhələsində təqdim edilən kazusların qiymətləndirilməsi meyarı düzgün hüquqi əsas və praktikaya, əldə edilmiş həllin konkretliyinə, o cümlədən səmərəliliyinə əsaslanıb.
Eyni zamanda, olimpiadada iştirak edən komandaların kapitanları arasında növbəti yarış keçirilib. Bu yarışda Prezident İlham Əliyevin beynəlxalq və dövlətdaxili fəaliyyətinin müxtəlif aspektləri üzrə tələbələrin ictimai-siyasi və hüquqi biliklərini yoxlamaqla əhatə edilən 20 sual komandaların kapitanlarına təqdim edilib.
Komandalararası yarışda mümkün maksimal bal 130, komanda kapitanlarının yarışı üzrə mümkün maksimal bal isə 20 baldır.
Beləliklə, olimpiadanın yekun nəticələrinə əsasən, komandalararası yarışda Daxili İşlər Nazirliyinin Polis Akademiyası I yer (118 bal), Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası II yer (114 bal) və Dövlət İdarəçilik Akademiyası isə III yerə (113,25 bal) layiq görülüb.
Komanda kapitanları arasında keçirilən yarışın nəticələrinə görə isə Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası I (20 bal), Dövlət İdarəçilik Akademiyası II (12 bal) və Dövlət Gömrük Komitəsinin Gömrük Akademiyası ilə Qarabağ Universiteti III (10 bal) olub.
Qeyd edək ki, olimpiadanın keçirilməsində məqsəd tələbələrin konstitusiya hüququ, cinayət hüququ və mülki hüquq sahəsində bilik və bacarıqlarının müəyyən edilməsi olub. Olimpiadada ölkə üzrə bütün hüquq fakültələrinin - ADA Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Daxili İşlər Nazirliyinin Polis Akademiyası, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası, Dövlət Gömrük Komitəsinin Gömrük Akademiyası, Bakı Dövlət Universiteti, Qarabağ Universiteti, Milli Aviasiya Akademiyası, Naxçıvan Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrinin komandası yarışıb.
Baş Prokurorluq: AZAL-ın təyyarəsinin...
Elşən Süleymanov küçəsində yerləşən...
Medianın İnkişafı Agentliyi...
Bakı-Qroznı reysini yerinə yetirən...
Sərnişin təyyarəsinin qəzaya uğraması...