İqtisadiyyat İnstitutunda müxtəlif ölkələrdə dövlətin qiymətlərə müdaxilə dərəcəsi ölçülüb
Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. Baş direktor professor Nazim Müzəffərlinin sədrliyi ilə keçirilən toplantıda institutun 2024-cü ildə yerinə yetirdiyi elmi-tədqiqat işləri üzrə illik hesabat dinlənilib.
Bu barədə institutdan bildirilib. Elmi katib Leyli Allahverdiyeva hesabat məruzəsində institutun əməkdaşlıq etdiyi dövlət qurumları, yerli və xarici universitetlər, beynəlxalq əməkdaşlıq çərçivəsində keçirilən görüşlər barədə məlumat verib. Bildirib ki, il ərzində bir sıra mühüm elmi nəticələr əldə edilib. İlk dəfə olaraq İqtisadiyyat İnstitutunda müxtəlif ölkələrdə dövlətin qiymətlərə müdaxilə dərəcəsi qeyri-səlis məntiq əsasında ölçülüb və təhlil olunub. Professor Nazim Müzəffərlinin rəhbərliyi ilə aparılan tədqiqatlarda ölçmələr iki formatda – birbaşa müdaxilələr üzrə və müdaxilənin ümumi səviyyəsi üzrə aparılıb. Bu əsasda iki yeni göstərici – Qiymətlərə birbaşa müdaxilə indeksi və Qiymətlərin tənzimlənməsi indeksi hesablanıb. Tətbiq edilmiş metodoloji yanaşmalar orijinaldır. Alınmış nəticələr əsasında müvafiq reytinqlər tərtib edilib, qiymətlərə müdaxilənin sosial-iqtisadi təsirləri araşdırılıb. Ölkələrarası müqayisəli araşdırma əsasında Azərbaycanda qiymət tənzimlənməsinin təkmilləşdirilməsi üzrə tövsiyələr hazırlanıb. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin sifarişi əsasında aparılmış tədqiqatın nəticələri kitab şəklində (“Qiymətlərin dövlət tənzimlənməsi: ölkələrarası müqayisəli təhlil. Azərbaycan üçün nəticələr”) nəşr olunub.
Şamaxı rayonuna özəl investisiyaların cəlb edilməsi imkanlarının qiymətləndirilməsi, cəlbediciliyin artırılması istiqamətində təşviq və dəstək mexanizminin hazırlanması məqsədilə tədqiqat aparılıb. Bir sıra praktik əhəmiyyətli təkliflərlə yanaşı, Şamaxının investisiya cəlbediciliyinin və biznes imkanlarının təşviqi konsepsiyası hazırlanıb, Şamaxıda Dağlıq-Şirvan Regional İnnovativ İnkişaf Mərkəzinin (KOB klasterlərinin) yaradılmasının məqsədəuyğunluğu əsaslandırılıb və onun təşkilati strukturu işlənilib. Elm və Təhsil Nazirliyinin sifarişi ilə “Elmin maliyyələşməsi mexanizminin təkmilləşdirilməsi üzrə təklif və tövsiyələrin hazırlanması” layihəsi icra olunub.
L.Allahverdiyeva məlumat verib ki, İqtisadiyyat İnstitutunun təşkilatçılığı ilə Çinli alimlərin iştirakı ilə elmi sessiya, Naxçıvan Dövlət Universitetində “İxracyönlü sənayenin inkişafı: sənayeləşmə siyasəti və infrastruktur təchizatları” respublika elmi konfransı, "Şamaxı rayonunun özəl investisiyalar üçün cəlbediciliyinin artırılmasına təşviq və dəstək mexanizmlərinin hazırlanması" layihəsi çərçivəsində sahibkarların iştirakı ilə biznes-forum keçirilib.
Elmi katib qeyd edib ki, il ərzində institutun əməkdaşları tərəfindən 4 monoqrafiya, 2 dərs vəsaiti, 4 proqram və metodik vəsaitlər, 170 məqalə, o cümlədən xaricdə 70 məqalə (impakt faktorlu jurnallarda 29) nəşr olunub. Müxtəlif aktual elmi mövzuların müzakirəsinə həsr olunmuş 8 elmi seminar təşkil edilib. İnstitutun əməkdaşları müxtəlif universitetlərdə təşkil olunmuş seminarlarda iştirak edib və mühazirələr oxuyublar. İl ərzində əməkdaşlar yerli və xarici mətbuatda 40-dan çox məqalə və müsahibələrlə çıxış ediblər.
İnstitutun 66 doktorant və dissertantı var. Dissertasiya Şurasında 13 dissertasiya işi (2 elmlər və 11 fəlsəfə doktorluğu üzrə) müdafiə olunub.
İl ərzində economics.org.az saytında institutun fəaliyyəti ilə bağlı 200-ə yaxın orijinal xəbər yerləşdirilib. 2024-cü ildə tam yenilənmiş dizaynla fəaliyyətə başlayan institutun “economics.org.az” internet saytına daxilolma və baxış sayı 1,2 milyona çatıb.
Şurada elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsi və bunun üçün əməkdaşların əlavə stimullaşdırılması məqsədilə Zəfər bayramına həsr olunmuş, 2024-cü ildə institutda yerinə yetirilən plan elmi-tədqiqat işlərinin müsabiqəsinin nəticələri elan olunub. Baş direktor Nazim Müzəffərli qaliblərin adlarını açıqlayıb və onlara müvafiq diplomları təqdim edib. Beləliklə, elmi şöbələr arasında müsabiqənin qalibi İnklüziv sosial inkişaf şöbəsi olub (şöbə müdiri Rəsmiyyə Abdullayeva). Əməkdaşlar arasında müsabiqədə Gülnarə Fətəliyeva və elmi işçi Mələk Əliyeva 1-ci, dosentlər Mahir Zeynalov və Nəsimi Əhmədov və İntizar Qurbanova 2-ci, Kamran Abdullayev, Ülkər Məmmədova, Akifə Ağayarova və kiçik elmi işçi Aynur Nəbizadə 3-cü yerləri tutublar. Qaliblərə pul mükafatları verilib.
AMEA əməkdaşlarının beynəlxalq elmi...
UNEC dekabrda 20-yə yaxın xarici...
AzMİU və Yıldız Texniki Universiteti...
AMEA: Humanitaryönümlü müəssisələr...
Geoloqlar işğaldan azad olunmuş...