26 dekabr 2024, cümə axşamı Bakı, 9°C
IMG-LOGO

Azərbaycan Beynəlxalq Kosmik Poster Müsabiqəsində birinci yerin qalibi olub

29-11-2024
IMG

Avstraliyanın Pers şəhərində APRSAF-30 Beynəlxalq Kosmik Poster Müsabiqəsində azərbaycanlı şagirdlər 14 ölkə arasından seçilərək birinci yerin qalibi olub.

Fhnews.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, müsabiqə nəticələri 26-29 noyabrda Avstraliya Kosmik Agentliyi və Yaponiya Aerokosmik Tədqiqat Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən Asiya-Sakit Okean Regionu Kosmik Agentlikləri Forumunun (APRSAF) 30-cu sessiyası daxilində elan olunub.

Beynəlxalq Kosmik Poster Müsabiqəsi hər il Asiya-Sakit okean regionu ölkələrindən, eləcə də əməkdaş-assosiativ üzv ölkələrdən üç mərhələ üzrə 4000-dən artıq 5-9-cu sinif şagirdlərini bir araya gətirir.

Bu il nazirlik yanında Kosmik Agentliyin ("Azərkosmos") KOSMİK Akademiyasının təşkilatçılığı, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Təhsil İnstitutunun dəstəyi ilə APRSAF-30 Beynəlxalq Kosmik Poster Müsabiqəsinin milli mərhələsi həyata keçirilib. Müsabiqənin milli mərhələsində ümumtəhsil müəssisələrinin 25 məktəblisi “Kosmik səyahət” mövzusuna həsr olunmuş rəsm əsərləri ilə iştirak edib. Müsabiqə nəticələrinə müvafiq olaraq 3 məktəbli müsabiqənin milli mərhələsinin qalibi adını qazanaraq Avstraliyaya yollanıb.

Müsabiqədə ölkələr üzrə ümumilikdə 1 712 məktəbli iştirak edib, 1 462 rəsm əsəri müsabiqəyə təqdim olunub. Müsabiqənin beynəlxalq mərhələsində ölkəmizi təmsil edən 3 məktəblimiz 33 iştirakçı sırasında müsabiqənin ən yüksək dərəcəyə malik 5 mükafatından 3-nə layiq görülərək təltif olunub. Həmin məktəblilər APRSAF-30 Beynəlxalq Kosmik Poster Müsabiqəsinin aşağıdakı mükafatlarına layiq görülüblər:

1. Kövsər Qurban – İlin ən yaxşı posteri mükafatı

2. Əsma Həsənzadə – Xüsusi poster mükafatı

3. Ayxan Məhərrəmli – Avstraliya Kosmik Agentliyinin mükafatı

"Bu qalibiyyəti istedadlı azərbaycanlı şagirdlərin aşkar edilməsi, onların potensialının inkişaf etdirilməsi, informasiya texnologiyaları, rəqəmsal bacarıqlar, eləcə də şagirdlərin beynəlxalq olimpiadalar və müsabiqələrdə ölkəmizi təmsil etməsi istiqamətində növbəti uğur kimi qiymətləndirmək olar", - deyə məlumatda qeyd olunub.

Paylaş: