Zəngilanda “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda konfrans keçirilib - YENİLƏNİB-2
Mayın 30-da Zəngilanda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) birgə təşkilatçılığı ilə “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda 3-cü beynəlxalq humanitar minatəmizləmə konfransı işə başlayıb.
Fhnews.az xəbər verir ki, konfrans ölkəmizin üzləşdiyi mina probleminin dünyaya çatdırılması, humanitar minatəmizləmə sahəsində beynəlxalq tərəfdaşlığın gücləndirilməsi, mina və müharibənin digər partlayıcı qalıqları ilə çirklənmənin ətraf mühitə təsirini azaltmaq üçün maliyyə resurslarının səfərbər edilməsi yolları ətrafında müzakirələrin aparılması məqsədi daşıyır.
Tədbirdə beynəlxalq ictimaiyyət tərəfindən yüksək diqqət göstərilir. Konfransda, ümumilikdə 75 ölkədən 300-dən çox nümayəndə iştirak edir. İştirakçılar arasında bir sıra ölkələrin yüksəkvəzifəli şəxsləri, BMT-nin baş ofisinin rəhbər heyəti, nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri və müxtəlif ölkələrin minatəmizləmə mərkəzlərinin rəsmilərinin, habelə ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin vəzifəli şəxsləri iştirak edirlər.
Konfrans, mina partlayışı nəticəsində zərər çəkmiş Tamam Cəfərovanın mina qurbanları adından dünya ictimaiyyətinə müraciəti ilə başlayıb.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev tədbirdə çıxış edərək bildirib ki, beynəlxalq konfransın Zəngilanda işə başlamasının böyük rəmzi mənası var. Zəngilanın Ağalı kəndi yenidən qurulan və keçmiş məcburi köçkünlərin qayıtdıqları ilk yaşayış məskənidir. Bu miqyasda işlərin aparılması məhz minaaxtaranların gərgin əməyi sayəsində həyata keçirilir, insanların təhlükəsizliyi təmin edilir və minaların ətraf mühitə təsiri azaldılır.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub.
Prezidentin köməkçisi dünyanın üzləşdiyi mina probleminin ətraf mühitə təsiri məsələlərinin müzakirəsi məqsədilə bir araya gələn konfrans iştirakçılarına təşəkkür edib, konfransın işinə uğurlar arzulayıb.
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov ölkəmizin üzləşdiyi mina probleminin təsirinin aradan qaldırılmasına beynəlxalq dəstəyin artırılmasının zəruriliyini diqqətə çatdırıb. O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərimizin 10 min 285 kvadratkilometri mina və partlamamış hərbi sursatlarla müxtəlif səviyyələrdə çirklənmiş hesab olunur. Vüqar Süleymanov kənd təsərrüfatı, əkinçilik üçün münbit torpaqların, eyni zamanda, saysız-hesabsız heyvan və bitki növlərinin, çaylar, göllər, bulaqlar, kəhrizlər və su quyularının mina və müharibənin digər partlayıcı qalıqları ilə ciddi şəkildə çirklənməsi, habelə minaların mənfi təsirinin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verib.
BMT Baş katibinin köməkçisi, BMT-nin İnkişaf Proqramının Avropa və Müstəqil Dövlətlər Birliyi üzrə Regional Bürosunun direktoru İvana Jivkoviç nitqində minatəmizləmə fəaliyyətinin ətraf mühitin bərpası və milli inkişaf proqramları ilə inteqrasiyasının vacibliyini vurğulayıb. Bildirib ki, minaların ətraf mühitə təsirini azaltmaq missiyası yalnız partlayıcı sursat problemini aradan qaldırmaq deyil, eləcə də gələcək nəsillər üçün təhlükəsiz həyat, kənd təsərrüfatı və biomüxtəlifliyin təmin edilməsidir. Başlıca məqsəd zərərçəkmiş torpaqları inkişaf edən ekosistemlərə və davamlı icmalara çevirməkdir.
Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev konfransda videomüraciətlə çıxış edərək bildirib ki, COP29-un məqsədlərinə uyğun olaraq, biz iqlim davamlılığı məsələlərini minatəmizləmə və yenidənqurma səylərimizə inteqrasiya etməyə çalışırıq. Hədəfimiz işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji zonası yaratmaqdır. Ekosistemləri bərpa etməklə və dayanıqlı təcrübələri yenidən tətbiq etməklə biz bu torpaqları yaşıl zonaya çevirməyi hədəfləyirik.
Konfrans mina probleminin dayanıqlı həll yollarının müəyyənləşdirilməsi və hamı üçün daha təhlükəsiz gələcəyi təmin etmək üçün ətraf mühitin mühafizəsinin təbliği ətrafında aparılan müzakirələr və söhbətlərlə davam edib.
Beynəlxalq konfransın açılış günündə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi və BMT-nin İnkişaf Proqramı arasında niyyət bəyannaməsi imzalanıb.
Sənədi Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov və BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Roccasalvo imzalayıblar.
Niyyət bəyannaməsi Azərbaycan Respublikası ərazisində Mina fəaliyyəti ilə əlaqədar Mükəmməllik Mərkəzinin yaradılmasında əməkdaşlığı ehtiva edir. Mərkəz mina təhlükəsi ilə mübarizə sahəsində milli, regional və beynəlxalq səviyyələrdə təlim və bacarıqların artırılması, sertifikatlaşdırma və biliklərin ötürülməsini həyata keçirəcək, habelə humanitar minatəmizləmə sahəsində ən son texnologiya və metodologiyaları təkmilləşdirmək üçün minalarla mübarizədə tədqiqat və innovasiyaları təşviq edəcək. Mərkəzin yaradılması Azərbaycanın mina təhlükəsi ilə mübarizə imkanlarını artırmaq və minasız dünya üçün qlobal səylərə töhfə vermək niyyətinin göstəricisidir. Bu təşəbbüs Azərbaycanın həm milli, həm də beynəlxalq istəklərinə uyğun olaraq sülh, təhlükəsizlik və davamlı inkişafa, regional və qlobal əməkdaşlığa sadiqliyini əks etdirir.
Sonra konfrans iştirakçıları Zəngilan məscidində olublar. Məlumat verilib ki, Zəngilanda inşa olunan məscidin təməli Prezident İlham Əliyev tərəfindən 2021-ci il aprelin 26-da qoyulub. Məscidin binasında 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Məscidin minarələri və günbəzi kaşı və kərpicdən yığılıb. İnteryerdə naqqaşlıq işləri aparılıb, mehrab kaşıdan yığılmış nəbati naxışlarla işlənib. Minbər və şəbəkə elementləri təbii ağacdan hazırlanıb. İşğal dövründə dağıdılmış tarixi Zəngilan şəhər məscidinin ərazisində isə açıq səma altında sərgi yaradılıb. Sərgi Qarabağ və Şərqi Zəngəzur ərazilərində mövcud olmuş bir sıra dini abidələrimizə qarşı törədilmiş vandalizmin ümumi mənzərəsini əks etdirir. Burada işğalın ən ağır fəsadlarından biri kimi bəşəri əhəmiyyətə malik mədəni irsimizin, o cümlədən İslam dininə aid abidələrin qəsdən dağıdılması və məhv edilməsinə dair faktlar yer alıb.
Konfrans iştirakçıları daha sonra Zəngilan rayonunun Ağalı kənd meydanına gəliblər. Sonra Ağalı kənd tam orta məktəbin şagirdlərinin rəqsinə baxan iştirakçılar məktəbdə yaradılan şəraitlə tanış olublar.
Qonaqlar, həmçinin minatəmizləmə prosesini izləyib və Azərbaycanın bu sahədəki fəaliyyəti haqqında məlumatlandırılıb.
Konfrans işini mayın 31-də Bakıda davam etdirəcək.
Aİ-nin ali nümayəndəsi...
Milli Məclis sədrinin müavini TBMM-in...
Pakistanın Hüquq və Ədalət...
Azərbaycanın xarici işlər naziri...
Azərbaycan, Türkiyə və Gürcüstan...