Yetkinlik yaşına çatmayanların aqressiv davranışlarına həsr edilmiş konfrans təşkil olunub
Dekabrın 2-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranış: Bullinq” mövzusunda dövlət qurumları və vətəndaş cəmiyyətinin dialoqu konfransı keçirilib.
Fhnews.az xəbər verir ki, konfrans “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası və 10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günü çərçivəsində keçirilib.
Konfransda çıxış edən Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva bildirib ki, bullinq təkcə bir fərdi və ailəni deyil, bütün cəmiyyəti narahat edən problemdir. Dünyada uşaqların, yetkinlik yaşına çatmayanların 20 faizinin bullinqə məruz qaldığını və ya iştirakçısı olduğunu diqqətə çatdıran A.Sofiyeva vurğulayıb ki, dövlət qurumları və vətəndaş cəmiyyəti təşkilatları uşaqların müdafiəsi istiqamətində koordinasiyalı şəkildə fəaliyyət göstərməli, bütün qüvvələrini səfərbər etməlidirlər.
“Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nda dövlətin uşaq məsələləri ilə bağlı hədəflərinin müəyyələşdirildiyini bildirən Komitə rəsmisi qeyd edib ki, bu hədəflər sırasında çətin həyat şəraitində olan uşaqların müdafiəsinin gücləndirilməsi ən vacib məsələlərdən biridir. O deyib ki, müvafiq sahədə hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı 7 sənədin hazırlanması Komitənin üzərində öhdəlik kimi qoyulmuşdu və onlardan bir neçəsi artıq qüvvəyə minib.
“Uşaq hüquqları haqqında” Qanunun yenidən işlənib hazırlandığını bildirən A.Sofiyeva əlavə edib: “Qanun uşaqların müdafiəsi, inkişafı istiqamətində önəmli hüquqi bazanı formalaşdıracaq. Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq həm uşaqlarla işləyən mütəxəssislərin bacarıqlarının artırılması, həm qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın qurulmasına xüsusi önəm verilir. Azərbaycanda məktəblərdə bullinqlə bağlı sorğular aparılıb və “Yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranış: Bullinqin aşkarlanması üzrə analitik hesabat” adlı tədqiqat hazırlanıb”.
Konfransın moderatoru - Komitənin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranışı - bullinqi sosial-psixoloji problem adlandırıb. Qeyd edib ki, problem hüquqi mexanizm, vahid qayda və professional yanaşma müəyyən edildiyi təqdirdə öz həllini tapa bilər.
Elm və Təhsil Nazirliyinin Uşaq və gənclərin inkişaf siyasəti şöbəsinin müdiri Elnur Əliyev mövzunun aktuallığına diqqət çəkib. O, mövcud sahədə preventiv tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb. Uşaq hüquqları sahəsində problemlərin ardan qaldırılması üçün konsepsiya sənədinin hazırlandığını qeyd edən nazirlik rəsmisi həmin sənəddə uşaq hüquqları, həmçinin onlar üçün sağlam mühit yaratmaq məqsədilə valideynlər üçün təlimlər nəzərdə tutulduğunu diqqətə çatdırıb. Əlavə edib ki, məktəblərdə psixoloji və zorakılıq hallarının qarşısının alınması üçün tədbirlər görülməsi və monitorinqlərin gücləndirilməsi planlaşdırılır.
Məktəbəqədər və Ümumi Təhsil Dövlət Agentliyinin direktor müavini Nərminə Hüseynova çıxışında bildirib ki, bullinq yalnız məktəbdən qaynaqlanmır, burada ailənin də rolu böyükdür. O qeyd edib ki, 2023-2024-cü ildən etibarən Bakı şəhərində 62, rayonlarda isə 300 məktəbdə şagird-davranış qaydaları tətbiq olunaraq ilkin nəticələr əldə edilib. Yaxın zamanda bu qaydalar bütün ölkə üzrə tətbiq olunacaq.
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işlərin təşkili üzrə şöbənin rəis müavini İmran Əliyev yetkinlik yaşına çatmayanlar arasında belə aqressiv davranış hallarının aradan qaldırılması istiqamətində valideynlər, dövlət qurumları və vətəndaş cəmiyyətinin qarşılıqlı şəkildə komanda kimi mübarizə aparmasının vacibliyini qeyd edib.
Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Kəmalə Aşumova, Əməkdar müəllim, Beynəlxalq Humanist Pedaqogika Akademiyasının professoru Asif Cahangirov, Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun müdiri Nigar Ağayeva uşaq hüquqları sahəsində fəaliyyətə vətəndaş cəmiyyətinin, elm və təhsil müəssisələrinin cəlb edilməsi, habelə mövcud problemin koordinasiyalı həllinə nail olunması istiqamətində təkliflərini səsləndiriblər.
Konfrans çərçivəsində təhsilin idarəolunması üzrə fəlsəfə doktoru, təhqiqatçı Qoşqar Məhərrəmov tərəfindən Dövlət Komitəsinin sifarişi əsasında hazırlanmış “Yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranış: Bullinq” adlı analitik hesabatın təqdimat mərasimi baş tutub.
Sabahın hava proqnozu açıqlanıb...
Azərbaycan Respublikasının fövqəladə...
NİİM: Qəzalar bəzi sürücülərin...
BDYPİ piyadalara çağırış edib...
FHN Akademiyasında Azərbaycan dilinin...