4 dekabr 2024, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının VII Hesabat-Seçki Konfransı başa çatıb

02-12-2024
IMG

Dekabrın 2-də Bakı Konqres Mərkəzində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) VII Hesabat-Seçki Konfransı keçirilib. Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanan konfransda şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Fhnews.az xəbər verir ki, konfransda ATGTİ-nin sədri Pərviz Mirələmli 2022-2024-cü illər üzrə hesabat məruzəsini təqdim edib, həyata keçirilən layihələr və qazanılan uğurları vurğulayıb. Çıxışın ardınca İttifaqın hesabatını əks etdirən videoçarx nümayiş etdirilib.

Tədbirin rəsmi hissəsində gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Qədir Xəlilov, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, ⁠Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov, ⁠Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Naxçıvan Ali Məclisinin deputatı Əziz Qasımov çıxış ediblər. Çıxışlarda İttifaqın dövlət gənclər siyasətinin icrasındakı rolu, bu istiqamətdə tərəfdaşlarla birlikdə həyata keçirdiyi kütləvi layihələrin əhəmiyyəti qeyd edilib, tələbələrin yeni reallıqlara uyğun öz sahələrində daha fəal olmalarının vacibliyi vurğulanıb. Həmçinin yerlərdə fəaliyyət göstərən təşkilatların gənclərin istər fiziki, istərsə də mənəvi sağlamlığının təşviq edilməsi yönündə, habelə onların müasir tələblərə uyğun bilik və bacarıqlarının inkişafında və ən əsası, məsuliyyətli vətəndaş kimi formalaşmalarında rolu qeyd olunub.

Daha sonra göstərdikləri uğurlu fəaliyyətə görə gənclərin mükafatlandırılma mərasimi keçirilib.

Rəsmi hissədən sonra tələbələrin ifasında musiqi proqramı təqdim olunub.

Konfransın sonunda İttifaqın idarə heyəti və sədr seçkiləri prosesinin gedişatı auditoriyaya təqdim edilib və seçki komissiyasının tərkibi haqqında məlumat verilib. Komissiyanın rəyi və seçkilərin nəticələrinə uyğun olaraq namizədliyi irəli sürülən ATGTİ-nin baş katibi Rəşad Zeynalovun İttifaqın növbəti müddət üçün sədri vəzifəsini tutacağı elan edilib.

Rəşad Zeynalov çıxış edərək 2024-2026-cı illər üzrə Tələbə Gənclər Təşkilatlarının fəaliyyətinin daha səmərəli təşkili istiqamətində addımlar atılacağını, ATGTİ-nin dövlət gənclər siyasəti çərçivəsində qarşıda duran yeni hədəflərə çatmaq üçün bundan sonra da var gücü ilə çalışacağını bildirib.

Paylaş: