4 dekabr 2024, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Azərbaycan, Türkiyə və Gürcüstan parlamentariləri regionda əməkdaşlığı dərinləşdirməyə hazır olduqlarını vurğulayıblar

03-12-2024
IMG

Türkiyə, Azərbaycan və Gürcüstan bütün istiqamətlər üzrə əməkdaşlığı möhkəmləndirməkdə qərarlıdır.

Fhnews.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Ankarada Türkiyə, Azərbaycan və Gürcüstan parlamentlərinin xarici əlaqələr komissiyalarının IX üçtərəfli iclasında bildirilib.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Beynəlxalq əlaqələr komissiyasının sədri Fuat Oktay ölkəsinin Qara və Xəzər dənizləri arasında nəqliyyat və logistika şəbəkələrinin genişləndirilməsinə, orta və ali təhsil, birgə tədqiqat mərkəzlərinin yaradılması və s. sahəsində qarşılıqlı fəaliyyətin inkişafına töhfə verməyə hazır olduğunu qeyd edib.

Türkiyə parlament komissiyasının rəhbəri xüsusən Bakı-Tbilisi-Qars dəmir yolunun ötürücülük qabiliyyətinin genişləndirilməsi üzrə işlərin tezliklə başa çatdırılacağına ümid etdiyini bildirib

Üç ölkə arasında iqtisadi əlaqələrin inkişafına gəlincə, F.Oktay bu ölkələrin birgə ticarət dövriyyəsinin həcminin ildə 12 milyard dollara çatdığını qeyd edib. “Türkiyə hakimiyyəti iqtisadi əlaqələrin inkişafına mümkün töhfə verməyə hazırdır”, - deyə o əmin edib.

Regional proseslərin müzakirəsi kontekstində F.Oktay Ukraynada müharibənin diplomatik yollarla dayandırılmasının vacibliyini vurğulayıb.

Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Türkiyə və Gürcüstanla əlaqələri “nümunəvi” adlandırıb və üç ölkə arasında əməkdaşlığın qlobal gündəm üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib. O, üç ölkə liderinin dövlətlərarası əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfəni vurğulayıb. “Heç də təsadüfi deyil ki, bu ilin martında Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirləri arasında görüş keçirilib, sentyabrda isə müdafiə nazirləri səviyyəsində danışıqlar aparılıb. Əlaqələrin inkişafına dair konkret addımlar müzakirə olunur”, - deyən Milli Məclisin komitə sədri Bakı, Ankara və Tbilisi arasında parlamentlərarası dialoqun inkişaf etdirilməsinin zəruriliyini qeyd edib.

S.Seyidov bildirib ki, o, Türkiyədən və Gürcüstandan olan həmkarlarını Azərbaycanda COP29-un yekunları barədə məlumatlandırıb, region liderlərinin Bakıda keçirilən iqlim müzakirələrində iştirakını yüksək qiymətləndirib.

Milli Məclisin komitə sədri Ankara və Tbilisi ilə nəqliyyat sektorunda əlaqələrin daha da dərinləşəcəyinə ümidvar olduğunu bildirib.

Gürcüstan parlamentinin Xarici əlaqələr komissiyasının rəhbəri Nikoloz Samxaradze öz növbəsində Cənubi Qafqazda sabitliyin və sülhün möhkəmləndirilməsi naminə Azərbaycan və Türkiyə ilə qarşılıqlı fəaliyyətin vacibliyini vurğulayıb.

Müzakirələrin yekunu olaraq üç ölkənin parlament komissiyalarının X iclasının Azərbaycanda keçirilməsi qərara alınıb.

Paylaş: