Azərbaycan ilə Türkiyə arasında dini təhsil sahəsində əməkdaşlığa dair müzakirə aparılıb
Azərbaycan İlahiyyat İnstitutu yanında Bakı İlahiyyat Kollecinin əməkdaşlarından ibarət nümayəndə heyəti Türkiyədə səfərdə olub. Səfərin məqsədi dini təhsil müəssisələri ilə əlaqələrin gücləndirilməsi, birgə layihələrin həyata keçirilməsi olub.
Bu barədə İlahiyyat İnstitutundan məlumat verilib. Bildirilib ki, Ankarada milli təhsil nazirinin müavini Celile Eren Ökten ilə keçirilən görüşdə kollecin direktoru Mehman İsmayılov Azərbaycanın dini təhsil sistemi barədə məlumat verib, dövlətin bu sahəyə qayğısından bəhs edib. Celile Eren Ökten dini tədris sahəsində ölkəsinin təcrübəsini bölüşməyə və bu sahəyə dəstək verməyə hazır olduqlarını bildirib.
Səfər çərçivəsində nümayəndə heyəti Ankarada Dini Tədris Mərkəzini, Şəhid Cengiz Polat Anadolu Liseyini, Tevfik İreli Anadolu imam-xətib liseyini də ziyarət edib, tədris prosesi ilə tanış olub.
Nümayəndə heyətinin üzvləri, həmçinin Anadolu Məktəbini ziyarət ediblər. Məktəbin rəhbəri Sami Güçlü təhsil ocağının fəaliyyəti barədə məlumat verib. Qeyd edib ki, Türkiyənin 40-dan çox bölgə və şəhər məktəbində, həmçinin türkdilli ölkələrin bir neçə təhsil ocağında həyata keçirilən layihələrin əsas məqsədi şagird və tələbələri Türk dünyasının ortaq mədəniyyəti, ənənə və dəyərləri ilə yaxından tanış etməkdir. Sami Güçlü bildirib ki, Anadolu Məktəbi qeyd olunan bu dəyərlərin təbliği üçün ölkə daxilində və xaricdə gənclər arasında müxtəlif müsabiqələr təşkil edir.
Kollecin nümayəndələri Ankarada Beynəlxalq Milli İradə Anadolu İmam-xətib Qızlar Liseyinin fəaliyyəti ilə də tanış olublar.
İstanbul şəhərində Mehmet Emin Saraç Anadolu İmam-xətib liseyi, Bəyoğlu Anadolu İmam-xətib liseyi və İstanbul Rəcəb Tayyib Ərdoğan İmam-xətib liseyini ziyarət edən nümayəndə heyətinin üzvləri bu təhsil ocaqlarının fəaliyyəti ilə tanış olublar. Bildirilib ki, Türkiyədə fəaliyyət göstərən imam-xətib liseyləri ümumilikdə on bir istiqamət üzrə ixtisaslaşıb. Bu liseylərdə dini dərslərlə yanaşı, dil, ədəbiyyat, incəsənət, texnologiya, fəlsəfə, mədəniyyət və digər sahələrlə bağlı fənlər də tədris olunur.
Gələcəkdə Bakı İlahiyyat Kolleci ilə adıçəkilən liseylər arasında əməkdaşlığın genişləndirilməsi, kollecin müəllimlərinin təcrübə mübadiləsi məqsədilə bu tədris ocaqlarına göndərilməsi, həmçinin tələbələrin İstanbuldakı liseylərdə təşkil olunacaq yay məktəblərində iştirakı müzakirə edilib.
“Məktəbəqədər təhsildə liderlik”...
BDU-nun 105 illik yubileyi çərçivəsində...
UNEC tələbələri “Bloomberg” Qlobal...
Yaşıl dünya üçün bilginin gücü:...
Kiberfiziki sistemlərin intellektual...