Şuşanın məşhur Mehmandarovlar nəsli və onların mühüm xidmətləri
2020-ci il noyabrın 8-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi, mədəni və strateji əhəmiyyətə malik olan Şuşa şəhərini - Qarabağın tacını işğalçılardan azad etdi. Bu, İkinci Qarabağ müharibəsi ərzində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi Qələbə oldu. Şuşanın işğaldan azad edilməsi müharibənin sonrakı gedişinə ciddi təsir göstərdi, hərb meydanında olduğu kimi, diplomatiya meydanında da Azərbaycanın uğurlarını şərtləndirdi və xalqımızın tarixinə Zəfər Günü kimi yazıldı.
Fhnews.az xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Qarabağ İrsini Araşdırma Mərkəzi”nin rəhbəri, beynəlxalq münasibətlər üzrə professor, siyasi elmlər doktoru Elçin Əhmədovun “Şuşanın məşhur Mehmandarovlar soyu və onların mühüm xidmətləri” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.
2021-ci il yanvarın 14-də Şuşaya səfər edən Azərbaycan Prezidenti İlham Əliyev son dəfə 39 il bundan əvvəl ümummilli lider Heydər Əliyevin şəhərə tarixi və unudulmaz səfəri zamanı gəldiyini diqqətə çatdıraraq bildirdi ki, qəhrəman Azərbaycan Ordusu mükəmməl hərbi əməliyyat keçirərək cəsarət, rəşadət, qəhrəmanlıq, güc, milli ruh nümayiş etdirərək Şuşanı işğalçılardan azad etmişlər və uzun fasilədən sonra noyabrın 8-də Şuşada Azərbaycan bayrağı qaldırılmışdır: “Biz buraya qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Döyüşə-döyüşə gəlmişik. Heç kim bu torpaqları bizə elə-belə verməyib”.
Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında Prezident İlham Əliyevin 2021-ci il mayın 7-də imzaladığı Sərəncamda vurğulanır ki, şəhərin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, bu mühüm sənəddə göstərilir ki, tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir.
Şuşa şəhərinin Azərbaycan üçün müstəsna əhəmiyyət kəsb etdiyini bildirən Prezident İlham Əliyev qeyd etmişdir ki, yarıdağılmış tarixi abidələrimizin bərpasında çox həssas olmalı, ancaq biz o tarixi abidələrimizin əsl simasını bərpa etməliyik. Vaxt itirmədən, ancaq, eyni zamanda, tələsmədən Şuşanın ilkin simasının, tarixi simasının bərpa edilməli olduğunu bildirmişdir. Bu baxımdan Şuşa işğaldan azad edildikdən sonra şəhərin bərpası istiqamətində işlərə başlanıldı.
Qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondu işğaldan azad olunan ərazilərdə, xüsusilə Şuşada 2020-ci il dekabrın 8-dən etibarən mədəni-dini abidələrin, məscidlərin bərpası layihələrinin icrasına başlamışdır. Bununla da Heydər Əliyev Fondu tarixi bərpa işlərində dövlət tərəfindən həyata keçirilən layihələrə vətəndaş cəmiyyətinin üzvü kimi fəal dəstəyini göstərir. Aparılan genişmiqyaslı işlərə yerli ekspertlərlə yanaşı, xarici mütəxəssislər də cəlb olunmuşdur.
Heydər Əliyev Fondunun Qarabağdakı bərpa layihələrinin bir hissəsi isə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində həyata keçirilir. Heydər Əliyev Fondu artıq Şuşada daha bir neçə layihənin bərpasını başa çatdırmışdır. Bunların sırasına dahi Azərbaycan şairi və ictimai xadim Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, Vaqifin büstünün yenidən qurulması, dahi bəstəkar Üzeyir Hacıbəylinin ev muzeyi bərpadan sonra açılması və heykəlinin Şuşada yenidən ucaldılması, Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa, Saatlı, Mamayı məscidlərinin, Milli Xalça Muzeyinin Şuşa filialının, Yaradıcılıq Mərkəzinin, “Şirin su” hamamının əsaslı yenidənqurma və bərpa işlərindən sonra açılışı, Cıdır düzündə Mir Möhsün Nəvvab Qarabağinin bərpa olunan məzarı və digərləri daxildir.
Mehmandarovların malikanə kompleksi də bu layihələrdən biridir. 2023-cü il mayın 9-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Mehmandarovların malikanə kompleksinin açılışında iştirak etdilər.
Şuşanın tanınmış Mehmandarovlar soyu
Qeyd etmək lazımdır ki, Mehmandarovlar Qarabağın, Şuşanın qədim və məşhur soylarındandır. Bu soyun tarixçəsinə gəldikdə, mənbələrdə qeyd edilir ki, Qarabağ xanlığının idarəetmə aparatında bir çox hərbi və mülki vəzifələr mövcud olmuş və bu vəzifələrdən biri də mehmandar (“qonaqpərvər”, “qonaqsevər”) idi. Mehmandarın vəzifəsi xarici dövlətlərin nümayəndələrini və digər rəsmi qonaqları ölkənin sərhədində qarşılayaraq müşayiət etmək, hörmətlə xanlığın paytaxtına gətirib yerləşdirmək, həmçinin onların istirahətlərini yüksək səviyyədə təşkil etmək olmuşdur. Bununla yanaşı, mehmandarlar xanlığa gələn qonaqların məktublarını saraya, xanın məktublarını isə onlara çatdırmaq vəzifəsini də yerinə yetiriblər. Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin və oğlu Mehdiqulu xanın hakimiyyətləri dövründə bu şərəfli və məsuliyyətli vəzifəni Mirzə Əli bəy həyata keçirirdi. Bu səbəbdən də 1830-cu illərdə Azərbaycanda yeni soyadı sistemi formalaşarkən Mirzə Əli bəyin övladları və bu nəslin görkəmli nümayəndələri babalarının keçmiş vəzifəsini özlərinə soyadı götürmüş və bütün rəsmi dövlət sənədlərində Mehmandarovlar kimi qeydə alınmışlar.
Mirzə Əli bəy yaşı ilə əlaqədar mehmandarlıq vəzifəsindən istefaya çıxarkən Mehdiqulu xan Cavanşir bir çox mükafatlarla yanaşı, ona Şuşanın qədim 17 məhəlləsindən biri olan, “Təzə məhəllə” adı ilə tanınan yerdə əlavə torpaq sahəsi də bağışlamışdı. Mirzə Əli bəy də burada o dövrün tanınmış memarı olan Kərbəlayi Səfixan Qarabağinin rəhbərliyi ilə heç bir binaya bənzəməyən malikanə tipli saray kompleksi inşa etmişdi. Qarabağ xanının mehmandarı Mirzə Əli bəyin üç oğlu olub: Mirzə Həsən bəy, Mirzə Sadıq bəy və Mirzə Mustafa bəy.
General Səməd bəy Mehmandarov 30 minlik milli ordu yaratmağa nail oldu
Mirzə Əli bəyin oğlu Mirzə Sadıq bəy Mehmandarov dövlət xidməti ilə əlaqədar Lənkəranda yaşamışdır. Mehmandarovlar soyunun görkəmli xadimlərindən olan Mirzə Sadıq bəyin oğlu, görkəmli hərb xadimi, general, Səməd bəy Mehmandarov 1856-cı ildə Lənkəranda anadan olmuşdur. 1918-ci il noyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Hərbi Nazirliyi bərpa etmək barədə qərar qəbul edərkən Səməd bəy Mehmandarov Cümhuriyyət ordusunda xidmətə çağırılaraq, hərbi nazirin müavini təyin olunmuş, nazirliyin və ordunun formalaşdırılması ona tapşırılmışdır. Onun peşəkarlığı, təşkilatçılıq qabiliyyəti, ən başlıcası isə Azərbaycanın müstəqilliyinə sədaqəti yeni şəraitdə də tezliklə öz təsdiqini tapmışdır. 1918-ci il noyabrın 1-də o, Azərbaycan Xalq Cümhuriyyətinin hərbi nazirin müavini, həmin il dekabrın 25-də isə hərbi nazir təyin edilib və qısa fəaliyyəti dövründə 30 minlik milli ordu yaratmağa nail olub. Azərbaycan Xalq Cümhuriyyəti yaradılarkən ordu quruculuğu prosesinin bütünlüklə milli zəmin üzərində həyata keçirilməsi, hərbi potensialın məharətlə istiqamətləndirilməsi və konkret tarixi şəraitdə ölkənin ərazi bütövlüyünün, hərbi təhlükəsizliyinin layiqincə təşkil edilməsi məhz onun fəaliyyətinin nəticələridir.
Prezident İlham Əliyev 2015-ci il sentyabrın 29-da gənc nəslin azərbaycançılıq məfkurəsinə uyğun, vətənə məhəbbət ruhunda tərbiyəsində əhəmiyyətini nəzərə alaraq, Azərbaycan xalqı qarşısında müstəsna xidmətlər göstərmiş general Səməd bəy Mehmandarovun 160 illik yubileyinin dövlət səviyyəsində keçirilməsini təmin etmək məqsədi ilə Sərəncam imzalamışdır.
Mirzə Mustafa bəy Mehmandarov “Təzə məhəllə” sakinləri üçün su çəkdirmişdi
Mirzə Əli bəyin kiçik oğlu Mirzə Mustafa bəy Mehmandarov 1825-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Şuşa qəza məktəbini bitirən Mustafaya savadlı olduğuna görə şuşalılar “Mirzə” deyə müraciət etmişlər. 1843-cü ildə Şuşa qəza idarəsində katib işləmiş Mirzə Mustafa bəy Mehmandarov 1870-ci ildən Şuşa və Zəngəzur qəzalarında seçki üzrə ali müsəlman silkindən Şuşa bəy komissiyasının üzvü olmuş, kollec katibi, müşavir, xeyriyyəçi, xəttat, publisist kimi tanınmışdır. Şuşada qardaşı oğlu Qasım bəy Mehmandarovla birlikdə susuzluqdan əziyyət çəkən “Təzə məhəllə” sakinləri üçün 1899-cu ildə su çəkdirmiş və hər ikisinin vəsaiti hesabına yerli daşlardan memarlıq abidəsi sayılan gözəl bir bulaq tikilmişdir. “Təzə məhəllə” bulağı adlanan bu bulaq bir əsrə yaxın, yəni, Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən 1992-ci ildə işğalına qədər məhəllə sakinlərinin ehtiyacını təmin etmişdir.
Əbdülkərim bəy Mehmandarov - Azərbaycanın tanınmış həkimi, xeyriyyəçi, maarifçi və ictimai xadim
170 il əvvəl - 1854-cü il dekabrın 2-də Mirzə Mustafa bəyin böyük oğlu, ilk ali təhsilli azərbaycanlılardan biri olan Əbdülkərim bəy Mehmandarov Şuşada anadan olmuşdur. O, Şuşa qəza məktəbini əlaçı şagird kimi, daha sonra 1872-ci ildə Bakı şəhər gimnaziyasını qızıl medalla bitirərək Sankt-Peterburq Tibb Cərrahlıq Akademiyasına daxil olmuş, 1877-ci ildə akademiyanı bitirib Sankt-Peterburq klinik hərbi xəstəxanasında həkim işləmişdir. O, 1881-ci ildə 162-ci Axaltski piyada alayının kiçik həkimi vəzifəsinə təyin edilmiş, 1883-cü ilin yanvarında isə Yelizavetpol quberniyasının Cavanşir qəzasına həkim göndərilmişdir. Bununla da o, sonrakı bütün fəaliyyətini doğma Qarabağda səhiyyə və mədəni-maarif işlərinə həsr etmişdir.
O, 1895-ci ildən həkimlik fəaliyyətini Ağdamda və Şuşada davam etdirmiş, sonra Şuşada əvvəlcə “Difai” Partiyası Şuşa komitəsinin sədri, daha sonra isə komitənin əsasında yaradılan Qarabağ Birlik Məclisinin rəhbəri olmuşdu. O, Azərbaycanda ilk dəfə olaraq Qafqaz mülki idarəsinin əmri ilə Yelizavetpol (Gəncə) quberniyasının Cavanşir qəzasına həkim təyin edilib. Onun xeyriyyəçilik fəaliyyəti daha geniş olmuş, Əhməd bəy Ağaoğlu ilə birlikdə Şuşada xəstəxana və yetim qalmış uşaqlar üçün məktəb və qiraətxana açmışdır. 1911-ci ildə onun təşəbbüsü ilə Şuşada ilk dəfə qızlar məktəbi açılmışdır.
Mehmandarovların malikanə kompleksi – qədim tarixə malik memarlıq abidəsi
Qeyd etmək lazımdır ki, memarlıq abidəsi sayılan Mehmandarovlara məxsus malikanə kompleksinə böyük yaşayış evi, kiçik yaşayış evi və məscid daxildir. Həmçinin daha sonralar məscidə gedən yolun üstündə bulaq tikilmişdir. Mehmandarovların malikanə kompleksi ilk dəfə 1977-1978-ci illərdə Azərbaycan SSR Mədəniyyət Nazirliyi tərəfindən pasportlaşdırılmışdır. Azərbaycan Xalçası və Xalq-Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialının əsası Azərbaycan SSR Mədəniyyət Nazirliyinin 1985-ci il 26 sentyabr tarixli 502 nömrəli əmrinə əsasən qoyulmuşdur. XIX əsrə aid tarixi memarlıq abidəsi olan Mehmandarovlar ailəsinə məxsus malikanə kompleksində 1987-ci il 19 may tarixindən Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin (indiki Azərbaycan Milli Xalça Muzeyi) Şuşa filialı fəaliyyətə başlamışdır. Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən 1992-ci ildə işğalı zamanı filialdakı daşınması mümkün olan eksponatlar təxliyə olunaraq Bakıya gətirilmişdir. Bundan əvvəl, 1965-ci il martın 11-dən Mehmandarovların böyük yaşayış binasında Ə.M.Mehmandarov adına Şuşa Şəhər Xəstəxanası fəaliyyət göstərmişdir. Yaşayış kompleksinə daxil olan, 1984-cü ildən etibarən Şuşada təbii dərman vasitəsi kimi istifadə edilən bitkilərin toplandığı məhəllə məscidi isə sovet dövründə “Yaşıl Aptek” kimi fəaliyyət göstərmişdir.
Şuşanın azad edilməsindən sonrakı dövrdə - 2021-ci ilin oktyabrından etibarən Mehmandarovların malikanə kompleksində, ərazidəki ailə məscidi və bulaqda təmir-bərpa işləri aparılıb, bulağın damı əvvəlki vəziyyətinə gətirilmişdir.
2023-cü il mayın 9-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Mehmandarovların malikanə kompleksinin açılışında iştirak etdilər. 2021-ci ilin oktyabr ayından etibarən Mehmandarovların malikanə kompleksində, ərazidəki ailə məscidi və bulaqda təmir-bərpa işləri aparılmış, bulağın damı əvvəlki vəziyyətinə gətirilmişdir.
Bulaq Azərbaycan Prezidenti İlham Əliyev 2022-ci ilin sentyabrında kompleksdə bərpa işlərinin gedişi ilə tanış olarkən istifadəyə verilmişdir. Kompleksə daxil olan evin və məscidin binalarının dam örtükləri yenilənib, tavanlar bərpa edilmişdir. Bununla yanaşı, malikanə kompleksinin dağılmış divarı bərpa olunmuş, zədəli divarda bərkitmə işləri aparılmış, həmçinin məscidin “Güldəstə”si restavrasiya olunmuşdur. Evin həyətində XX əsrin əvvəllərinə aid tarixi fayton da dövrünün texnologiyalarına uyğun bərpa edilmişdir.
Görülmüş işlərdən sonra malikanə kompleksində “Qarabağ zadəganının evi” mövzusundakı ekspozisiya tərtib edilərkən XIX əsrin sonu – XX əsrin əvvəllərində Qarabağ zadəganının evinin interyeri, ziyalı şəxsin həyat tərzinin xüsusiyyətləri əsas götürülmüşdür. Ekspozisiyada Azərbaycan Milli Kino-Foto Sənədləri Arxivi, Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun materialları, həmçinin elmi ədəbiyyat mənbə qismində istifadə edilmişdir.
Zadəgan malikanəsinin qonaq otağı evin siması olduğundan burada ən müasir interyer elementlərindən istifadə edilmişdir. Malikanədəki otaqları milli əşyalarla yanaşı, avropasayağı məişət əşyaları da bəzəyir. Otaqlar dövrün eksponatları ilə XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid interyer qaydalarına uyğun tərtib edilmişdir. Artıq burada ziyarət edən hər bir kəs özünü XIX əsrin sonu - XX əsrin əvvəllərində yaşamış azərbaycanlı zadəganının evindəki kimi hiss etmiş olur. Ekspozisiyanın tərtibatı zamanı 150-dən çox əntiq əşyadan istifadə edilmişdir.
Xüsusi vurğulamaq lazımdır ki, Şuşada keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı çərçivəsində 2023-cü il mayın 11-də Mehmandarovların malikanə kompleksində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olub. Ən diqqətçəkən məqamlardan biri də konsertə Mehmandarovlar nəslinin nümayəndəsi, Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, Beynəlxalq müsabiqələr laureatı Mustafa Mehmandarovun dirijorluq etməsi idi. Bərpa işlərindən sonra malikanənin bu nəslin nümayəndəsinin dirijorluğu ilə möhtəşəm konsert proqramına ev sahibliyi etməsi Azərbaycan tarixində iz buraxmış Mehmandarovlar soyunun dünyadan köçmüş nümayəndələrinin xatirəsinə göstərilən yüksək ehtiramın ifadəsidir.
Beləliklə, maarifçilik beşiyi və mədəniyyət paytaxtımızda tikinti-quruculuq işləri dövlətimizin başçısının tapşırığına uyğun olaraq şəhərin tarixi memarlıq xüsusiyyətlərinə uyğun həyata keçirilir və mədəni-dini abidələr bərpa edilir. Şuşanın həm tarixi-mədəni ənənələri, həm də tarixi-memarlıq abidələri Azərbaycanın zəngin şəhərsalma mədəniyyətinin parlaq incisi kimi bərpa olunur.
Əminliklə söyləyə bilərik ki, Şuşa Azərbaycanın və Türk dünyasının mədəniyyət paytaxtı olmaqla yanaşı, həmçinin ictimai fikir və milli-ideoloji mərkəzə çevrilməkdədir.
Sabahın hava proqnozu açıqlanıb...
Azərbaycan Respublikasının fövqəladə...
NİİM: Qəzalar bəzi sürücülərin...
BDYPİ piyadalara çağırış edib...
FHN Akademiyasında Azərbaycan dilinin...