4 dekabr 2024, çərşənbə Bakı, 11°C
IMG-LOGO

COP16 çərçivəsində ümumi dəyəri 225 milyon Səudiyyə rialı olan beş yeni təşəbbüs təqdim edilib

03-12-2024
IMG

Dekabrın 3-də Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində keçirilən BMT-nin Səhralaşma ilə Mübarizə Konvensiyasının Tərəflər Konfransının 16-cı sessiyası (COP16) çərçivəsində “Təbiətimizlə birlikdə təşəbbüs edirik” şüarı altında Səudiyyə Ərəbistanının “Yaşıl təşəbbüs” forumunun dördüncü sessiyası işinə başlayıb.

Fhnews.az Səudiyyə Ərəbistanının SPA informasiya agentliyinə istinadla xəbər verir ki, forumun ilk günü ərzində ümumi dəyəri 225 milyon Səudiyyə rialı (60 milyon ABŞ dolları) olan beş yeni təşəbbüs təqdim edilib. Bu təşəbbüslər Krallığın iqlim və ətraf mühit sahəsində səylərini gücləndirən mühüm bir addım kimi qiymətləndirilir. “Yaşıl təşəbbüs” çərçivəsində həyata keçirilən 86 təşəbbüs üç Rio konvensiyasının məqsədlərinə çatmaqda nəzərəçarpan irəliləyişlər əldə edib.

Səudiyyə Ərəbistanının “Yaşıl təşəbbüs”ü emissiyaların azaldılması, səhralaşma ilə mübarizə və təbii ekosistemlərin qorunması vasitəsilə hər kəs üçün daha davamlı gələcək qurmaq məqsədinə xidmət edir.

Agentlik xəbər verir ki, Krallıq 2060-cı ilə qədər karbon neytrallığına nail olmaq istiqamətində qəti addımlar atır. Bu çərçivədə 2030-cu ilə qədər ildə 278 milyon ton emissiyanın azaldılması və bərpaolunan enerji mənbələrinin enerji sektorundakı payını 50%-ə çatdırmaq hədəf kimi götürülüb. Bildirilir ki, Səudiyyə Ərəbistanı, həmçinin Cubeyl şəhərində dünyanın ən böyük karbontutma mərkəzlərindən birini qurmağa başlayıb. Mərkəzdə 2027-ci ilə qədər 9 milyon ton karbon qazının tutulması planlaşdırılır.

“Yaşıl təşəbbüs” çərçivəsində 2021-ci ildən indiyədək 100 milyondan çox ağac əkilib və milyonlarla toxum səpilib. Bundan başqa, 118 min hektardan çox torpaq bərpa olunub. Bu yeni təşəbbüslər təbii mühitin bərpası, havanın çirklənməsinin azaldılması və biomüxtəlifliyin yaxşılaşdırılması məqsədilə həyata keçiriləcək və ümumi investisiya dəyəri 225 milyon Səudiyyə rialı təşkil edəcək. Krallıq 2030-cu ilə qədər 10 milyard ağac əkməyi planlaşdırır.

Paylaş: