4 dekabr 2024, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Azərbaycanda əlilliyi olan şəxslərin sosial müdafiəsi sahəsində ardıcıl işlər aparılır
 

03-12-2024
IMG

BMT Baş Assambleyasının qətnaməsinə əsasən hər il dekabrın 3-ü Beynəlxalq Əlilliyi olan Şəxslər Günü kimi qeyd edilir. Məqsəd ictimaiyyətin diqqətini əlilliyi olan şəxslərin hüquqlarının qorunmasına yönəltməkdir.

Prezident İlham Əliyevin uğurlu sosial siyasətində əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların reabilitasiyası və cəmiyyətə inteqrasiyasının dəstəklənməsi mühüm yer tutur və bu istiqamətlərdə ardıcıl, məqsədyönlü işlər aparılır.

Əlilliyi olan şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyə görə pensiya və ya aylıq sosial müavinət, eləcə də əlilliyi olan uşaqlar aylıq müavinətlə təmin olunurlar.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, müharibə, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və digər xüsusi səbəblərlə əlaqədar əlilliyi olan şəxslərə, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) əlilliyi olan şəxslərə pensiya və ya müavinətlə yanaşı, Prezidentin aylıq təqaüdü ödənilir. Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və 18 yaşadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edənlər Prezidentin aylıq təqaüdü ilə təmin edilirlər.

Aparılan sosial islahatların tərkib hissəsi kimi, həmin sosial ödənişlər artmaqda davam edir. 2018-2024-cü illərdə ölkəmizdə minimum pensiyada 2,5 dəfə, orta aylıq pensiyada 2,4 dəfə, müavinət və təqaüd ödənişlərində 5 dəfə artım baş verib. Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı həyata keçirilir. Tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra bu proqram 5 dəfə genişlənib. Onlara postmüharibə dövründə 6,3 min, ümumən ötən dövrdə 16 min mənzil və fərdi ev təqdim edilib. Həmçinin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə ötən dövrdə 7770 avtomobil təqdim edilib.

Əlilliyi olan şəxslərin və digər həssas qrupların yaradıcı potensialının inkişaf etdirilməsi daim diqqətdə saxlanır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan, 2021-ci ilin oktyabr ayında açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi Cənubi Qafqazda ilk və ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanı olmaqla, bu sahədə mühüm rola malikdir. Mərkəzdə ötən dövrdə 600-ə yaxın şəxsə xidmət göstərilib. İndiyədək Mərkəzdə həssas əhali qruplarından olan şəxslərin cəmiyyətə inteqrasiyası üçün 100-dən çox tədbir təşkil olunub. Burada mühüm bir hissəsi əlilliyi olan şəxslərdən ibarət olan benefisiarlar müxtəlif yaradıcılıq istiqamətləri üzrə təlimlərə cəlb edilməklə, onlara sosial pedaqoji və psixoloji xidmətlər də göstərilir. Ötən ilin noyabr ayında Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyevanın iştirakı ilə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İsmayıllıda “DOST EVİ” filialının açılışı olub.

Eyni zamanda, Heydər Əliyev Fondunun sosial layihələrindən biri kimi ötən dövrdə ölkəmizin 3 bölgəsində əlilliyi olan şəxslərin İKT vasitəsilə məlumat əldə etmək və biliklərini artırmaq üçün Regional İnformasiya mərkəzləri yaradılıb.

Son illər ölkəmizdə reabilitasiya infrastrukturu müasir tələblərə uyğun qurulub və şəbəkəsi genişləndirilib, reabilitasiya xidmətləri göstərilən şəxslərin illik sayı 7 dəfə artıb. Nazirliyin Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığı çərçivəsində, əlilliyi olan şəxslərin rəy və təklifləri də öyrənilməklə 2020-ci ildə və cari ildə qanunvericilikdə müvafiq dəyişikliklər edilib. Beləliklə, əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələri növlərinin sayı son 4 ildə 4 dəfəyə yaxın artırılaraq 34-dən 130-a çatdırılıb.

Ölkəmizdə son illərdə yüksək texnologiyalı son nəsil protezlərlə təminat da həyata keçirilir və 44 günlük Vətən müharibəsindən sonra müharibə ilə əlaqədar əlilliyi olan 490 şəxs 600 ədəd son nəsil müasir protezlə təmin olunub. Həmçinin əlilliyi olan şəxslərin məşğulluq və özünüməşğulluq imkanlarının artırılması daim diqqətdə saxlanılır, paralimpiya hərəkatı ildən-ilə daha da vüsət alır.

Paylaş: