4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Aİ ölkələrinin səhiyyə nazirləri açıq havada siqaret çəkilməsinin qadağan olunmasını tövsiyə edirlər

04-12-2024
IMG

Avropa İttifaqına (Aİ) üzv ölkələrin səhiyyə nazirləri açıq havada siqaretdən istifadənin qadağan olunmasını tövsiyə ediblər.

Fhnews.az “Spiegel” qəzetinə istinadla xəbər verir ki, nazirlər əsasən uşaq meydançalarında, avtobus dayanacaqlarında və açıq restoranlarda siqaretdən istifadənin qadağan olunması ilə bağlı Brüsseldə səsverməyə çıxarılan Avropa Komissiyasının tövsiyə təklifinin lehinə səs veriblər. Səhiyyə nazirləri uşaq meydançaları və açıq iaşə obyektləri ilə yanaşı, istirahət parklarında, üzgüçülük hovuzlarında, zooparklarda, çimərliklərdə, universitetlərdə və açıq havada keçirilən tədbirlərdə də siqaretdən istifadəyə qarşı daha sərt tələblərin müəyyənləşdirilməsini tövsiyə ediblər.

Avropa Komissiyasının vitse-prezidenti Tereza Ribera siqaret çəkməyənlərin qorunması üçün daha sərt tədbirlərin tətbiqinin vacibliyini vurğulayıb.

Müzakirələrdə maraqlı məsələlərdən biri də elektron siqaretlərlə bağlı olub. Səhiyyə nazirlərinin əksəriyyəti elektron siqaretlərin adi siqaretlərlə eyniləşdirilməsinə səs verib. Elektron siqaret istifadəçiləri arasında gənclərin sayının artması ilə əlaqədar üzv dövlətlərin daha ciddi məhdudlaşdırıcı tədbirlər görməsinin vacibliyi xüsusi qeyd edilib.

Avropa Komissiyasının bəyan etdiyi məqsəd 2040-cı ilədək siqaret çəkənlərin sayının əhalinin 5 faizindən aşağıya salınmasıdır. Komissiyanın hesabatına görə, tütündən istifadə hər il Aİ məkanında 700 min insanın həyatına son qoyur.

“Siqaretsiz tərəfdaşlıq” təşəbbüsünün 2022-ci ildə 37 ölkə arasında apardığı dəyərləndirməyə əsasən, siqaretdən istifadəyə qarşı ən sərt qanunvericilik bazası İrlandiya, Böyük Britaniya və Fransadadır. Almaniya bu göstərici üzrə sondan dördüncüdür.

Qeyd edək ki, bu tövsiyənin hər hansı hüquqi qüvvəsi yoxdur. Çünki Aİ ölkələrinin hər biri sağlamlıq məsələləri ilə bağlı daxili siyasətin müəyyənləşdirilməsində müstəqildir.

Paylaş: