5 dekabr 2024, cümə axşamı Bakı, 6°C
IMG-LOGO

İntensiv moruq bağları salan fermerlərə hər hektara görə 3200 manat birdəfəlik əkin subsidiyası veriləcək

04-12-2024
IMG

Azərbaycanda giləmeyvəçiliyin inkişaf etdirilməsi dövlət tərəfindən dəstəklənir, giləmeyvə istehsalı subsidiyalaşdırılır. Aqrar Subsidiya Şurasının qərarına əsasən, yeni təsərrüfat ilində də ölkəmizdə giləmeyvə yetişdiriciliyinə dəstək məqsədilə subsidiyalar veriləcək.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, 2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək respublikanın istənilən bölgəsində salınmış intensiv moruq bağları üzrə hər hektara görə fermerlərə 3200 manat birdəfəlik əkin subsidiyası veriləcək. Subsidiya hər hektarda ən azı 4700 tingin əkildiyi, damcı sulama sistemi ilə təchiz olunmuş intensiv moruq bağlarına şamil ediləcək.

Qeyd olunan şərtlərə uyğun gəlməyən intensiv moruq bağlarına görə isə suvarma sistemindən asılı olaraq iki fərqli subsidiyanın verilməsi nəzərdə tutulub.

Aqrar Subsidiya Şurasının qərarına əsasən, birdəfəlik əkin subsidiyası üçün müəyyən olunmuş şərtlərə uyğun gəlməyən, lakin müasir suvarma sistemi ilə təchiz olunmuş intensiv moruq bağları üzrə hər hektara görə fermerlərə 310 manat, müasir suvarma sistemi ilə təchiz olunmamış intensiv moruq bağları üzrə isə fermerlərə 250 manat subsidiya veriləcək.

Paylaş: