“Kreativ iqtisadiyyat: data modeli, ölçülməsi və əqli mülkiyyət” mövzusunda regional seminar başa çatıb
Əqli Mülkiyyət Agentliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının birgə təşkilatçılığı ilə “Kreativ iqtisadiyyat: data modeli, ölçülməsi və əqli mülkiyyət” mövzusunda regional seminar başa çatıb.
Bu barədə Əqli Mülkiyyət Agentliyindən məlumat verilib.
İki gün davam edən tədbirdə ÜƏMT-nin mütəxəssisləri tərəfindən kreativ iqtisadiyyatın aktual məsələlərinə dair təqdimatlar edilib.
Tədbirdə ÜƏMT-nin departament direktorunun müavini Dimiter Qançev “Kreativ iqtisadiyyatın mövcud ölçmə modellərinə ümumi baxış” mövzusunda məruzə edib. O, yaradıcı sektorun müxtəlif məsələlərinə toxunaraq kreativ sənaye tədqiqatlarının təkamülü, ÜƏMT metodologiyası, kreativ dəyər zənciri haqqında ətraflı məlumat verib. Vurğulanıb ki, yaradıcı sənayelər iqtisadiyyatın mühüm sektorlarından biridir və ümumi daxili məhsula (ÜDM) və məşğulluğa əhəmiyyətli töhfələr verir. D.Qançev statistik göstəriciləri təqdim edib və bu göstəricilərin yaradıcı sənayelər və kreativ iqtisadiyyat üçün nə qədər strateji əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Regional seminarda ÜƏMT-nin nümayəndəsi Rimantas Vaicenavicius “Müəllif-hüquq sənayesi ÜƏMT çərçivəsində” mövzusunda təqdimat edib. O, məşğulluq və beynəlxalq ticarətə diqqət yetirilməsinin əhəmiyyətini vurğulayıb və sahə üzrə əsas indikatorları təhlil edib.
Seminarda ÜƏMT-nin nümayəndəsi Felipe Buitragonun təqdimatı “Kreativ iqtisadiyyatın data modelinin yaradılması” mövzusuna həsr edilib. Təqdimatda kreativ iqtisadiyyat üçün data modelinin qurulmasının iqtisadiyyatda mühüm rolu əksini tapıb. Məruzəçi kreativ iqtisadiyyatın müxtəlif sektorları arasında məlumat axınını təmin etməklə, ekosistem yaratmaqla iqtisadiyyatın dayanıqlı inkişafını təmin etməyin mümkün olduğunu vurğulayıb. Təqdimatda sahibkarlığın hər bir ölkənin iqtisadi inkişafının əsas hərəkətverici qüvvələrindən biri olduğu və bunun üçün şərait yaradılmasının əhəmiyyətli olduğu qeyd edilib, həmçinin kreativ iqtisadiyyatda informasiya piramidasının yaradıcı fəaliyyətlərin effektiv idarə olunması, innovasiyaların təşviqi və bazar tendensiyalarına uyğun qərarlar qəbul etmək üçün vacib olduğu bildirilib və informasiya piramidasının elementləri haqqında ətraflı məlumat verilib.
ÜƏMT-nin nümayəndəsi Kübra Karataş “Modelin çərçivəsi, strukturu və indikatorları” mövzusunda məruzə edib. O, kreativ iqtisadiyyatın strukturu və komponentləri haqqında ətraflı məlumat verib, Kreativ İqtisadiyyat Data Modelinin (CEDM) kreativ iqtisadiyyatda fəaliyyət göstərən müxtəlif sahələr arasında məlumatların toplanması, təsnifatı, analizi və istifadəsini təmin edən bir məlumat strukturu olduğunu vurğulayıb. Bu modelin kreativ iqtisadiyyatın dəyər zəncirinin hər bir mərhələsində qərarların daha dəqiq qəbul edilməsinə kömək etdiyini bildirib.
Tədbirə onlayn rejimdə qoşulan professor Vanus James indeks metodologiyası və məlumat mənbələri, onlara olan tələblər barədə danışıb.
Felipe Buitragonun “Məlumat mənbələrinin müəyyən edilməsi üzrə problemlər” mövzusunda təqdimatında məlumat mənbələrinin müəyyən edilməsi üzrə problemləri haqqında məlumat verilib. O, məlumatların parçalanması, məlumat keyfiyyətinin dəyişkənliyi, məlumatlarda məhdud əlçatanlıq kimi məsələlərin informasiya mənbələrinin müəyyən edilməsinin əsas problemləri olduğunu vurğulayıb.
ÜƏMT-nin nümayəndəsi Valeria Brusnikina “Kreativ aktivlərlə rəqəmsal tranzaksiyalardan əldə edilən məlumatların istifadəsi” mövzusunda çıxış edib. Çıxışda kreativ sənayelərin ekosistemi, müəlliflik hüququ obyektlərinin yaradılması, qorunması, monetizasiyası, müxtəlif rəqəmsal platformalarda istifadəsi və monitorinqi, qeyri-qanuni istifadənin qarşısının alınması məsələlərinə toxunulub.
Tədbirdə Filippin nümunəsində təcrübənin öyrənilməsi və “Subregional hazırlığın qiymətləndirilməsi: kreativ iqtisadiyyatın milli statistik perspektivləri” mövzusu ətrafında müzakirələr təşkil olunub.
Azərbaycan ilə ÜƏMT arasında kreativ iqtisadiyyat sahəsində əməkdaşlığın davamı olan ikigünlük beynəlxalq tədbirdə ÜƏMT-ni təmsil edən nümayəndə heyəti, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan nümayəndələr müzakirələrdə fəal iştirak ediblər.
Regional seminar iştirakçıları tədbirin yüksək səviyyədə təşkil olunduğunu xüsusilə qeyd ediblər.
Sabahın hava proqnozu açıqlanıb...
Azərbaycan Respublikasının fövqəladə...
NİİM: Qəzalar bəzi sürücülərin...
BDYPİ piyadalara çağırış edib...
FHN Akademiyasında Azərbaycan dilinin...