IV Sənaye İnqilabının tələblərinə uyğun mütəxəssis hazırlığında elektron dərsliklərin roluna dair müzakirə aparılıb
Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun növbəti elmi seminarı Tədris-İnnovasiya Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudova və əməkdaş Lalə Paşayevanın həmmüəllifliyi ilə hazırlanmış “IV Sənaye İnqilabının tələblərinə uyğun mütəxəssis hazırlığında elektron dərsliklərin missiyası” mövzusunun müzakirəsinə həsr olunub.
Bu barədə institutdan məlumat verilib.
Mövzu üzrə çıxış edən L.Paşayeva qeyd edib ki, IV Sənaye İnqilabında dövrün tələblərinə cavab verən mütəxəssis hazırlığı ənənəvi tədris metodlarından daha çox rəqəmsal və innovativ yanaşmaların tətbiqini tələb edir. Bu missiya tələbələrin öyrənmə prosesini fərdiləşdirir, onlara yeni texnoloji vasitələrlə işləməyi öyrədir, eləcə də mürəkkəb bilikləri daha effektiv şəkildə mənimsəməyə şərait yaradır.
Sonra məruzəçi IV Sənaye İnqilabının çağırışları və mütəxəssislərə olan tələblər haqqında söz açaraq hazırda texniki bacarıqlara malik mütəxəssislərə tələbatın artdığını vurğulayıb. Bildirib ki, mütəxəssislər fənlərarası, texnoloji biliklər, informasiya ilə işləmə bacarıqları, yaradıcı və innovativ düşüncə, uyğunlaşma və öyrənmə həvəsi, eləcə də kibertəhlükəsizlik üzrə biliklərə malik olmalıdırlar.
Elektron dərsliklərə adaptiv, multimedia, elektron hipermətn dərsliklərinin, təhsil üçün mobil proqramların, virtual laboratoriyaların və s. aid olduğunu söyləyən tədqiqatçı bunların ənənəvi dərsliklərdən üstün cəhətlərini sadalayıb. Bildirib ki, bunlara interaktivlik, fərdiləşmə, əlçatanlıq, çeviklik, iqtisadi və ekoloji səmərəlilik daxildir.
L.Paşayeva elektron dərsliklərin IV Sənaye İnqilabının tələblərinə uyğun mütəxəssis hazırlığında missiyasının təkcə bilik və bacarıqların ötürülməsi ilə məhdudlaşmadığını diqqətə çatdırıb. Qeyd edib ki, bu dərsliklər həm də tələbələrin rəqəmsal dünyaya uyğunlaşması, fərdi bacarıqlarının inkişaf etdirməsi və daim dəyişən əmək bazarında rəqabətə davamlı olmaları üçün baza yaradır. Tədqiqatçının sözlərinə görə, elektron dərsliklər müasir təhsil prosesinə texnologiya ilə zənginləşdirilmiş, fərdiləşdirilmiş və əlçatan bir yanaşma gətirərək mütəxəssis hazırlığında dəyərli vasitə olaraq çıxış edir və peşəkar hazırlığın effektivliyini artırır.
“Məktəbəqədər təhsildə liderlik”...
BDU-nun 105 illik yubileyi çərçivəsində...
UNEC tələbələri “Bloomberg” Qlobal...
Yaşıl dünya üçün bilginin gücü:...
Kiberfiziki sistemlərin intellektual...