4 dekabr 2024, çərşənbə Bakı, 11°C
IMG-LOGO

ADA Universiteti və tərəfdaşları Beynəlxalq Əlilliyi olan Şəxslər Günü münasibətilə internat tipli məktəblərdə görüşlər keçiriblər

03-12-2024
IMG

ADA Universiteti, ADA Universiteti Fondu (ADAF) və “PAŞA Bank”ın birgə təşkilatçılığı ilə keçirilən sosial layihənin ikinci mərhələsi başlayıb.

Bu barədə ADA Universitetindən məlumat verilib.

Layihənin ilk təşəbbüsü 3 Dekabr - Əlilliyi olan Şəxslər Gününə təsadüf edib. Bu münasibətlə dekabrın 3-ü 1 nömrəli ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbində və 11 nömrəli inteqrasiya təlimli internat məktəbində təhsil alan 100-dək şagirdlə görüş keçirilib.

11 nömrəli məktəbdə təhsil alan 6-11 yaşlı şagirdlərin yaradıcı düşüncə tərzini ortaya çıxarmaq, onların özlərini daha səlis şəkildə ifadə etmələrinə dəstək olmaq üçün rəssamlar tərəfindən xüsusi təlim təşkil edilib.

1 nömrəli məktəbdə təhsil alan 13 yaşdan yuxarı məktəblilər üçün isə psixoloqların iştirakı ilə xüsusi sessiyalar təşkil edilib. Onlara pis vərdişlərdən uzaq durmağın vacibliyindən, özünə və cəmiyyətə fayda vermək üçün öz üzərlərində çalışmağın, eləcə də təhsilə, peşəyə yiyələnmənin əhəmiyyətindən bəhs edilib. Bununla yanaşı, məktəbin pedaqoji kollektivi də şagirdlərə yanaşmada tətbiq edilən müasir metodlar barədə məlumatlandırılıb. Hər iki məktəbdə keçirilən görüşlər sağlamlıq imkanları məhdud olan məktəblilərin təqdim etdikləri musiqili-əyləncəli proqramla, tamaşalarla yekunlaşıb. Şagirdlərin kompozisiya və rəqsləri və onlara təqdim edilən hədiyyələr bu görüşü daha yaddaqalan edib.

ADA Universiteti Fondunun Sponsorluq layihələri şöbəsinin direktoru Firuzə İsmayıl Əliyeva layihə ilə bağlı bildirib: “ADA Universiteti daim tərəfdaşları ilə birgə sosial məsuliyyət layihələrinin icrasına önəm verir, fiziki cəhətdən müəyyən məhdudiyyətlərə malik olan şəxslərin cəmiyyətə inteqrasiyasını dəstəkləyir”.

Xatırladaq ki, ADA Universiteti Fondu və “PAŞA Bank” ötən il sözügedən sosial layihənin ilk mərhələsinə başlayıb. Layihə çərçivəsində internat tipli məktəblərdə təhsil alan qızlar üçün psixoloqlar tərəfindən seminar və təlimlər keçirilib. Bu tədbirlərdə tanınmış ziyalılar, Milli Məclisin deputatları və məşhur simalar da iştirak ediblər. Məktəblilər üçün, həmçinin müxtəlif məkanlara ekskursiyalar təşkil edilib.

Paylaş: