4 dekabr 2024, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Liderlər Sammitində COP29-un informasiya təhlükəsizliyindən danışılıb

02-12-2024
IMG

İsveçrənin Sürix şəhərində Qlobal Kibertəhlükəsizlik Konfransı keçirilib. Tədbir çərçivəsində İspaniya Milli Kibertəhlükəsizlik İnstitutu (INCIBE) və İsveçrə Kibertəhlükəsizlik İnstitutunun birgə səyi nəticəsində dünyanın kibertəhlükəsizlik liderlərini ilk dəfə bir araya gətirən Şərq-Qərb Alyansı Qlobal Kibertəhlükəsizlik Sammiti təşkil olunub.

Fhnews.az Azərbaycan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatına istinadla xəbər verir ki, tədbirdə “Kibertəhlükəsizlik Sahəsində Dövlət-Özəl Tərəfdaşlığının Gücləndirilməsi” panelində məruzəçi qismində iştirak edən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov kibertəhlükəsizlik sahəsində dövlət özəl tərəfdaşlığın inkişafının əhəmiyyətindən və bu istiqamətdə ölkəmizin gələcək planlarından danışıb.

Həmçinin məruzəsində “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası”, “Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında” və digər sahə üzrə qəbul edilən sənədlərdə dövlət-özəl əməkdaşlığına xüsusi yerin verildiyindən bəhs edib. Bununla yanaşı, çıxışında sahə üzrə vergi güzəştlərinə toxunan idarə rəisi, həmçinin ölkəmizdə yüksək səviyyədə keçirilmiş “COP29” tədbirinin informasiya təhlükəsizliyinin təmin olunmasında dövlət-özəl əməkdaşlığının uğurlu təcrübəsini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Beynəlxalq əməkdaşlığı gücləndirmək və qlobal kibertəhlükəsizlik liderləri arasında ideya və strategiyaların mübadiləsini, kibertəhlükəsizliyə qarşı vahid mövqeyin gücləndirilməsini və qlobal kibertəhlükəsizliyin mürəkkəb problemlərinə qarşı əlaqəli yanaşmanı təşfiq etmək məqsədilə liderlər arası Şərq-Qərb Alyansı Qlobal Kibertəhlükəsizlik Sammitinin hər il davamlı olaraq keçirilməsi qərara alınıb.

Paylaş: