4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Yüksək Səviyyəli 29-cu Toplantının növbəti paneli “Ərzaq və kənd təsərrüfatı sektorunun xüsusi vəziyyəti” mövzusuna həsr olunub

20-06-2024

İyunun 20-də - “COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantının ikinci günündə “Ərzaq və kənd təsərrüfatı sektorunun xüsusi vəziyyəti” mövzusunda panel müzakirələri olub.

Fhnews.az xəbər verir ki, panel iclasının moderatoru - Beynəlxalq Kənd Təsərrüfatı Tədqiqat Mərkəzləri Konsorsiumunun (CGIAR) icraçı direktoru, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının sabiq baş alimi İsmahane Elouafi iqlim dəyişikliyinin qarşısının alınması üçün hər bir sektorda görülə biləcək ən yaxşı işin emissiyaları azaltmaq və fəaliyyətin səmərəliliyini artırmaq olduğunu qeyd edib. Deyib ki, bunun üçün ərzaq və kənd təsərrüfatı sektoru həqiqətən dəyişdirilə bilər.

O bildirib ki, istixana qazlarının aradan qaldırılmasına böyük töhfə verə biləcək fəaliyyət həyata keçirmək və beləliklə, bəşəriyyətin iqlim dəyişikliyi problemini həll etmək üçün irəli sürülən həllərin tərkib hissəsi məhz kənd təsərrüfatı sisteminin səmərəli fəaliyyətidir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin son illərdə təbii fəlakətlərin aqrar sektora 3 trilyon dollardan çox zərər vurduğunu deyib. Qeyd edib ki, kənd təsərrüfatı istehsalı və ərzaq təhlükəsizliyi, həmçinin iqlim dəyişikliyi, pandemiya, epidemiya və silahlı münaqişələrdən də zərər çəkir.

Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova diqqətə çatdırıb ki, ölkəmizin kənd təsərrüfatı sektoru iqlim dəyişikliyi, o cümlədən temperaturun dəyişməsi, yüksəklikdə yağıntıların norması və ekstremal hava hadisələrinin artması ilə bağlı əhəmiyyətli risklərlə üzləşir.

Ölkəmizdə kənd təsərrüfatı sahəsində tərəfdaşlıq sistemi haqqında məlumat verən nazir müavini deyib: “Buna görə də COP29-da ərzaq təhlükəsizliyi və qida məsələləri ilə bağlı bu çağırış bizim üçün vacibdir. Azərbaycanın kənd təsərrüfatı sahəsində məhsuldarlığını, ərzaq təhlükəsizliyini və kənd icmalarının rifahını yaxşılaşdırmaq əsas məqsədidir. Azərbaycanın hazırda bütün dünyada iqlim dəyişikliyi və ətraf mühitin qorunması məsələlərinə sadiqliyini bildirən Prezident İlham Əliyevin 2024-cü ili ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsi buna bariz nümunədir”.

İ.Qədimova vurğulayıb ki, hazırda Azərbaycanda kənd təsərrüfatı sahəsində dövlət dəstəyi ilə dronlar, robotlaşdırılmış texnika və elmin ən yeni nailiyyətləri tətbiq olunur. Bu isə ərzaq və qida təhlükəsizliyinə töhfə verir.

Monteneqronun sabiq Prezidenti Filip Vuyanoviç COP29-dan yüksək nəticə gözlədiyini deyib. Bildirib ki, hazırda bütün dünyada meyvə və su problemi var. “Biz bilirik ki, qlobal miqyasda istehsal olunan ərzaq məhsullarının təqribən 40 faizi israf edilir, hər bir ölkədə həddindən artıq ərzaq istehsalı baş verir. Ərzaq çatışmazlığı yoxsul ölkələrdə insanların həyatı və sağlamlığı üçün təhlükəli, ölüm halları doğuran səbəblərdəndir”, - deyə o əlavə edib.

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) sabiq Baş direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Əbdüləziz əl-Tüveycri bütün dünya əhalisinin ərzaq təhlükəsizliyinin təmin olunmasının zəruriliyini vurğulayıb. O, COP29-un da bu istiqamətdə atılan mühüm addım olacağına inandığını bildirib.

COP29-un əhəmiyyətini vurğulayan Əbdüləziz əl-Tüveycri bildirib ki, bu tədbir bütün dünya dövlətlərini aclıq və müharibələrdən əziyyət çəkən ölkələri dəstəkləməyə çağırmaq üçün bir vasitədir. Ərzaq çatışmazlığından əziyyət çəkən ölkələri dəstəkləmək bütün bəşəriyyətin gələcəyinə veriləcək dəstəkdir.

Panel iclası mövzu ətrafında müzakirələrlə yekunlaşıb.

Paylaş: