4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Yüksək Səviyyəli 29-cu Toplantı çərçivəsində günün sonuncu panel iclası təşkil edilib

19-06-2024
IMG

Bakıda keçirilən “COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantı çərçivəsində təşkil edilən panel iclaslardan biri “İqlim dəyişikliyi və onun su, biomüxtəliflik və ərzaq təhlükəsizliyi ilə əlaqələri” mövzusuna həsr olunub.

Fhnews.az xəbər verir ki, günün sonuncu panel iclasında çıxış edən İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin sabiq Baş direktoru, iclasın moderatoru Valter Fust iqlim dəyişikliyi ilə mübarizədə ölkələr və beynəlxalq təşkilatlar arasında əlaqələrin, eləcə də medianın təsirinin böyük olduğunu deyib. Bu işdə medianın səfərbər edilməsinin və fəallığının artırılmasının vacibliyinə diqqət çəkən V.Fust bir neçə il əvvəl Davosda Dünya İqtisadi Forumunda ərzaq təhlükəsizliyi ilə bağlı sessiyada çıxışını xatırladıb. Onun sözlərinə görə, həmin iclasda bir çox mütəxəssis belə qənaətə gəlib ki, su probleminə toxunmadan heç vaxt qida təhlükəsizliyindən danışmaq olmaz.

Moldovanın sabiq Baş naziri Kirill Qaburiç bildirib ki, iqlim dəyişikliyinin zərər verdiyi sahələrdən biri də şirin su qaynaqlarının azalmasıdır. Su problemi biomüxtəliflik üçün ciddi təhlükə mənbəyidir. Sağlam planet və sağlam insanlar üçün yeni həll yolları tapılmalıdır. Bu işdə sadəcə dövlətlər deyil, şəxslər də iştirak etməlidirlər.

BMT Baş Assambleyasının 77-ci sessiyasının sədri Caba Korosi istiləşmədən yaranan problemlərin müxtəlif sahələrdə özünü büruzə verdiyini qeyd edib. Qlobal istiləşmə ilə bağlı problemin həllini tapmaq üçün bütün aspektləri nəzərdən keçirməyin vacibliyini söyləyən C.Korosi deyib: “Bakıda keçiriləcək COP29-da sözügedən bütün aspektlərə toxunulacaq, geniş müzakirələr aparılacaq. Düşünürəm ki, insanların informasiyalarının artırılması bu məsələdə bizə kömək edə bilər”.

Qida təhlükəsizliyi üçün qlobal tədqiqat tərəfdaşlığı şirkəti olan CGIAR-ın icraçı direktoru, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının sabiq baş elmi işçisi İsmahane Elouafi qlobal istiləşmə problemini yaradan amillərdən bəhs edərək bildirib ki, bu məsələdə insanların rolu olduqca böyükdür: “Hər kəs anlamalıdır ki, yaşadığımız planet bizimdir və onu qorumalıyıq. Hazırda düşünülən ən dəhşətli məqam bizim sözügedən problemi özümüzdən sonra gələn nəsillərə ötürməyimizdir”.

Qeyd edək ki, 8 paneldən ibarət və 100-dək qonağın iştirak etdiyi tədbirin ilk günündə “Çağırışın statusunun icmalı”, “Balanslaşdırma, azaltma, uyğunlaşma və davamlılıq” və “İqlim dəyişikliyi və onun su, biomüxtəliflik və ərzaq təhlükəsizliyi ilə əlaqələri” mövzusunda panel müzakirələr aparılıb.

Tədbir iştirakçıları, həmçinin “Elm, texnologiya və innovasiyanın rolu”, “Ərzaq və kənd təsərrüfatı sektorunun xüsusi vəziyyəti”, “İqlim dəyişikliyinə və Davamlı İnkişaf Məqsədlərinə cavabımızın maliyyələşdirilməsi”, “Eyni planet, eyni sağlamlıq: davamlı gələcək üçün birləşmək” və “Azərbaycanın öz təcrübəsindən dərslər” mövzularında panellərdə fikirlərini bölüşəcək, təkliflərini səsləndirəcəklər.

Panel müzakirələrdən biri Zəngilan rayonunda təşkil olunacaq.

Tədbir işini iyunun 21-də yekunlaşdıracaq.

Paylaş: