Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında əməkdaşlığa dair memorandum imzalanıb
Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti Çin Kommunist Partiyasının (ÇKP) dəvəti ilə Çində səfərdədir.
YAP-ın mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində noyabrın 13-də YAP nümayəndə heyəti ilə ÇKP Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, nazir Lyu Cyançao arasında görüş keçirilib.
Görüşdə Lyu Cyançao Azərbaycan-Çin münasibətlərinin inkişafının təqdirəlayiq olduğunu, bir-birinin maraqlarına hörmət edən, ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən iki ölkə arasında əlaqələrin siyasi, iqtisadi, mədəni, humanitar, nəqliyyat-logistika və digər sahələri əhatə etməklə çoxşaxəli xarakter daşıdığını bildirib, Çinin Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu diqqətə çatdırıb.
Bu ilin iyulunda Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpinin görüşünə diqqəti cəlb edən L.Cyançao iki dövlət arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamənin imzalanmasının işbirliyinin dərinləşdirilməsi baxımından önəmini qeyd edib. O, Çinin Azərbaycanın müxtəlif platformalarda, o cümlədən BRICS çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığı inkişaf etdirməsinə dəstək verdiyini qeyd edib.
Çinin Azərbaycanın beynəlxalq əhəmiyyətli təşəbbüslərini təqdir etdiyini söyləyən Lyu Cyançao ölkəmizin qlobal iqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizədə əhəmiyyətli rolunu və dəyərli töhfələrini xüsusi vurğulayıb. O, COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırıb, ölkəsinin bu tədbirdə geniş nümayəndə heyəti ilə yüksək səviyyədə təmsil olunduğunu ifadə edib.
Qarşılıqlı səfərlərin önəmini qeyd edən L.Cyançao dövlətlər və partiyalar arasında hər bir təmasın əməkdaşlığın genişlənməsinə xidmət etdiyini vurğulayıb. Ötən il YAP nümayəndə heyətinin Çinə səfərini məmnunluqla xatırlayan L.Cyançao səfər çərçivəsində kifayət qədər əhəmiyyətli və məhsuldar görüşlərin keçirildiyini vurğulayıb.
O, YAP nümayəndə heyətinin İkinci Qlobal Cənub Beyin Mərkəzləri Dialoqunda iştirakının ortaq hədəflər naminə səmərəli müzakirələrin aparılması və əməkdaşlığın gələcək istiqamətlərinin müəyyənləşdirilməsi baxımından böyük önəm kəsb etdiyini bildirib.
Tahir Budaqov dostluğa, qarşılıqlı faydalı əməkdaşlığa və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Çin münasibətlərinin ölkələrimizin liderlərinin siyasi iradəsi sayəsində dinamik inkişafda olduğunu və mühüm perspektivlər vəd etdiyini söyləyib.
O, ölkələrimiz arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamənin qəbulunun tarixi əhəmiyyətə malik olduğunu vurğulayaraq, hazırda müxtəlif sahələri əhatə edən çoxşaxəli əməkdaşlığın dərinləşdirilməsi üçün əlverişli şəraitin olduğunu diqqətə çatdırıb: "Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Çin Xalq Respublikasının və Azərbaycan Respublikasının rəsmi olaraq strateji tərəfdaşlara çevrilməsi böyük nailiyyət və yüksək məsuliyyətdir”.
Bütün istiqamətlərdə, xüsusilə innovativ texnologiyalar, “yaşıl iqtisadiyyata” keçid və nəqliyyat-logistika sahələrində işbirliyinin dərinləşdirilməsi üçün geniş imkanların mövcudluğunu qeyd edən Tahir Budaqov Azərbaycanın Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə ilk dəstək verən ölkələrdən biri kimi bu layihə və Orta Dəhliz çərçivəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. O, Azərbaycanın təşəbbüsü olan Zəngəzur dəhlizinin reallaşdırılmasının bir çox dövlətlərin mənafeyinə xidmət edən qlobal xarakterli yeni əməkdaşlıq platformasının formalaşması baxımından əhəmiyyətini vurğulayıb.
Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi nəticəsində yeni geostrateji reallıqların yarandığını söyləyən YAP Sədrinin müavini hazırda regionda mövcud vəziyyət, azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri barədə məlumat verib.
Ölkəmizin bəşəriyyəti narahat edən qlobal problemlərin həllində yaxından iştirak etdiyini, o cümlədən iqlim dəyişmələrinə qarşı fəal mübarizə mövqeyi sərgilədiyini söyləyən Tahir Budaqov Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu və ölkəmizin hazırda COP29-a uğurla ev sahibliyi etdiyini diqqətə çatdırıb. O, bu tədbirin Azərbaycanda keçirilməsinin beynəlxalq səviyyədə ölkəmizə göstərilən etimadın daha bir bariz nümunəsi olduğunu vurğulayaraq, bu məsələdə Çinin dəstəyinə görə minnətdarlıq ifadə edib.
Azərbaycan-Çin münasibətlərinin inkişafında iki ölkənin hakim partiyalarının əməkdaşlığının rolundan bəhs edən Tahir Budaqov deyib ki, iki ölkə arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamədə əksini tapan başlıca məsələlərdən biri də partiyalararası əlaqələrin gücləndirilməsidir. Bildirib ki, qarşılıqlı səfərlər partiyalararası münasibətlərin bütün istiqamətlərdə inkişafına təkan verir.
Son illərdə hakim partiyalar arasında təmasların artması və dialoqun gücləndirilməsinin önəmini qeyd edən YAP Sədrinin müavini ötən il YAP nümayəndə heyətinin Çinə səfərinin ikitərəfli əlaqələrin inkişafında əhəmiyyətini xüsusi vurğulayıb. Bu əlaqələrin davamı kimi, YAP ilə ÇKP arasında imzalanan əməkdaşlıq memorandumunun işbirliyinin siyasi və hüquqi əsaslarını möhkəmləndirməklə partiyalar arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsini təmin edəcəyi vurğulanıb.
Görüşdə bir sıra Qərb ölkələrinin müstəqil siyasət yürüdən dövlətlərə qarşı ikili standartlara əsaslanan, beynəlxalq hüquq normalarına zidd qərəzli siyasətinin beynəlxalq təhlükəsizliyə və əməkdaşlığa təhdid yaratdığı qeyd olunaraq, belə hallara qarşı qətiyyətli mübarizənin önəmi vurğulanıb, qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.
Sonra Tahir Budaqov və Lyu Cyançao YAP ilə ÇKP arasında əməkdaşlıq memorandumunu imzalayıblar.
YAP nümayəndə heyəti İkinci Qlobal Cənub Beyin Mərkəzləri Dialoqunun iştirakçılarının şərəfinə verilən ziyafətdə də iştirak edib.
Aİ-nin ali nümayəndəsi...
Milli Məclis sədrinin müavini TBMM-in...
Pakistanın Hüquq və Ədalət...
Azərbaycanın xarici işlər naziri...
Azərbaycan, Türkiyə və Gürcüstan...