4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Yaşıl enerjiyə keçid məsələsində Azərbaycan-İtaliya parlamentlərarası əməkdaşlığı müzakirə edilib

13-11-2024
IMG

Noyabrın 13-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvləri ölkəmizdə səfərdə olan İtaliya parlamentinin nümayəndə heyəti ilə görüşüblər.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov qonaqların Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçirilən 29-cu sessiyasında (COP29) iştirakını yüksək qiymətləndirib. O, hazırda ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək Azərbaycan-İtaliya tərəfdaşlığının inkişafında hər iki ölkənin dövlət başçılarının mühüm rolundan söz açıb, əməkdaşlığımızın daha da möhkəmləndirilməsinin ölkələrimizin maraqlarına cavab verdiyini vurğulayıb.

Belə mötəbər iqlim sammitinin Bakıda keçirilməsindən bəhs edən komitə sədri Azərbaycanın ətraf mühit problemlərinə həssaslıqla yanaşdığını diqqətə çatdırıb, ölkəmizin həyata keçirdiyi yaşıl enerji və yaşıl texnologiya layihələri barədə qonaqlara məlumat verib, Azərbaycanın Avropaya yaşıl enerji tədarükü ilə bağlı niyyətlərindən danışıb.

İtaliya Deputatlar Palatasının Ekologiya komitəsinin sədri Mauro Rotelli COP29 kimi tədbirin yüksək səviyyədə təşkili üçün Azərbaycana minnətdarlığını bildirib, tədbirin yekunlarının hər kəs üçün faydalı olacağını söyləyib.

Sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım, komitə üzvləri Eyvaz Qurbanov, Asif Əsgərov, İtaliya Respublikası Senatının üzvü Nikola İrto, Deputatlar Palatasının üzvü Marko Simiani ölkələrimiz arasındakı ikitərəfli və parlamentlərarası əlaqələrin inkişafı barədə fikirlərini bölüşüblər.

Görüş iqlim dəyişiklikləri ilə mübarizə və yaşıl enerjiyə keçid kimi sahələrdə parlamentlərarası əməkdaşlıq məsələlərinin müzakirəsi ilə davam etdirilib.

Görüşdən sonra qonaqlar parlamentin plenar iclas zalı və Milli Məclisin foyesində yaradılmış Zəfər Guşəsi ilə tanış olublar.

Sonda görüş iştirakçıları xatirə şəkli çəkdiriblər.

Paylaş: