XXVII Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində keçirilən görüşlərdə Azərbaycan-Rusiya əməkdaşlığı müzakirə edilib
Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti XXVII Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak edib.
Fhnews.az AZƏRTAC-a istinadən xəbər verir ki, Forum çərçivəsində bir sıra görüşlər də keçirilib. Rusiya Prezidenti Administrasiyası rəhbərinin müavini Maksim Oreşkinlə görüşdə dostluq və mehriban qonşuluq təməlləri üzərində qurulmuş Azərbaycan-Rusiya əməkdaşlığının strateji tərəfdaşlıq səviyyəsində hərtərəfli inkişafında dövlət başçılarının xüsusi rolu vurğulanıb. Həmçinin ticarət əlaqələrinin təşviqi, iqtisadi əməkdaşlıq çərçivəsində klasterlərin yaradılması, Azərbaycan-Rusiya regionlararası forumlarının keçirilməsi, iqtisadi zonalar üzrə fəaliyyətin təkmilləşdirilməsi və sərhəd-keçid məntəqələrinin imkanlarının artırılmasından məmnunluq ifadə edilib.
Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşdə ölkələrimiz arasında əməkdaşlığın müxtəlif aspektləri müzakirə olunub. Azərbaycan ilə Macarıstan arasında ikitərəfli, o cümlədən çoxtərəfli münasibətlərin inkişaf etdiyi, əməkdaşlıq gündəliyinin genişləndirilməsində və perspektivlərin müzakirəsində qarşılıqlı təmasların və səfərlərin əhəmiyyəti vurğulanıb. İki ölkə arasında müxtəlif, o cümlədən iqtisadi, ticarət, enerji təhlükəsizliyi, investisiyalar və digər sahələr üzrə əməkdaşlığın möhkəmləndirilməsi, həyata keçirilən birgə layihələrin uğurlu icrasının əhəmiyyəti qeyd olunub.
Rusiya Federasiyasının Dağıstan Respublikası Hökumətinin sədri Abdulmuslim Abdulmuslimovla görüşdə əməkdaşlığın müxtəlif sahələrdə, o cümlədən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində əməkdaşlıq müzakirə olunub. Vurğulanıb ki, sərhəd-keçid məntəqələrinin yenidən qurulması nəticəsində onların keçid qabiliyyəti, eləcə də yükdaşımaların həcmi artıb. Bununla yanaşı, yolların genişləndirilməsi üçün əlavə tədbirlər görülür.
Baş nazirin müavini Şahin Mustafayev Rusiya Federasiyası İnquşetiya Respublikasının rəhbəri Mahmud Əli Kalimatovla görüşdə Rusiya və Azərbaycan prezidentlərinin regionlararası əlaqələrin inkişafına dair tapşırıqlarının fəal şəkildə icra edildiyini diqqətə çatdırıb. Qeyd edilib ki, Azərbaycan-Rusiya regionlararası forumlarının keçirilməsi, mütəmadi əsasda təşkil olunan biznes forumlar, eləcə də iki ölkənin regionları arasında biznes-missiyaların icrası xüsusi əhəmiyyətə malikdir.
Şahin Mustafayevlə Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlovun görüşündə isə qeyd edilib ki, Peterburq Beynəlxalq İqtisadi Forumu Azərbaycanın iqtisadi inkişaf məsələlərinin və Peterburqla əməkdaşlığın müzakirəsi üçün mühüm platforma rolunu oynayır.
Aleksandr Beqlov Sankt-Peterburq və Azərbaycanın 2024-2028-ci illər üzrə yeni "Yol xəritəsi" çərçivəsində birgə fəaliyyəti davam etdirdiyini deyib. Bildirilib ki, Rusiya-Azərbaycan münasibətləri yüksək səviyyədə olmaqla bərabərhüquqluluq prinsipi və bir-birinin maraqlarını nəzərə almaqla inkişaf etdirilir.
Aİ-nin ali nümayəndəsi...
Milli Məclis sədrinin müavini TBMM-in...
Pakistanın Hüquq və Ədalət...
Azərbaycanın xarici işlər naziri...
Azərbaycan, Türkiyə və Gürcüstan...