4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

XİN: Azərbaycan minalanmış bütün ərazilərin dəqiq xəritələrinin Ermənistan tərəfindən təqdim olunmasını gözləyir

26-01-2024

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Ermənistan Milli Təhlükəsizlik Xidmətinin ölkəmizə mina xəritələrinin təqdim olunması niyyəti barədə 2024-cü il 25 yanvar tarixli bəyanatını qeydə alıb.

Fhnews.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin heç bir fərq qoymadan, kütləvi və məqsədyönlü şəkildə minalanması postmünaqişə dövründə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, bu ərazilərdə fəaliyyət göstərən mülki əhaliyə, habelə məcburi köçkünlərin geri qayıtmasına və öz yerlərində dinc yaşamasına çətinlik törədən əsas təhdidlərdəndir. Ermənistanın bu fəaliyyəti müharibə cinayəti olmaqla yanaşı, beynəlxalq humanitar hüququn və Ermənistanın üzərinə götürdüyü öhdəliklərin ciddi pozuntusudur.

Azərbaycan tərəfi həm 2020-ci il Vətən müharibəsindən əvvəl, həm də postmünaqişə dövründə Ermənistan tərəfindən mina xəritələrinin təqdim olunmasını dəfələrlə tələb edib.

2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasından sonra əvvəlcə, ümumiyyətlə, mina xəritələrinin olmasını inkar edən Ermənistanın daha sonradan beynəlxalq təzyiq nəticəsində təqdim etdiyi kiçik qisim mina xəritələrinin etibarlılığının yalnız 25 faiz təşkil etdiyi məlumdur. Təqdim edilmiş bu xəritələrin yararsız və natamam olduğu, real vəziyyəti əks etdirmədiyi dəfələrlə tərəfimizdən bildirilib. Bu xəritələrdə ərazilərimizdə guya 400 min mina basdırıldığı qeyd edilsə də, reallıqda minaların sayının 1 milyondan artıq olduğu faktı mövcuddur.

Eyni zamanda, qeyd edək ki, son illərdə mina partlayışlarının 55 faizindən çoxu Ermənistan tərəfindən təhvil verilən xəritələrdən kənar ərazilərdə baş verib. Xatırladırıq ki, 2020-ci il Vətən müharibəsinin başa çatmasından etibarən bu günədək 342 nəfər vətəndaşımız mina partlayışından zərər çəkib, onlardan 3-ü jurnalist olmaqla, 65 nəfər həyatını itirib. Həlak olan 65 nəfərdən 50 nəfəri mülki şəxsdir.

2020-ci ildən sonra da Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində və bu ərazilərin perimetrləri boyunca Ermənistan tərəfindən bu ölkə istehsalı olan yeni minaların yerləşdirildiyi faktı mövcuddur ki, burada da 500 mindən artıq mina basdırıldığı məlumdur. Bu, eyni zamanda, son onilliklər ərzində Ermənistan tərəfindən guya minaların istehsal və ixrac edilmədiyi barədə bəyanatların heç bir əsasının olmadığını göstərib.

Ermənistan tərəfinin bu açıqlaması sözügedən ölkənin niyyətinin humanitar prosesə töhfə vermək olmadığını göstərir və bu addım etimad quruculuğu tədbiri kimi qiymətləndirilə bilməz. Azərbaycan tərəfi bu günə qədər ölkəmizə tam şəkildə təqdim edilməyən minalanmış bütün ərazilərin dəqiq xəritələrinin Ermənistan tərəfindən təqdim olunmasını gözləyir.

Bununla yanaşı, son 30 il ərzində itkin düşmüş 4000-ə yaxın azərbaycanlıların aqibəti, habelə azərbaycanlıların dəfn olunduqları kütləvi məzarlıqların yerləri barədə Ermənistan tərəfindən məlumatların təqdim edilməsi məqsədilə təxirəsalınmaz tədbirlər görülməlidir.

Paylaş: