4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

XİN: Aİ-nin qərəzli və ədalətsiz bəyanatları Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilir

12-09-2024
IMG

“Avropa İttifaqı (Aİ) tərəfi Fransada “sarı gödəkçəlilər” aksiyasında etirazçıların öldürülməsi, Fransanın neokolonial siyasəti nəticəsində dənizaşırı ərazilərdə yerli əhaliyə qarşı işgəncələr, Aİ strukturlarında rüşvətxorluq və korrupsiya hallarının yayılması, İslamofobia və müsəlmanlara qarşı hücum faktları hələ də araşdırılmayıb və Aİ tərəfi bu problemlərə adekvat münasibət bildirməyib”.

Fhnews.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Avropa Şurasının İşgəncənin və Qeyri-insani yaxud Ləyaqəti Alçaldan Rəftar və ya Cəzanın Qarşısının Alınması üzrə Komitəsinin (İQAK) ictimai bəyanatına dair Avropa İttifaqının 11 sentyabr tarixli çıxışı ilə bağlı medianın sualına cavabında bildirib. Onun sözlərinə görə, Xarici İşlər Nazirliyi 4 iyul 2024-cü il tarixində İQAK-ın ictimai bəyanatına dair təfərrüatlı şərh verib.

“Avropa İttifaqının yenidən bu ictimai bəyanata istinadən qərəzli açıqlamalar verməsi qəbuledilməzdir və bu qarayaxma kampaniyasınını qətiyyətlə rədd edirik. Ölkəmizə qarşı bu kimi əsassız bəyanatlarla çıxış etmək əvəzinə, qarşı tərəfi Aİ üzv dövlətlərində insan hüquqlarının pozulması hallarına diqqət yetirməsini tövsiyə edirik. Aİ tərəfi Fransada “sarı gödəkçəlilər” aksiyasında etirazçıların öldürülməsi, Fransanın neokolonial siyasəti nəticəsində dənizaşırı ərazilərdə yerli əhaliyə qarşı işgəncələr, Aİ strukturlarında rüşvətxorluq və korrupsiya hallarının yayılması, İslamofobia və müsəlmanlara qarşı hücum faktları hələ də araşdırılmayıb və Aİ tərəfi bu problemlərə adekvat münasibət bildirməyib. Həmçinin təəssüf hissi ilə qeyd edirik ki, Aİ-nin himayədarlıq etdiyi Ermənistanda insanların fundamental hüquq və azadlıqlarının pozulmasına, siyasi təqiblər nəticəsində həbs edilmiş şəxslərin həbsxanalarda həyatlarını itirməsi hallarına, habelə siyasətçilər və onların ailə üzvlərinə qarşı təqiblərə Aİ-nin biganə qalması da ikili standartların bariz nümunəsidir. Qeyd edilənlər fonunda, Aİ-nin bu cür qərəzli və ədalətsiz bəyanatları Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilir. Xüsusilə də, COP29 tədbiri ərəfəsində Azərbaycana qarşı aparılan bu qarayaxma kampaniyası ölkəmizə qarşı qərəzin açıq-aşkar nümunəsidir”, - deyə Ayxan Hacızadə bildirib. XİN rəsmisi vurğulayıb ki, Azərbaycanda insanların bütün hüquqları qorunur, azadlıqdan məhrum edilmiş şəxslərin müdafiə olunması ilə yanaşı, müvafiq təcrübənin ümumi qəbul edilmiş beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində əhəmiyyətli irəliləyiş əldə edilməkdədir. O da vurğulanıb ki, Avropa İttifaqının bu barədə iddiaları tamamilə əsassızdır.

Xatırladaq ki, Avropa İttifaqı (Aİ) Avropa Şurası Nazirlər Komitəsinin 11 sentyabr tarixli iclası zamanı İşgəncənin və Qeyri-insani yaxud Ləyaqəti Alçaldan Rəftar və ya Cəzanın Qarşısının Alınması üzrə Komitənin (İQAK) 3 iyul tarixli ictimai bəyanatına istinad edərək Azərbaycanla bağlı tənqidi çıxış edib.

Paylaş: