XI Qlobal Bakı Forumunda növbəti panel iclası: “Hər kəs üçün sağlamlıq” YENİLƏNİB
XI Qlobal Bakı Forumu çərçivəsində martın 15-də “Hər kəs üçün sağlamlıq” mövzusunda növbəti panel iclası keçirilib.
Fhnews.az xəbər verir ki, iclasa Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliyev moderatorluq edib.
BMT-nin İnsanın İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmun Çatışmazlığı Sindromu üzrə Birgə Proqramının (UNAIDS) icraçı direktoru Vinni Byanyimanı çıxışında qeyd edib ki, BMT-nin qurumu olaraq bütün səbəbləri araşdırıb xəstəliklərin qarşısını almaq lazımdır. “Azərbaycan bu sahədə böyük addımlar atır. Xəstəliklərə yoluxma, həmçinin ölüm hallarının sayının azaldılması məsələlərini diqqətdə saxlayır”, - deyə UNAIDS-ın icraçı direktoru bildirib.
Beynəlxalq Atom Enerjisi Agentliyinin Baş direktorunun müavini Najat Moxtar xərçəng xəstələrinin müalicəyə çıxışı imkanlarından danışıb.
Səhiyyəyə investisiyanın insana qoyulan sərmayə hesab edildiyini deyən Najat Moxtar bildirib: “Dünyada 30 ölkənin heç bir tibbi ləvazimatı yoxdur. Ona görə də bu ölkələr xərçəng xəstələrinin müalicəsini həyata keçirə bilmir. Həmin xəstələr yalnız başqa ölkələrə gedib müalicə aldıqları təqdirdə həyatlarını davam etdirə bilirlər. Bizə 80 ölkədən dəstək üçün müraciət edilib. Bunlar əsasən Afrika ölkələridir”.
Səhiyyədə tədqiqatların vacibliyini qeyd edən Najat Moxtar bunun üçün kifayət qədər maliyyələşmənin olmadığını söyləyib.
Azərbaycanın səhiyyə naziri Teymur Musayev çıxışında “Hər kəs üçün sağlamlıq” konsepsiyasının Azərbaycanda keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz qayıtmalarının təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Azərbaycan hökuməti işğaldan azad edilən ərazilərin təmir-bərpası istiqamətində misli görünməmiş yenidənqurma işləri aparır. Azərbaycanın Səhiyyə Nazirliyi Ümumdünya Səhiyyə Təşkilatı ilə birlikdə işğaldan azad edilən ərazilərə əhalinin sağlam inteqrasiyası üçün psixoloji dəstək layihəsinə başlayıb.
Nazir, həmçinin diqqətə çatdırıb: “Biz “Hər kəs üçün sağlamlıq” adlı yeni dövrə qədəm qoyuruq. Bu da sağlamlıq üçün məsuliyyətli qərarların qəbulunda hər birimizin fəal iştirak etməsi deməkdir. “Hər kəs üçün sağlamlıq” anlayışı yalnız hökumətlərə ünvanlanan fundamental məsuliyyət kimi qəbul edilməməlidir. Vətəndaşlar sağlam həyat tərzi proqramlarında fəal iştirak etməyə və sağlamlıq üçün məsuliyyəti hökumətlərlə bölüşməyə təşviq edilməlidir”.
Azad edilmiş torpaqların işğal dövründə mina və digər partlayıcı maddələrlə hədsiz dərəcədə çirkləndirilməsinin Böyük Qayıdış Proqramında nəzərdə tutulan tədbirlərin vaxtında həyata keçirilməsinə maneə törətdiyini vurğulayan Teymur Musayev İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra 350-dən çox vətəndaşımızın mina partlayışlarının qurbanı olduğunu deyib.
Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviç diqqətə çatdırıb ki, dünya ictimaiyyəti bir məsələdən digər məsələyə keçir. Yəni, biz bir hadisəni digəri ilə asanlıqla əvəz edə bilirik. Məsələn, dünyada baş verən müharibələr qısa müddət ərzində COVID-19 pandemiyasını unutdurdu.
O, növbəti pandemiyaya hazır olmağımızın, onu diqqətdə saxlamağımızın vacibliyini vurğulayıb.
Çoxvektorlu əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edən Kolinda Qrabar-Kitaroviç məlumat və rəqəmsal alətlərin rolundan da danışıb.
Misirin sabiq ailə və əhali naziri Muşira Xattab səhiyyənin, təhsilə əlçatanlığın insan hüquqları olduğunu deyib. “"Hər bir ölkə bunu təmin etməli, bərabərsizliyin qarşısını almalıdır. Hamıya bərabər şəkildə yanaşılmalı, genderə, dini inanclara, irqi, irsi, fiziki duruma görə ayrı-seçkilik edilməməlidir. İnsan hüquqlarının bərpası ilə parçalanmış dünyanı bərpa edə bilərik. Odur ki, yeni sistem qurmalı, monitorinq və nəzarət həyata keçirməliyik”, - deyə nazir əlavə edib.
Qırğızıstanın sabiq Baş naziri Comart Otorbayev öz növbəsində bildirib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi təşkilat kimi mükəmməl inkişaf edib.
O bildirib ki, biz hazırda parçalanmış, bölünmüş səhiyyə sistemi olan dünyada yaşayırıq.
COVID, vərəm kimi xəstəliklərlə mübarizədə görülən tədbirlərdən bəhs edən Comart Otorbayev bildirib ki, dünya sanki bir qorxu kölgəsində yaşamaqdadır. Bəşəriyyətin yoluxucu xəstəliklərdən xilas ola bilməsi üçün bütün dünya birgə mübarizə aparmalıdır.
Moldovanın sabiq Baş naziri Kirill Qaburiç dünyanı düzgün prioritetlər müəyyənləşdirməyə, qlobal dialoq qurmağa çağırıb. Deyib ki, COVID bizə bəşəriyyət kimi kövrək olduğumuzu göstərib. O, vaksinlərin paylanılmasındakı bərabərsizlikdən də söz açıb.
Aİ-nin ali nümayəndəsi...
Milli Məclis sədrinin müavini TBMM-in...
Pakistanın Hüquq və Ədalət...
Azərbaycanın xarici işlər naziri...
Azərbaycan, Türkiyə və Gürcüstan...