4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

XI Qlobal Bakı Forumu çərçivəsində “Regional perspektivlər: Avropa İttifaqı və onun qonşuları” mövzusunda panel iclası keçirilib

16-03-2024

Azərbaycan Respublikası Prezidentinin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən XI Qlobal Bakı Forumu martın 16-da öz işini panel iclaslarla davam etdirir.

Fhnews.az xəbər verir ki, Sloveniyanın sabiq Prezidenti Borut Pahorun moderatorluğu ilə keçirilən günün ilk, ümumilikdə isə səkkizinci panel iclasıında “Regional perspektivlər: Avropa İttifaqı və onun qonşuları” mövzusunda geniş müzakirələr aparılıb.

Avropa İttifaqına üzvlük məsələsinə münasibət bildirən Münxen Təhlükəsizlik Konfransı Fondu Şurasının prezidenti Volfqanq İşinger vurğulayıb ki, Aİ-nin sıralarının genişlənməsi özü ilə sülh gətirməlidir. Müharibələr, münaqişələr artdıqca, istər-istəməz bütün qitələrə təsir edir. O, burada söhbətin Qərbi Avropada, Balkan regionunda baş verənlərdən getdiyini də qeyd edib. Vurğulayıb ki, müharibə amili qarşıya yeni çağırışlar qoyur.

Zamanın məhdud olduğunu diqqətə çatdıran V.İşinger deyib: “Bizə möhlət verilməyib və hər dəqiqə qiymətlidir. Müharibələr, münaqişələr nəticəsində on minlərlə insan həyatını itirib. Düşünürəm ki, sülhün təmin olunması istiqamətində danışıqlar düzgün formada aparılmır”.

Onun sözlərinə görə, Avropanın ilkin ideyası inteqrasiya ilə bağlıdır və Lissabon Sammiti Avropa İttifaqına yeni üzvlərin qəbul edilməsinə qadağa qoymur.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sabiq üzvü Mladen İvaniçin fikrincə, Avropa İttifaqının üzvlərinin sayının artması sabitlik şəraitində mümkündür.

İnteqrasiya məsələsinə toxunan M.İvaniç ölkəsinin yaxın zamanlarda Aİ-na üzv olmasını imkansız hesab edib. Bildirib ki, müəyyən problemlər həll olunarsa, üzvlük prosesi sürətlənə bilər. Bu olmasa, region liderləri avtokrat olacaq. Aİ çox fəal olmalıdır və qonşularla əlaqələri genişləndirməyə cəhd etməlidir.

Avropa İttifaqının dəyişikliklər dövrünə qədəm qoyduğunu diqqətə çatdıran Monteneqronun sabiq Prezidenti Milo Cukanoviç hazırda siyasi dəyişikliklərin baş verdiyini deyib.

Avropa İttifaqının Atlantik okeanda mövcudluğunu isbat etməli olduğunu vurğulayan sabiq Prezident deyib ki, əsas məsələ Aİ-nin təsisat olaraq üzv ölkələrin təhlükəsizliyini qoruyub-qorumaması ilə bağlıdır.

Avropa İttifaqı üçün ilkin prioritetin Qərbi Balkan regionunun olduğunu vurğulayan Forum iştirakçısı bu bölgədə son 10 il ərzində vəziyyətin daha da gərginləşdiyini xatırladaraq bildirib: “Biz etnik cəmiyyətlərin hökm sürdüyü bir zamanda yaşayırıq. Əgər Avropa İttifaqı dağılsa, bu, Qərbi Balkan regionunda böyük güclərin cəmləşməsinə gətirib çıxara bilər. Mən özüm Avropa İttifaqının gələcəyinə inanmıram”.

“Dünyanın son 20 ildə necə dəyişdiyinin şahidiyik”, - deyən Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov diqqətə çatdırıb ki, Avropa İttifaqı Qərbi Avropa ölkələrinin inkişafına xidmət etmək üçün yaradılıb. O bildirib ki, Avropa İttifaqı böyük səhvlərə yol verməklə qitədə dağıdıcı müharibələrə səbəb olub. Sabiq Prezident Brüsselin bürokratik səhvlərini indi ölkələrin hiss etdiyini vurğulayıb. Deyib ki, Avropa İttifaqı qonşularının da maraqlarını müdafiə etməlidir.

Xorvatiyanın sabiq prezidenti İvo Yosipoviç isə qeyd edib ki, Qərbi Balkan ölkələri Avropa İttifaqına ən yaxın ölkələrdir. Ancaq Avropa İttifaqı (Aİ) Qərbi Balkan regionu ilə natamam qalacaq. Aİ-nin strateji və təhlükəsizlik problemləri var. Bu İttifaqın ölkələrlə bağlı mövqeyi aydın deyil.

İttifaqa üzv olmaq istəyən ölkələrin heç də hamısının bütün meyarlara cavab verə bilməyəcəyini bildirən Forum iştirakçısı hazırda Avropa İttifaqının vahid xarici təhlükəsizlik konsepsiyasının olmadığını qeyd edib. Onun sözlərinə görə, Aİ siyasi oyunçu kimi mühüm rol oynamaq istəyirsə, sıralarını daha da genişləndirməlidir.

“Bosniya və Herseqovina ilə danışıqların tezliklə başlanması vacibdir. Bəzi ölkələrdə islahatlar yetərincə deyil. Biz artıq islahatlar aparmalıyıq. Türkiyəni Avropa İttifaqına qəbul etmirlər. Mən buna təəssüflənirəm. Türkiyənin Avropa İttifaqında olmasından daha çox fayda götürə bilərik”, - deyə İvo Yosipoviç vurğulayıb.

Maltanın sabiq Baş naziri Cozef Muskat diqqətə çatdırıb ki, qlobal problemlərin hökm sürdüyü dünyamızda əsas problemlərdən biri də ortaq məxrəcə və ya kompromisə gəlməməkdir.

“Biz böyük ailənin üzvləriyik”, - deyən sabiq Baş nazir vurğulayıb ki, birləşdirilmiş səylər, inteqrasiya və uzlaşma ilə bir araya gəlmək mümkündür. C.Muskat Avropa İttifaqına üzvlüklə bağlı təhlükəsizlik məsələsinin qaldırılmasını düzgün hesab etmədiyini də əlavə edib.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Baş katibi Lazar Komanesku söyləyib ki, Avropa İttifaqına üzvlük, qonşuların sayının artırılması strateji hədəflərə əsaslanmalıdır. Hamımız üzvlüklə bağlı Türkiyəyə qarşı edilənləri yaxşı bilirik.

Onun sözlərinə görə, Avropa İttifaqı qonşularla münasibətdə üzvlüklə bağlı müəyyən konsepsiya hazırlamalıdır və bu konsepsiya hər iki tərəfin marağına uyğun olmalıdır.

“Gəlin düşünək ki, Aİ bizə lazımdırmı? Məsələn, mənim ölkəmin Aİ-yə üzvlüyünün ona nə verəcəyi bizi düşündürür. Şəxsən mənim bununla bağlı tərəddüdlərim var”, - deyə Lazar Komanesku vurğulayıb.

Qərbi Avropada və Balkan regionunda baş verən hadisələrdən təəssüfləndiyini dilə gətirən Albaniyanın sabiq Prezidenti İlir Meta regionda sabitliyin pozulmasının yaxşı hal olmadığını və istər-istəməz qonşularda da təşviş yaratdığını diqqətə çatdırıb.

Aİ-yə üzvlük məsələsi ilə bağlı fikirlərini bölüşən forum iştirakçısı ortaq prinsiplərə riayət edilməsinin vacibliyini vurğulayıb.

“Münaqişə ocaqlarında terrorçu qrupların fəaliyyəti narahatlıq doğurur. Bunun qarşısı alınmalıdır”, - deyə Albaniyanın sabiq Prezidenti qeyd edib.

İnkişaf üzrə sabiq Avropa komissarı, enerji üzrə sabiq Avropa komissarı Andris Piebalgs bildirib ki, Avropa İttifaqına üzvlüklə bağlı vaxt qoyulmalıdır. “Düşünürəm ki, qonşular üzv olduğu təqdirdə, Aİ tərəfindən onlara dəstək göstəriləcək. Aİ-yə üzvlük yeni pəncərədən yeni imkanlar deməkdir”, - deyə o qeyd edib.

Panel iclası müzakirələrlə davam edib və iştirakçıların sualları cavablandırılıb.

Paylaş: