4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Türkiyə mediası: Şuşa Zirvə görüşü Türk dünyasının birliyinin qətiyyətli nümayişidir

05-07-2024
IMG

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin liderlərinin Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşü türk dövlətlərinin əlaqələri daha da genişləndirməyə hazır olduğuna dair dünya ictimaiyyətinə veriləcək bir siqnaldır.

Fhnews.az xəbər verir ki, bu barədə “TRT Haber” telekanalının Azərbaycanın mədəniyyət paytaxtında keçiriləcək Zirvə görüşünə həsr olunmuş reportajında deyilir.

Telekanal “XXI əsrdə türk dövlətlərinin inkişafına ümumi yanaşmaları gücləndirəcək” ikigünlük tədbirin gündəliyinin əhəmiyyətinə diqqət yetirir.

Türkiyə Araşdırmalar Vəqfinin sədr müavini, dosent Enes Bayraklı Şuşanın işğalı dövrünü təkcə Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün dərin travma adlandırır.

“Azərbaycanın mədəniyyət paytaxtının azad edilməsi bütün türk dövlətləri üçün bayrama çevrildi. Bakı dünyaya nümayiş etdirdi ki, əgər tarixi hüquqların bərpası kursu dəyişməz qalsa, ədalət mütləq zəfər çalacaq. Azərbaycanın tarixi torpaqlarının işğaldan azad edilməsi həm də zülm altında olan bütün xalqlar üçün örnəkdir”, -deyə vəqfin sədr müavini vurğulayıb.

Bayraklı türk dövlətləri rəhbərlərinin Şuşaya toplaşaraq sıx əməkdaşlıq və inteqrasiya niyyətlərini nümayiş etdirəcəklərinə əminliyini ifadə edib.

Reportajda Bayburt Universitetinin Tarix fakültəsinin müəllimi, dosent Ramin Sadıq Şuşa şəhərinin Azərbaycan xalqı üçün tarixi əhəmiyyətinə diqqət çəkib. O deyib: “Şuşa Azərbaycan mədəniyyətinin rəmzidir, onun beşiyidir. Azərbaycanın Vətən müharibəsindəki Qələbəsi həm də Türk dünyasının birliyi üçün mühüm təkan oldu”. Ekspert Qarabağın işğaldan azad edilməsindən sonrakı dövrdə türk dövlətlərinin öz aralarında çoxsaylı müqavilələr imzaladığını da xatırladıb.

Eyni zamanda, TDT-ə üzv olan bir sıra ölkələr Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının bərpasına töhfə vermək qərarına gəliblər.

Ekspert Qazaxıstan və Özbəkistan tərəfindən Azərbaycanın Füzuli rayonunda təhsil müəssisələrinin tikintisini, eləcə də Qırğızıstanın Ağdam rayonunda Ermənistanın işğalından azad edilmiş Xıdırlı kəndində inşa edəcəyi orta məktəbin təməlinin qoyulması faktlarını buna nümunə göstərib. Onun sözlərinə görə, Şuşanın azad edilməsinin özü hərbi şücaət və peşəkarlıq nümunəsidir ki, bu da dünyanın bütün hərbi məktəblərində öyrənilməlidir.

R.Sadıq hesab edir ki, Azərbaycanda keçirilən TDT ölkələri liderlərinin qeyri-rəsmi Zirvə görüşü münaqişələri dondurmaq və ya uzatmaq istəyən ölkələrə açıq mesaj verəcək.

O, Şuşada keçiriləcək sammitin əhəmiyyətini artıran digər amilin Şimali Kipr Türk Respublikasının (ŞKTR) Prezidenti Ersin Tatarın da iştirakının olacağını qeyd edib.

Ekspert bildirib: “ŞKTR lideri rəsmi olaraq Zirvə görüşündə ilk dəfə iştirak edir. Kipr türkləri də Qarabağdakı azərbaycanlılar kimi etnik təmizləmə siyasəti ilə üzləşiblər. Ona görə də Şuşa sammiti onların hüquqlarının təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir”. Bayburt Universitetinin müəllimi Bakının Lefkoşa ilə əlaqələrin inkişafı istiqamətində atdığı addımları da yüksək qiymətləndirib.

Telekanal diqqəti Şuşada keçiriləcək Zirvə görüşünün yekunlarına dair imzalanması planlaşdırılan əlamətdar Qarabağ Bəyannaməsinin əhəmiyyətinə də çəkib.

 
Paylaş: