Şuşada Türk Xəbər Agentlikləri Alyansının İcraiyyə Komitəsinin 1-ci iclası keçirilib
İkinci Şuşa Qlobal Media Forumu çərçivəsində iyulun 21-də Türk Xəbər Agentlikləri Alyansının İcraiyyə Komitəsinin 1-ci iclası keçirilib.
Alyansın Baş katibi Elşən Şahbalayevin moderatorluğu ilə keçirilən iclasda çıxış edən Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri Vüqar Əliyev Türk Xəbər Agentlikləri Alyansının İcraiyyə komitəsinin ilk iclasının Türk dünyasının media sahəsində tarixi iz qoyan hadisələrdən biri olduğunu deyib.
Vüqar Əliyev qeyd edib ki, Türk dövlətləri arasında bütün sahələrdə sıx əməkdaşlığın şahidiyik. İnformasiya sahəsində də əlaqələr genişlənir, bir sıra birgə layihələr həyata keçirilir. Ötən ilin noyabrında İstanbulda Türk Xəbər Agentlikləri Alyansının yaradılması da bu istiqamətdə atılan mühüm addımlardan biridir. Aparıcı xəbər agentlikləri olaraq biz informasiya sahəsində ölkələrimiz haqqında daha dəqiq və operativ informasiya məkanı formalaşdıra bilərik.
İclasda iştirak edən hər bir agentliyin bir-biri ilə ikitərəfli qaydada əməkdaşlıq etdiyini vurğulayan İdarə Heyətinin sədri bildirib: “Bununla belə, ATNA Türk dünyası xəbərlərinin toplandığı, ümumi fəaliyyətlərimizin koordinasiya olunduğu, birgə layihələrin hazırlandığı bir struktur rolunu oynamalıdır ki, bizim informasiya sahəsində birgə səylərimiz ölkələrimizin daha da yaxınlaşmasına xidmət etsin”.
Anadolu Agentliyinin İdarə Heyətinin üzvü Yusuf Özkır Türk Xəbər Agentlikləri Alyansının (ATNA) İcraiyyə Komitəsinin iclasının Şuşa şəhərində keçirilməsinin önəmini vurğulayıb.
2023-cü il noyabrın 6-da ATNA-nın yaradılması üçün Anadolu Agentliyinin rəhbərliyi ilə uğurlu iş aparıldığını diqqətə çatdıran Y.Özkır deyib: “Türk dünyasının informasiya agentlikləri arasında dezinformasiya ilə mübarizədə, mədəniyyət və digər istiqamətlərdə, xüsusilə təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi mühüm əhəmiyyət daşıyır. Qarşılıqlı təlim və birgə layihələr ATNA-ya üzv ölkələr üçün faydalı olar”.
Şuşaya ilk dəfə səfər etdiyini deyən Qazaxıstanın "Qazkontent" Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Bekzat Zhusip şəhərin bərpa olunduğunu sevindirici hal kimi qiymətləndirib.
Anadolu Agentliyindəki həmkarlarının təşəbbüsü ilə bir neçə tədbirin keçirildiyini vurğulayan Bekzat Zhusip bu yaxınlarda Türkiyədə “Müharibə dövründə jurnalistika” təlimlərin təşkil edildiyini diqqətə çatdırıb. “Biz də belə layihələr təşkil etməliyik ki, münasibətlərimizi daha da möhkəmləndirək”, - deyə o bildirib.
Dünyanın çətin dövr yaşadığını deyən Qırğızıstanın “Kabar” Milli İnformasiya Agentliyinin baş direktoru Mederbek Şermetəliyev türkdilli dövlətlər və xalqlar arasında qarşılıqlı faydalı əməkdaşlığın və qardaşlıq əlaqələrinin qurulması üçün əlverişli şəraitin olduğunu vurğulayıb.
Özbəkistanın UZA agentliyinin baş redaktoru Durdona Salixova, Macarıstanın MTİ agentliyinin yaradıcı direktoru Robert Karaş ATNA üzvləri ilə bütün sahələrdə əməkdaşlıq etməyə hazır olduqlarını, bu əməkdaşlığın Türk dünyası üçün mühüm məqsədə xidmət edəcəyinə inandıqlarını bildiriblər.
İclas zamanı üzv agentliklər Alyansın loqosu ilə bağlı layihələri, veb-saytın konsepsiyasını, birgə təlim proqramlarını və gündəlikdə duran digər məsələləri müzakirə ediblər.
Qeyd edək ki, ATNA 2023-cü ilin noyabrında İstanbul şəhərində keçirilmiş Baş Assambleyada Azərbaycanın AZƏRTAC, Türkiyənin Anadolu, Qazaxıstanın “Qazkontent”, Qırğızıstanın “Kabar” və Özbəkistanın “UzA” agentlikləri tərəfindən təsis edilib.
Alyansın məqsədi üzv agentliklər arasında informasiya mübadiləsini gücləndirmək, birgə təlim proqramları həyata keçirmək, müsabiqələr təşkil etmək, Türk dünyası haqqında xəbərləri dünya informasiya məkanında yaymaqdır.
Aİ-nin ali nümayəndəsi...
Milli Məclis sədrinin müavini TBMM-in...
Pakistanın Hüquq və Ədalət...
Azərbaycanın xarici işlər naziri...
Azərbaycan, Türkiyə və Gürcüstan...