4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Şuşa Forumunda süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri müzakirə edilib YENİLƏNİB

22-07-2024
IMG

“Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda təşkil olunan 2-ci Şuşa Qlobal Media Forumu iyulun 22-də işini panel sessiyalarla davam etdirib.

Fhnews.az xəbər verir ki, “Süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri: Media savadlılığının təşviqi” adlı sessiya “Haber Global”ın aparıcısı Saynur Tezelin moderatorluğu ilə keçirilib.

Süni zəka ilə media arasında əlaqənin qurulmasının indiki zamanda çox vacib olduğunu deyən Afrika İttifaqı Komissiyasının informasiya və kommunikasiya direktoru Leslie Richer bildirib ki, süni zəka rəqəmsal məkanda mövcud yanlış məlumatları doğru kimi təqdim edir. “Biz informasiya çatışmazlığının qurbanı olmuşuq. İnsanlar Afrika haqqında kifayət qədər məlumatlı deyillər. Mövcud xəritələrdə Afrika kiçik bir ərazi kimi göstərilir. Qitələr sanki dini, irqi meyarlara görə bölünür. Bu, doğru deyil, ədalətli yanaşma tələb edir. Ona görə də Afrika İttifaqı olaraq biz 2024-cü ildə kontinental strategiya qəbul etmişik. Bununla biz qlobal rəqəmsal platformanın işinə töhfə vermək istəyirik. Vikipediya ilə sıx əməkdaşlıq edirik ki, nəticə etibarilə süni zəka doğru məlumatlara istinad etsin. Süni zəkadan səmərəli istifadə etmək lazımdır. Silikon vadisində onu yaradan insanlar dünyada baş verənlərlə maraqlanmırlar. Biz texnologiya aləmində qlobal azlıq sayılırıq”, - deyə Leslie Richer vurğulayıb.

Texnologiyanın reallığa, mediaya və dezinformasiyaya təsirindən danışan “Pakistan Daily” qəzetinin redaktoru Hamza Azhar Salam isə qeyd edib: “Media sahəsində savadlı istehlakçıların yetişdirilməsinin təşviqi günümüzün prioritetlərindəndir. Lakin dil modeli olan süni zəkadan, məsələn, Pakistan-Azərbaycan münasibətlərində istifadə edə bilmərik. Dil modelləri özləri öz həyatlarını təyin edirlər”.

Süni zəkadan media savadlılığının artırılmasında istifadə edilməsinin önəminə toxunan Hamza Azhar Salam bunun dezinformasiyaya qarşı mübarizədə önəminə, həmçinin rəqəmsal əsrdə dezinformasiyanın yayılmasında süni intellektin yaratdığı problemlərə toxunub, həll yolu kimi istehlakçıların media savadlılığının artırılmasının vacibliyini vurğulayıb.

Digər çıxış edənlər - Hankuk Xarici Tədqiqatlar Universitetinin professoru Gi Woong Jung, ABŞ-ın Qlobal Siyasət İnstitutunun prezidenti Paolo Liebl Fon Şirak texnoloji tərəqqi nəticəsində məlumatın yaradılması və ötürülməsi proseslərindən danışıblar.

Bildirilib ki, məlumat ötürücülərinin sayının kəskin artması texnologiya, dezinformasiya və media savadlılığını çağdaş media mühitinin əsas anlayışları halına gətirir. Belə ki, data yaradılması və ötürülməsi sahəsində texnologiyaların geniş tətbiqi rəqəmsal media mühitini xüsusilə mürəkkəbləşdirir, dezinformasiyanın əhatə dairəsini önəmli dərəcədə genişləndirir, istifadəçilərə məlumat istehlakçısı ilə yanaşı, istehsalçısı statusu qazandırır.

Sessiyada, həmçinin texnologiya və media sahələrinin nümayəndələrinin, elm xadimlərinin iştirakı ilə dezinformasiyanın yayılmasında və qarşısının alınmasında rol oynayan texnologiyalar, süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri, eyni zamanda, media savadlılığının dezinformasiyaya qarşı mübarizədə önəmi, rəqəmsal əsrdə dezinformasiyanın yaradılmasında və yayılmasında süni intellektin yaratdığı imkanlara qarşı həll yolu kimi istehlakçıların media savadlılığının artırılması, bu istiqamətdə müxtəlif tərəflərin səmərəli əməkdaşlıq modelləri müzakirə edilib.

Qeyd edək ki, 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyinin, 3 beynəlxalq təşkilatın və 82 media qurumunun nümayəndələrinin qatıldıqları Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayır.

Paylaş: