Strateji tərəfdaşlıq xarakteri daşıyan Azərbaycan-İtaliya əlaqələrinin dinamik inkişafı davam edir
Dünyada etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınan Azərbaycan səmərəli ikitərəfli münasibətlərə və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinə üstünlük verir. Bu baxımdan bir çox dövlətlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirir, respublikamızla müxtəlif sahələri əhatə edən əlaqələrin inkişafına böyük önəm verirlər.
İtaliya ilə qarşılıqlı faydalı münasibətlər də ölkəmizin xarici siyasət kursunda xüsusi yer tutur.
Fhnews.az xəbər verir ki, AZƏRTAC Azərbaycan-İtaliya əlaqələrinə qısa nəzər salır.
Möhkəm dostluq və əməkdaşlıq ənənələri Azərbaycan ilə İtaliya münasibətlərini təcəssüm etdirir. Bu münasibətlər qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, bir-birinin maraqlarına hörmət prinsiplərinə əsaslanır. Hər iki ölkənin rəhbərlərinin qarşılıqlı səfərləri münasibətlərin inkişafına böyük təkan verir.
Siyasi münasibətlər
Tarixə nəzər salsaq görərik ki, Ulu Öndər Heydər Əliyevin 1997-ci ilin sentyabrında İtaliyaya ilk rəsmi səfəri iki dövlət arasında bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi üçün əhəmiyyətli addım olub. Həmin səfər zamanı Heydər Əliyev İtaliya Prezidenti, Baş nazir, Senatın və Deputatlar Palatasının sədrləri ilə görüşüb. İtaliya rəhbərləri Heydər Əliyevlə söhbət zamanı Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə ədalətli həllinə və Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına tərəfdar olduqlarını bildiriblər. Ulu Öndərin İtaliyaya səfəri nəticəsində iki dövlət arasında siyasi, iqtisadi, mədəni və texniki əməkdaşlıq üzrə yeddi saziş imzalanıb. Beləliklə, qarşılıqlı münasibətlər və əlaqələr artan xətt boyu inkişaf etməyə başlayıb, bir sıra səfərlər həyata keçirilib.
Ümumiyyətlə, ölkələrarası münasibətlərdə qarşılıqlı səfərlər xüsusi əhəmiyyətə malikdir. Bu mənada Azərbaycan ilə İtaliya arasında yüksək səviyyəli qarşılıqlı səfərlər münasibətlərimizin dinamikasını nümayiş etdirən növbəti amildir. Belə ki, İtaliya Prezidenti Sercio Mattarellanın 2018-ci ilin iyulunda Azərbaycana ilk dövlət səfəri də əlaqələrimizin inkişafında xüsusi yer tutur. Bu səfərdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin fevralında İtaliyaya dövlət səfəri reallaşdı. Beləcə qarşılıqlı münasibətlər daha sıx xarakter daşımağa başladı. Dövlətimizin başçısının 2022-ci ildə İtaliyaya növbəti səfəri iki ölkə arasında əlaqələrin dinamik şəkildə inkişaf etdiyini göstərir. Həmin səfər zamanı İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə əlaqədar imzalanmış sənədlərin mübadiləsi mərasiminin keçirilməsi, həmçinin dövlətimizin başçısının Çernobbio şəhərində keçirilən beynəlxalq forumda iştirakı və çıxışı, həmçinin bu ilin iyununda İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan “C-27J Spartan” tipli hərbi nəqliyyat təyyarəsinin ölkəmizə təhvil verilməsi və digər faktlar iki ölkə arasında əməkdaşlıq sahələrinin genişlənməsinin bariz nümunəsidir. Qeyd olunmalıdır ki, İtaliyanın dövlət və hökumət nümayəndələri, o cümlədən nazir və nazir müavinləri də Azərbaycana mütəmadi olaraq səfərlər həyata keçirirlər.
İqtisadiyyat və energetika
Ölkələrimizin enerji sahəsində əməkdaşlığı da yüksək səviyyədədir. İtaliya Azərbaycandan xam neft və neft məhsullarının ixracında ən iri ticarət tərəfdaşına çevrilib. Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Adriatik qaz boru kəməri (TAP) ikitərəfli enerji əməkdaşlığını və İtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirən vacib amildir. Ötən il TAP kəməri vasitəsilə İtaliyaya təqribən 10 milyard kubmetr qaz ixrac olunub ki, bu da Azərbaycanın bu ölkənin enerji təhlükəsizliyinə töhfəsinin təzahürüdür. Ölkəmizlə Avropa İttifaqı arasında əldə edilən razılaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan qazının tədarükü ildə azı 20 milyard kubmetrə çatmalıdır. Təbii ki, bu həcmin Avropaya çatdırılmasında Cənub Qaz Dəhlizinin bir hissəsi olan TAP da mühüm rol oynayacaq.
İki ölkə arasında ticarət dövriyyəsinin əsasını Azərbaycanın ixracatı təşkil edir. 2023-cü ildə Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsinin həcmi 15,7 milyard ABŞ dolları, o cümlədən idxalın həcmi 0,5 milyard ABŞ dolları, ixracın həcmi 15,2 milyard ABŞ dolları təşkil edib, xarici ticarət saldosu isə müsbət 14,7 milyon ABŞ dolları olub.
İtaliyanın da Cənubi Qafqaz ölkələri arasında əsas ticarət tərəfdaşı Azərbaycandır. Bu ölkənin Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 85 faizini Azərbaycan ilə ticarət təşkil edir. 2023-cü ildə İtaliya Respublikasının Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsindəki payı 30,65 faiz (1-ci yer), o cümlədən idxalda 2,76 faiz (7-ci yer), ixracda isə 44,86 faiz (1-ci yer) təşkil edib.
2024-cü ilin yanvar-iyul aylarında isə ticarət dövriyyəsinin həcmi 6,2 milyard ABŞ dolları, o cümlədən idxalın həcmi 0,3 milyard ABŞ dolları, ixracın həcmi 5,9 milyard ABŞ dolları təşkil edib, xarici ticarət saldosu isə müsbət 5,6 milyon ABŞ dolları olub.
İtaliya işgüzar dairələri, həmçinin Azərbaycanda böyük məbləğdə sərmayələr qoyur, həyata keçirilən bir sıra beynəlxalq əhəmiyyətli layihələrdə iştirak edirlər. Təkcə onu demək kifayətdir ki, Azərbaycanda 100-dən çox İtaliya investisiyalı kommersiya qurumu sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət, xidmət və digər sahələrdə fəaliyyət göstərir.
Ötən il fevralın 13-də Azərbaycanın müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində Prezident İlham Əliyev deyib: “Onu da bildirməliyəm ki, bizim əməkdaşlığımız təkcə energetika sahəsi ilə məhdudlaşmır. İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Hazırda Bakıda Azərbaycan-İtaliya Universitetinin yeni binası inşa edilir. Azad edilmiş torpaqlarda bərpa-yenidənqurma işlərində İtaliya şirkətləri çox fəal iştirak edirlər - dini abidələrin bərpası və tikintisi, qələbə muzeylərinin tikintisi və dizaynı. Yəni, bu, doğrudan da çox strateji tərəfdaşlıqdır və əlbəttə ki, bugünkü mərasim bunu bir daha göstərir”.
Bu ilin mayında İtaliya Senatında təşkil olunan “Azərbaycan, İtaliya, Aİ: ikitərəfli əməkdaşlıq və enerji təhlükəsizliyi" mövzusunda forum ölkələrarası əməkdaşlıqda müxtəlif istiqamətlərin müzakirəsi baxımından da əhəmiyyətli oldu.
Humanitar əlaqələr
Humanitar sahələrində əlaqələrə gəldikdə, deməliyik ki, mədəniyyət sahəsində iki ölkə arasında münasibətlər də uğurla inkişaf edir. 2012-ci ildə Romanın görkəmli “Villa Borghese” parkında dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin açılışı olub. Bu abidə “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 dekabr tarixli Sərəncamına əsasən ucaldılıb. Həmin Sərəncama əsasən, Nizami Gəncəvinin yubileyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə 2012-ci ilin aprelində abidənin açılışı olub. Mədəni əlaqələrdən danışarkən, Heydər Əliyev Fondunun təşəbbüsü ilə bərpa edilən Müqəddəs Marçellinio və Pietro katakombalarını da xüsusi qeyd etmək lazımdır. Bu baxımdan Vatikanda Heydər Əliyev Fondunun və şəxsən Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bəşəriyyət üçün dəyərli əsərlərin qorunması, gələcək nəsillər üçün saxlanılması istiqamətindəki səyləri çox yüksək qiymətləndirilir.
2020-ci ildə İtaliyada “Azərbaycan Mədəniyyət İli” elan edilməsi də ölkələrimiz arasında mədəni əlaqələrin yüksək səviyyəsinin daha bir göstəricisidir.
Azərbaycan Dillər Universitetində italyan dili tərcüməsi ixtisası və İtalyan Dili Mərkəzi fəaliyyət göstərir. Təhsil sahəsində iki ölkə arasında əldə olunmuş ən əhəmiyyətli nailiyyət Prezident İlham Əliyevin 2020-ci ilin fevral İtaliyaya dövlət səfəri zamanı Bakıda İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə bağlı razılıq əldə edilməsini göstərmək mümkündür.
İtaliya Avropada azərbaycanlı tələbələrin ali təhsil aldığı əsas ölkələrdən biridir. 2022-ci il aprelin 2-də isə Bakıda ADA Universitetinin kampusunda İtaliya-Azərbaycan Universitetinin təməlqoyma mərasimi keçirilib. Bu universitet ölkələrimiz arasında təhsil sahəsində əlaqələri daha da gücləndirəcək.
Beləliklə, qədim tarixə malik olan Azərbaycan–İtaliya mədəni əlaqələri müstəqillik illərində daha da inkişaf edir. Bu əlaqələrin möhkəmləndirilməsində Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın böyük xidmətləri var. Əlbəttə, Azərbaycan–İtaliya mədəni əlaqələri bunlarla yekunlaşmır. Bu əlaqələr xalqlarımızın, dövlətlərimizin bir-birinə yaxınlaşmasında da əhəmiyyətli rol oynayır.
Bir sözlə, Azərbaycan-İtaliya münasibətləri hazırda yeni inkişaf mərhələsini yaşayır, strateji tərəfdaşlığa əsaslanan əlaqələrin möhkəmlənməsi üçün yeni səhifələr açılır. Əminliklə demək olar ki, strateji tərəfdaş olan Azərbaycan ilə İtaliya arasındakı qarşılıqlı münasibətlər bundan sonra da uğurla inkişaf edəcək.
Aİ-nin ali nümayəndəsi...
Milli Məclis sədrinin müavini TBMM-in...
Pakistanın Hüquq və Ədalət...
Azərbaycanın xarici işlər naziri...
Azərbaycan, Türkiyə və Gürcüstan...