4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Sahibə Qafarova: Parlamentlərarası İttifaq çox mühüm və birləşdirici platformadır

16-05-2024
IMG

Mayın 16-da Parlamentlərarası İttifaqın İsveçrənin Cenevrə şəhərində yerləşən mənzil-qərargahında Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Təşkilat Komitəsinin 1-ci iclası işə başlayıb.

Fhnews.az xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Azərbaycan parlamentinin sədri Sahibə Qafarova iclasda çıxış edib.

O, bu gün parlament diplomatiyasının və əməkdaşlığının əvvəlki illərlə müqayisədə miqyasını genişləndirdiyini bildirib, parlamentlərimizin həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlarda əməkdaşlıq etdiklərini və yeni mexanizmlər yaratdığını diqqətə çatdırıb. Bu mənada Parlamentlərarası İttifaqın çox mühüm və birləşdirici platforma olduğu qeyd edilib.

Parlamentlərarası İttifaqın, xüsusilə BMT ilə əməkdaşlığının hazırda parlament əməkdaşlığının nə qədər əhəmiyyətli səviyyəyə gəlib çatdığının bariz göstəricisi olduğunu deyən Milli Məclisin sədri növbəti konfransda BMT ilə Parlamentlərarası İttifaq arasında praktiki əməkdaşlığın necə gücləndiriləcəyi ilə bağlı məsələlərin nəzərdən keçiriləcəyini inamını ifadə edib. Bildirib ki, bu çərçivədə əməkdaşlığın daha sistemli, institusional və praktiki olması diqqətə alınmalıdır. Bu, təbii ki, ümumi çağırışlarla mübarizədə parlamentlərin iştirak səviyyəsini artıracaq.

BMT-də islahatların aparılmasının vacibliyini vurğulayan S.Qafarova deyib: “Dünyamızın üzləşdiyi çağırışları nəzərə alsaq, çoxtərəfli mexanizmlər birgə səylərin, həllərin irəli sürülməsində mühüm rol oynayır. Lakin biz hamımız etiraf edirik ki, bu mexanizmlər, həmçinin çoxtərəfli sistem daha güclü, daha effektiv və inklüziv olmalıdır. Təəssüf ki, bugünkü vəziyyət tələblərimizə tam cavab vermir”.

Parlamentin sədri deyib ki, çoxtərəfli sistemin əsasında dayanan BMT-nin, o cümlədən, Təhlükəsizlik Şurasının effektivliyinin artırılması üçün islahatlar aparılmalı olması barədə ümumi konsensus var. Təbii ki, bu islahatların necə olması haqqında çoxlu müzakirələr var, amma biz hələ də icra oluna biləcək real həlləri görmürük. S.Qafarova bu mənada Parlamentlərarası İttifaqın BMT-də islahatların aparılmasına dair yeni fikirlər və təkliflər hazırlamasını, bunların gələcək iş prosesində nəzərə alınmasını səsləndirib.

Təşkilat Komitəsinin iclası digər parlament sədrlərinin çıxışları ilə davam edib.

Paylaş: