4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Qərbi Azərbaycan İcması Yunanıstanla Ermənistan arasında hərbi əlaqələrin mahiyyətindən ciddi narahatlığını ifadə edib

06-03-2024

Qərbi Azərbaycan İcması Yunanıstanın müdafiə naziri Nikos Dendiasın Ermənistana son səfəri və ümumiyyətlə, bu iki ölkə arasında hərbi əlaqələrin mahiyyətindən ciddi narahatlığını ifadə edib.

Fhnews.az xəbər verir ki, bu barədə İcmanın açıqlamasında qeyd olunub.

Açıqlamada, həmçinin bildirilib: "Yayılan məlumatlara görə, səfər zamanı Yunanıstan tərəfinin Ermənistana hərbi dəstəyini artırması, o cümlədən Ermənistanın ordu idarəetməsində iştirak etməsi barədə razılıq əldə edilmişdir. Bundan əlavə, nazir Dendias Yunanıstan, Ermənistan, Fransa və Hindistan arasında dördtərəfli hərbi əməkdaşlıq formatının yaradılması səyləri barədə danışmışdır.

Ermənistanın Fransa, Hindistan və Yunanıstanın dəstəyi ilə sürətlə silahlanması, Fransa və Yunanıstanın Ermənistan ordusunun idarəetməsində rol alması, dördtərəfli hərbi əməkdaşlıq formatının yaradılması planları ciddi narahatlıq doğurur.

Yunanıstan, Ermənistan, Fransa və Hindistan arasında dördtərəfli hərbi əməkdaşlıq formatının yaradılması niyyətinə gəlincə isə qeyd edək ki, eyni regionda yerləşməyən dövlətlərin belə əməkdaşlıq formatı BMT Nizamnaməsinə və beynəlxalq hüquqa ziddir. Fransa, Hindistan və Yunanıstan bu cür addımları ilə Ermənistanı Azərbaycana qarşı növbəti hərbi təcavüzə sürükləyirlər.

Qərbi Azərbaycan İcması Ermənistan hökumətindən avantüraya getməməyi, militarist siyasətinə son verməyi, Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışına şərait yaradaraq Azərbaycanla sülh yolunu tutmağı tələb edir".

Paylaş: