4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Qərbi Azərbaycan İcması Aİ-nin nümayəndəsi Peter Stanonun qeyri-konstruktiv bəyanatını pisləyib

28-09-2024
IMG

Qərbi Azərbaycan İcması olaraq, Avropa İttifaqının (Aİ) rəsmi nümayəndəsi Peter Stanonun Ermənistanın silahlandırılmasına və Avropa İttifaqının Ermənistandakı missiyasının (EUMA) fəaliyyətinə haqq qazandıran qeyri-konstruktiv bəyanatını qətiyyətlə pisləyirik.

Fhnews.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.

Qeyd olunub ki, sərhəd məsələlərini əhatə edən bir missiya olan EUMA-nın digər sərhəd ölkəsi ilə koordinasiya edilmədən genişləndirilməsi və mandatının uzadılması qeyri-dost addımıdır.

“Bundan əlavə, missiya etnik azərbaycanlılara qarşı ayrı-seçkilik, qərəz və etinasızlıq nümayiş etdirib. Belə ki, missiyanın mandatında münaqişənin sərhəd bölgələrində yaşayan insanların vəziyyətinə təsirini araşdırmaq məsələsinin qeyd edilməsinə və dəfələrlə müvafiq müraciətlər göndərməyimizə baxmayaraq, EUMA müntəzəm patrul etdiyi Ermənistanın sərhəd bölgələrindən qovulmuş azərbaycanlıların taleyinə biganə qalmışdır.

Hərbiləşdirmə məsələsinə gəldikdə isə, vurğulayaq ki, həm Aİ, həm də onun üzv dövlətləri, ilk növbədə Fransa, Ermənistanın genişmiqyaslı silahlandırılmasını həyata keçirir. Aİ-nin “Avropa Sülh Fondu” vasitəsilə və digər yollarla etdiyi hərbi, maliyyə, inkişaf və iqtisadi yardımlar Ermənistanın Azərbaycanda on milyardlarla ABŞ dolları məbləğində dağıntılara səbəb olmuş təcavüzkar hərəkətlərinin mükafatlandırılması və onun Azərbaycana qarşı yeni hücumlara təhrik edilməsi kimi qiymətləndirilməlidir. Aİ-nin Azərbaycana mina təmizlənməsi ilə bağlı etdiyi cüzi miqdarda yardım isə Ermənistanın hərbiləşdirilməsinə edilən yardımın balansı kimi qələmə verilə bilməz.

Hamıya məlumdur ki, Ermənistan azacıq da olsa hərbi üstünlük hiss edən kimi, hərbi təcavüzə əl atır. Bu baxımdan, revanşist meyllərin güclü olduğu və təcavüzkar tarixçəyə malik Ermənistanın silahlandırılması suveren seçim kimi qiymətləndirilə və Azərbaycanın qanuni müdafiə tədbirləri ilə müqayisə oluna bilməz.

Buna görə də biz Aİ-dən geosiyasi ayırıcı xətləri regiona gətirməməyi, Ermənistanın militarizmini gücləndirməyə son qoymasını və əvəzində Ermənistanın təcavüzünün dağıdıcı nəticələrinin aradan qaldırılması üçün Azərbaycana yardım göstərməsini tələb edirik”, - deyə İcmanın bəyanatında vurğulanıb.

Paylaş: