4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Prezidentin köməkçisi Hikmət Hacıyev Brüsseldə “NATO+Azərbaycan” formatında siyasi dialoqda iştirak edib və bir sıra görüşlər keçirib YENİLƏNİB

13-06-2024
IMG

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev iyunun 12-13-də Belçikada səfərdə olub.

Fhnews.az xəbər verir ki, Prezidentin köməkçisi Hikmət Hacıyev səfər çərçivəsində NATO-nun Brüsseldəki mənzil-qərargahında müttəfiq dövlətlərin nümayəndələrinin qatıldıqları “NATO+Azərbaycan” formatında siyasi dialoqda iştirak edib.

Tədbirdə Hikmət Hacıyev müttəfiq dövlətlərin nümayəndələri ilə Azərbaycan-NATO tərəfdaşlığının hazırkı vəziyyəti və perspektivləri, ölkəmizin regional nəqliyyat bağlantılarının inkişafında, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rolu, COP29-a hazırlıq prosesi, ölkəmizin iqlim və yaşıl həmrəylik gündəliyi, eyni zamanda, Ermənistanla normallaşma prosesi və sülh gündəliyinin irəlilədilməsi ətrafında müzakirələr aparıb.

Müttəfiq dövlətlərin təmsilçiləri Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstəklərini bildirib, NATO-nun etibarlı tərəfdaşı olaraq ölkəmizin Alyansla əlaqələrini yüksək qiymətləndirib, habelə NATO-nun missiya və əməliyyatlarına töhfələrini, Ukraynaya göstərdiyi humanitar dəstəyi təqdir ediblər. Eyni zamanda, Azərbaycanın regional nəqliyyat bağlantılarında və Avropanın enerji təhlükəsizliyində mühüm rolu vurğulanıb, ölkəmizin yaşıl enerjiyə keçid və iqlim dəyişikliyinə qarşı mübarizədə səyləri alqışlanaraq COP29 sədrliyinə dəstək ifadə edilib. Onlar Azərbaycanla Ermənistan arasında normallaşma prosesini və sülh gündəliyini yekdilliklə dəstəklədiklərini bildirib, iki ölkə arasında dövlət sərhədinin delimitasiyasına dair əldə olunan son razılaşmanı yüksək qiymətləndiriblər.

Səfər çərçivəsində Hikmət Hacıyev, həmçinin NATO Baş katibinin köməkçisinin müavini Ceyms Appaturay, Baş katibin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina və Türkiyənin NATO yanında daimi nümayəndəsi Zeki Levent Gümrükçü ilə görüşlər keçirib.

Sonra Azərbaycan ilə Avropa İttifaqı arasında 5-ci Təhlükəsizlik Dialoqu təşkil olunub. Dialoq zamanı Avropa İttifaqının nümayəndə heyətinə Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibinin siyasi məsələlər üzrə müavini Enrique Mora rəhbərlik edib.

Tədbirdə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, Azərbaycan-Ermənistan normallaşma prosesi üzrə irəliləyişlər, işğaldan azad olunmuş ərazilərdə mina təhdidi ilə mübarizə, regional və beynəlxalq təhlükəsizlik məsələləri, həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf perspektivləri barədə müzakirələr aparılıb.

Aİ tərəfi Azərbaycanın postmünaqişə dövründə regionun sabitliyi və inkişafı baxımından vacib rolunu vurğulayıb, ölkəmizin Avropanın təhlükəsizliyinə töhfəsini təqdir edib, Aİ-nin ölkəmizlə müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu bildirib.

Dialoq zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyi, bərpaolunan enerji və nəqliyyat bağlantıları baxımından etibarlı tərəfdaş olduğu vurğulanıb, Azərbaycanın sədrliyi ilə Bakıda keçiriləcək COP29-un iqlim fəaliyyəti və yaşıl keçid sahəsində əməkdaşlıq üçün əlverişli imkanlar yaratdığı qeyd olunub.

Müzakirələrdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mövcud olan mina problemi ətrafında fikir mübadiləsi aparılıb, Avropa İttifaqının humanitar minatəmizləmə fəaliyyətində Azərbaycana dəstəyini davam etdirəcəyi bildirilib.

Səfər zamanı H.Hacıyev, həmçinin Belçikanın Egmont Kral Beynəlxalq Münasibətlər İnstitutunun təşkil etdiyi dəyirmi masada çıxış edib, Azərbaycan-Aİ əməkdaşlığının hazırkı gündəliyi, Azərbaycan-Ermənistan arasındakı sülh prosesi və regional məsələlər barədə iştirakçıları məlumatlandırıb.

Prezidentin köməkçisi, eləcə də Belçikanın xarici işlər nazirinin kabinetinin rəhbəri səfir Jan Hoogmartens ilə görüş keçirib. Görüşdə Azərbaycan ilə Belçika arasında ikitərəfli əlaqələrin hazırkı vəziyyəti və perspektivləri üzrə müzakirələr aparılıb.

Səfər çərçivəsində H.Hacıyev nüfuzlu kütləvi informasiya vasitələrinə müsahibələr verib.

Paylaş: